“Kids studio” bağçasında uşaqlara qarşı zorakılıq əməli törədən təbiyəçi iki ilədək həbs cəzası ala bilər.
Bu sözləri Axar.az-a “Kids Studio”da uşaqları döyən tərbiyəçiyə cinayət işinin açılması məsələsi haqqında danışan hüquqşünas Səməd Vəkilov deyib. O bildirib ki, tərbiyəçinin uşaqlara xəsarət əməli sübuta yetirilərsə, o, cinayət məsuliyyətinə cəlb oluna bilər:
“Uşaqlar tibbi ekspertizadan keçirilməlidir. Əgər ekspertiza xəsarət aşkar edərsə, təbii ki, həmin tərbiyəçi cinayət məsuliyyətinə cəlb edilə bilər. 133.1 maddəyə əsasən, mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə əməlli sübuta yetirilərsə, həmin şəxs iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyində işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi ilə bağlı bir sıra normalar mövcuddur. Konstitusiyasının 46-cı maddəsinin 3-cü bəndində qeyd olunub ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz”.
Qeyd edək ki, “Kids Studio”da uşaqlara qarşı kobud rəftarın videosu yayılıb. Uşaqlara kobud davranan tərbiyəçi Firuzə Tağıyeva işdən qovulub, bağça isə fəaliyyətini dayandırıb.