Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edib.

BAKU.WS xəbər verir ki, 2018-ci ilin çimərlik mövsümü ərzində (15 iyun – 15 sentyabr) vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dövlət dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

şəxsiyyət vəsiqəsi;

əmək kitabçası (olanlar üçün);

tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd;

sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən);

3×4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil.

Müsabiqədə Bakı, Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri və Abşeron, Xaçmaz, Siyəzən, Yevlax, Sabirabad, Salyan, Lənkəran rayonlarında qeydiyyatda olan vətəndaşlar iştirak edə bilər.
Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaqdır.

Sənədlər 2018-ci il iyun ayının 11-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir.

Əlaqə telefonları: (012) 512-17-41, (012) 512-17-35, (012) 512-17-09.

BAKU.WS

Загрузка...