Bu yaşa gəlmişəm, bir-birinin işini (əsərini) bəyənən bərbər, maşın ustası, bənna, suvaqçı, həkim, müəllim, taksi sürücüsü, şair, yazıçı (və sair və ilaxır) görməmişəm.
Burada təkcə az-maz jurnalistlər istisnadır. Onların da hamısı yox. Yenə jurnalistlərin arasında özündən başqa kiminsə yazısını bəyənən (Aydın Canıyevdən tutmuş rəhmətlik Hacı Hacıyevə qədər) adamlar tapmaq olar.
O gün bir müharibə veteranı ilə söhbətləşirdim, o da müharibədə iştirak etmiş, adı çıxmış heç bir veteranı bəyənmədi, onların xidmət və qəhrəmanlıqlarını qəbul etmədi. Belə çıxdı ki, eloğlu tək döyüşüb, yeganə kişi kimi döyüşən o olub.
“Rejimə qarşı yeganə mübarizə aparan bizik” ifadəsi sizə bir yerdən tanış olmalıdır. Həmin söhbətdir. Siyasilər də bir-birini bəyənmir, biri o birinin xidmətini qəbul etmir.
Bir dəfə diş həkiminə getmişdim, 2-3 il əvvəl özünün dişimə qoyduğu plomba baxdı, üzünü turşutdu, dedi, bunu hansı eşşək qoyub. Dedim, öz əl işindir, doktor, görünür, naşı vaxtında qoymusan… Pərt oldu, bir söz demədi.
Amma mən o psixolojini anlayıram, bilirəm ki, dantist də azərbaycanlıdır və özündən qabaq eyni işi görən adamı mütləq pisləməlidir, yoxsa bağrı çatlar.
Bu, biznes rəqabəti, yaşayış uğrunda mübarizəyə daxil olan çəkişmə-filan söhbəti deyil, bu artıq qana-genə hopmuş, özünə iliyimizdə xüsusi kod qazanmış xüsusiyyətdir, nəsildən nəsilə ötürülür.
İmtahan üçün, bu gün ortabab futbolçularımızdan biri “Barselona”ya transfer olunsun, Messiylə çiyin-çiyinə oynasın, bir ildən sonra qayıdıb gəlsin, danışdırın, görün, Messini bəyənəcəkmi? Əsla! Deyəcək, oynamağına oynayır ey, ad-sanı var, amma can yandırmır, yola verir. Deyəcəksiniz, qollar vurur axı. Deyəcək, vurmağına vurur ey, amma hamı ötürməni ona verir, o da boş qapıya vurur. Çox şey deyə bilərsiniz, amma əmin ol ki, o, Messini heç-puç eləyəcək, qara qəpik qiyməti olmayan bir futbolçu kimi təqdim edəcək.
Yavaş-yavaş gələk mətləb üstünə. Son həftələr yazıçı Kəramət Böyükçöl öz kitablarını satışa çıxarıb fantastik qiymətə satır. Lap boyanı tünd götürək, “sırıyır” deyək. Özünə qismət, xeyli də pul-para qazanıb. Hiss olunur ki, aparıb arağa-filana da verməyəcək, oturub yeni roman yazacaq.
(“Arağa-filan verməyəcək” sözünü ona görə əminliklə yazıram ki, bu ilin əvvəlində Nəsimi Nəbizadə gənc yazıçını feysbuk statusunda qonaq çağırmışdı, o da şərhdə cavab vermişdi ki, yox, gəlmirəm, gəlsəm, içirdəssən).
İndi bunun kimə nə istisi-soyuğu var? Adam öz xüsusi oxucularını tapıb, onlara baha qiymətə kitab satır. Nə birinin bazarına girir, nə o birinin kitabının satışına maneçilik törədir. Reketçilik etmir ki?
Qabaqlar belə adamlar vardı, yüksək vəzifəli şəxslər haqqında kitab yazırdılar, sonra idarə və müəssisələri qapı-qapı gəzir, kitabı müdirlərin masasının üstünə qoyub deyirdilər, bunu almalısınız. Müdir yazıq da bir yuxarıdakl portretə baxırdı, bir aşağıdakı kitaba, düz baxanda da at kimi üzünə durmuş müəllifi görürdü, axırda çıxarıb 50-100 manat verir, “ədib”i yola salırdı. Yaramazlar arada müəssisələrə, dükanlara büst satışı işinə də girişmişdilər.
Bu kitab-büst sırıma trendi o qədər yayğınlaşmışdı ki, axırda YAP təlimat verdi, partiyanın qurucuları haqqında kitab yazmağı yasaqladı. Yoxsa ki, vallahi, bu iş artıq xüsusi sənaye sektoruna dönməkdəydi.
Kəramət isə heç kəsi məcbur eləmir, öz kitabını satır.
Əslində pozitiv addımdır, sadəcə, adam gərək utanmasın. Utananın kitabı əlində qalar. Çox adam abrına qısılır, utanır, amma yazıçımız bir çox komplekslərini dəf edib, öz istedadına əmindir, bu addımı ilə də ədəbiyyatda yeni cığır açıb.
Ona görə də Kəraməti və onun addımını bəyənməməyin yeri yoxdur. Onsuz da heç kəsin heç kəsi bəyənmədiyi bir ölkədə və zəmanədə kimisə bəyənməmək üçün mütləq başqa səbəblər tapılacaqdı.
Əksinə, onun bu addımını örnək götürmək, genişlətmək, kampaniyaya çevirmək lazımdır. Qoy pulu bir az çox olan, kitab oxumağı da sevən adamlar ədəbiyyat sektoruna bu sayaq töhfə-ianə versinlər. Heç zad olmaz.