Sərdar Cəlaloğlu: “Elmdə düzgün təşkilatlanma yoxdur”
İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti və vitse-prezidentləri yenidən seçiləcək. AMEA-nın bir çox elmi işçiləri hesab edirlər ki, hazırkı prezident Akif Əlizadə tam dəstək alaraq, yenidən prezident olacaq. Lakin bunun əksini düşünüb, Akif Əlizadəni prezident kimi görmək istəməyənlər də var. 1934-cü il təvəllüdlü Akif Əlizadə AMEA-nın prezidenti olmaqla yanaşı, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.
İctimaiyyətdə belə bir fikir də yayılıb ki, ölkədə gənc alimlər sıxışdırılır. Onlar rəhbər vəzifələrə gətirilmir.
AMEA kimi quruma rəhbərliyi gənc alimlər edə bilməzmi?
“Yeni Müsavat”a danışan siyasətçi, bir neçə elmi əsərin müəllifi Sərdar Cəlaloğlu bildirib ki, dünyanın ən böyük kəşflərini edən adamlar bunu 70-80 yaşından sonra bacarıb:
“Yaşın axı məsələyə nə aidiyyəti var?
Nobel mükafatları laureatlarının yaşına baxın görün onların neçə yaşı var. Söhbət bu adamın elmə qayğısından getməlidir. Azərbaycan Elmlər Akademiyasına sözün həqiqi mənasında alim etikası daşıyan, respublikada elmi-ictimaiyyət tərəfindən alim kimi qəbul edilən hörmətli bir adam seçilməlidir ki, elmi təşkil etsin. Azərbaycanda elm sovet dövrü ilə müqayisədə xeyli dərəcədə aşağı səviyyədədir. Bu o deməkdir ki, elmdə düzgün təşkilatlanma yoxdur. Əslində akademiya sözünün yaranması qədim dövrə bağlanır. Vaxtilə Platon Akademiya adlı adamdan bir bağ alıb.
O da tələbələrə dərs deyirdi. Elə həmin vaxtdan tələbələrin, elm adamlarının yığışdığı bu cür yerlər akademiya adlanmağa başlayıb. Orada tələbələr təkcə təhsil almırdı. Həm də təhlil edib, elmi-fəlsəfi nəticələrə gəlirdilər. İndi də alimlərin bir yerə yığışması akademiya adlanır. Amerikada da indiki dövrdə ictimai akademiyalar var. Lakin onlar bizdəki kimi deyil. Orada sadəcə olaraq akademiya qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir. Kimlərsə ora üzv olurlar və akademiya da oradakı alimlərin işlərini təbliğ edir. Bizdə isə akademiya dövlət strukturudur. Xaricdə belədir ki, zavod fabriklər fəaliyyət göstərir və müvafiq institutların işçiləri də orada iş görürlər. Əldə edilən gəlirdən həmin elm işçiləri də bəhrələnir. Azərbaycanda texnika və texnologiya inkişaf etmədiyi üçün alimlərin başqa yeri qalmır. Onlar gedib, öz elmi işlərini nəzəri olaraq akademiyada görürlər. Ancaq Amerikadakı kimi qurumlar olsaydı, akademiyaya heç bir ehtiyac qalmazdı. Hər bir müəssisənin tərkibində elmi laboratoriyalar olardı.
Məsələn, tutaq ki, soyuducu zavodu 10 nəfər fiziki çağırardı ki, bizə mütəmadi olaraq yeni texnika hazırla. Çox təəssüf ki, bizdə bu, yoxdur. İndi köhnəni dağıtmadan, yenini qurmaq lazımdır. Bir halda ki, yenini qura bilmirik, heç olmasa köhnəni rekonstruksiya etməyi bacarmalıyıq. Söhbət burada ən azından sovet dövründəki elmi səviyyəyə qayıtmaqdan gedir. Necə edək ki, ən azından Azərbaycan elmi sovet dönəmindəki elmi səviyyəsinə qalxsın. Biz, çox geriləmişik. Təkcə elm sahəsində deyil, eləcə də mədəniyyət sahəsində də bu, belədir. Səbəb budur ki, Azərbaycanda proteksiya var. Prezident Administrasiyasının sədri Ramiz Mehdiyev də dəfələrlə deyib ki, alınan doktorluq dərəcələrinin böyük əksəriyyəti saxtadır. Məlum olur ki, professor məqalasəsini haradansa oğurlayıb. Bu cür qayda ilə elm inkişaf etməz. Ona görə də akademiyada elmlə məşğul olan fəaliyyət göstərməlidir”.
“Yeni Müsavat”