Aİ Azərbaycanda kənd və rayonların rəqabət qabiliyyətini artırmaq üçün Lənkəran bölgəsinə dəstək verəcəyini elan edib.
Avropa İttifaqı Lənkəran iqtisadi rayonuna dəstəyini artırmaqla Azərbaycan iqtisadiyyatının şaxələnməsinə göstərdiyi köməyini davam etdirmək niyyətindədir.
Medianews.az-a daxil olam məlumata görə, ölkənin sosial-iqtisadi baxımdan inkişafını gücləndirmək və Bakı ilə ölkənin digər şəhər və rayonları arasındakı fərqi azaltmaq üçün Aİ 13 milyon avrodan artıq maliyyə yardımı ayırır. Lənkəran rayonunda adambaşına düşən gəlir və məhsul istehsalı, eləcə də adambaşına düşən sərmayənin səviyyəsi çox aşağıdır, ancaq bu rayon qiymətli bağçılıq təsərrüfatı məhsullarının istehsalında yüksək potensiala malikdir. Avropa İttifaqının həyata keçirəcəyi proqramda rayonun meyvə-tərəvəz sahəsinin rəqabət qabiliyyətinin və əlavə dəyərinin davamlı surətdə gücləndirilməsi diqqət mərkəzindədir.
Avropa Komissiyasının Şərq Qonşuluğunun direktoru Laurens Meredit yerli icra orqanlarının nümayəndələri ilə görüşmək, Aİ-nin dəstəyi ilə Cəlilabadda yaradılan peşə təhsili və təlimi məktəbinə baş çəkmək və Lənkəran Universitetinin tələbələri ilə görüşmək üçün bu gün Lənkərana səfər edib.
Səfər zamanı cənab Meredit bildirib: “Aİ-nin Azərbaycana dəstəyi bütün ölkədə vətəndaşların həyatına gözəçarpan dərəcədə mənfəət gətirməyə yönəlmişdir. Bizim məqsədimiz Lənkəran rayonunun rəqabət qabiliyyətini həm ölkə, həm də beynəlxalq səviyyədə artırmaqdır.
Aİ standartları və qabaqcıl təcrübəsinə uyğun regional planlaşdırma sistemini yaratmaq, yerli iqtisadi və icma əməkdaşlıq mərkəzlərinin müasir şəbəkəsini qurmaq və Lənkəranda meyvə-tərəvəz sahəsində sahibkarlıq və investisiya şəraitinin yaxşılaşdırılması məqsədilə Aİ Azərbaycan hökuməti ilə çalışmaq niyyətindədir.
Bu tədbirlərin meyvə və tərəvəzlərin bazar yönümlü istehsalına töhfə verəcəyi, eləcə də adı çəkilən sahədə biznes mühitinin yaxşılaşdırılmasına və nəticədə Lənkəran rayonunun vətəndaşlarına mənfəət gətirəcəyi gözlənilir. Kənd və rayonların inkişafına dair yeni dəstək paketinin qəbul olunması, Aİ və Azərbaycanın bu ölkənin iqtisadiyyatının şaxələndirilməsi üçün olduqca vacib bir çox sahələrdə əməkdaşlığı gücləndirmək istəyini bildirir.
Tarixçə:
Son onillikdə yoxsulluğun azaldılmasında əhəmiyyətli dərəcədə irəliləyiş edən Azərbaycan iqtisadiyyatı özünün güclü inkişaf dövrünü yaşayır. Bu nailiyyətlərə baxmayaraq, xüsusilə neftlə zəngin paytaxt aqlomerasiyası və ölkənin qalan hissələri arasında, əsasən şəhər mərkəzləri və kənd əraziləri arasında fərqlər qalmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi hökumətin əsas prioritetlərindən biridir. Tərəflər arasında davam edən hərtərəfli ikitərəfli razılaşmaya dair danışıqların və Şərq Tərəfdaşlığının əsasını bu prinsip təşkil edir. Bu həmçinin Avropa Qonşuluq Siyasətinin (AQS) müzakirəsində vurğulanan və qonşuluq regionunda iqtisadi dayanıqlığı təmin edən aparıcı sahədir. Avropa İttifaqının Azərbaycanla əməkdaşlığının məqsədi bütün ölkənin vətəndaşlarına fayda verməkdən ibarətdir. Kənd və rayonların inkişafı 2014-2017-ci illərdə Aİ-nin Azərbaycana göstərdiyi dəstəyin ən əsas prioritet sahələrindən biridir. Sözügedən fəaliyyət bu sahədə əməkdaşlıq etmək məqsədilə Aİ və Azərbaycan arasındakı uzunmüddətli və əhəmiyyətli tərəfdaşlığa əsaslanır.