Загрузка...

ABŞ prezidenti bu həftə Ağ Evdə müsəlman ölkələrinin səfirləri üçün iftar süfrəsi açacaq. Belə tədbir ənənəvi olaraq 1999-cu ildən keçirilsə də, ötən il Tramp bu ənənəni pozdu, iftar süfrəsi vermədi. Ancaq budəfəki iftar mərasimi də yetərincə qəliz bir zamana təsadüf edir.

Məsələ ondadır ki, hazırda müsəlman dünyasında Qüdslə bağlı, ələlxüsus Amerika səfirliyi Qüdsə köçəndən sonra yaşanan faciəvi hadisələrlə ilgili ABŞ-a qarşı güclü bir antipatiya var. Öldürülən onlarla dinc fələstinlinin, bir fələstinli körpənin heç 40-ı da çıxmayıb. Anti-Amerika ovqatı son dəfə özünü İstanbulda İslam Əməkdaşlıq Təşkilatının sammitində qabarıq şəkildə göstərmişdi.

Maraqlıdır, görəsən islam ölkələri səfirləri yenə Trampın dəvətini qəbul edib, Ağ Evə gedəcəklərmi? Söhbət heç də ABŞ-a loyal olan Səudiyyə Ərəbistanının elçisindən getmir. Öncəliklə Türkiyə səfirindən gedir. O Türkiyə ki, ABŞ prezidentini Qüds qərarlarına peşman eləmişdi, məsələdə nəinki müsəlman aləminin, az qala, dünya birliyinin yekdil mövqeyinə və ABŞ-ın, faktiki, təklənməsinə nail olmuşdu.

O zaman BMT Baş Məclisində Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq haqda qərarına cəmi bir neçə cırtdan ölkə səs vermişdi. Nüfuzlu və müttəfiq Avropa Birliyi dövlətləri belə, Amerikanı müdafiə eləməmişdi.

Bu, Tramp administrasiyasının ilk ciddi siyasi fiaskosu, özünü beynəlxalq birliyə qarşı qoymaq cəhdi idi. Hətta o vaxt D.Tramp səsvermədə ABŞ-ı müdafiə eləməyən ölkələri maliyyə sanksiyaları ilə hədələmişdi. Fəqət, nə qədər qüdrətli dövlət olsan da, dünya birliyinin iradəsi əleyhinə getmək elə də asan deyil…

O ki qaldı iftar süfrəsinə, xristian ölkə başçıları belə süfrələr açmaqda şəksiz ki, ən əvvəl siyasi-təbliğati məqsəd güdürlər. Özlərinin tolerant, bütün inanclara qarşı dözümlü və sayğılı olduqlarını göstərmək, beləliklə də islam ölkələri toplumunda hüsn-rəğbət qazanmağa çalışırlar.

Tramp da ABŞ-ın islam dəyərlərinə sayğılı olduğunu göstərmək, müsəlman toplumunun könlünü almaq istəyir. Alınacaqmı, yoxsa Ağ Ev administrasiyası növbəti fiaskoya tuş gələcək? İslam ölkələri necə, bu məsələdə ümmət, yoxsa dövlət maraqlarını əsas götürəcək? Bu da maraqlıdır ki, görən, İran səfiri də iftara dəvət alıbmı, alıbsa, gedərmi?

Məlumatlara görə, Trampın müsəlman səfirlərə iftar süfrəsi açmaq niyyətini islam ictimaiyyəti ikiüzlülük kimi qiymətləndirib. Təbiidir. Hər necə olmasa, Ağ Ev sahibinin müsəlmanlara, müsəlman emiqrantlara münasibəti, gizli nifrəti sirr deyil. Yox, islam ölkələri elçilərinin əksəriyyəti iftara qatılacaqsa, demək, Qüds məsələsində öz prinsipial mövqelərinin əleyhinə çıxmış olacaqlar…

Beləcə, Trampın dünyaya qeyri-müəyyənlik vəd edən ziqzaqvari xarici siyasət kursu davam edir. Bu siyasətin “altını” indi xristian Avropası da çəkir. Avropanın “beyin mərkəzləri” Ağ Evin indiki “dəlisov və çılğın” sahibinin gedişlərinə qarşı hələ də effektli kontur-tədbirlər tapmaq üçün baş sındırır. Çünki Donald Tramp klassik siyasətçi standartları çərçivəsinə sığmayan şəxsdir.

Siyasətçinin proqnozayıtımlılığı sözsüz ki, önəmlidi. Xüsusən də söhbət böyük siyasətdən və fövqəldövlətin sükanı arxasında duran siyasətçidən gedirsə. Əfsus ki, cənab Tramp bu meyara dartmır. O üzdən iki ildir dünya səksəkə içindədir.

İndi bəziləri deyir ki, D.Tramp özünü yalandan axmaq kimi aparır, əslində o, hiyləgər siyasət yürüdür. Belə baxanda o, iki ildir impiçmentdən yayına bilibsə, demək ki, biznesmen qafası pis işləmir. Hərçənd, Amerikanın xarici siyasətində Tramp faktoru minimuma enib. Bu, ölkə prezidentləri arasında ən aşağı, görünməmiş göstəricidir.

Tramp prezident kürsüsündə daha hansı anti-rekordu qıracaq, Allah bilir. Dünya ən azı, 2 il yarım da səksəkədə qalacaq…