Загрузка...

Avropada xalqdan səs almağın yeni üsulu icad olunub. Hər dəfə hansısa partiyanın lideri çıxıb “gəlmələrin anasını ağladacam” deyir və seçki birincisi olur.

Təbii ki, liderlər birbaşa elə demirlər, təxminən belə deyirlər: “Qanunsuz miqrasiyaya qarşı tədbirlərimizi gücləndirəcəyik, Yaxın Şərqdən axışan qaçqın kütləsinin ölkəmizin sabitliyini pozmasına imkan verməyəcəyik”.

Bunun açması isə yuxarıda dediyim kimidir: “Miqrantların anasını ağladacağıq”. Vəssalam. Əgər gəlmələri hədələyən, hədəf göstərən lider miqrantlarla bağlı ictimaiyyətin ülvi arzularını həyata keçirəcəyinə seçicilərini inandıra bilirsə, onda seçki birinci olacağına şübhə yoxdur.

Srağagün Sloveniyada Demokrat partiyasının lideri Yanez Yanşa sırtıq yanşaqlar kimi danışa-danışa seçkidə 27 faiz səs toplayıb, hökumət koalisiyası formalaşdırmaq, baş nazir olmaq hüququ qazanıb.

Ondan qabaq Hollandiyada, Macarıstanda, İsveçdə, İslandiyada və digər ölkələrdə miqrantlara qarşı çıxış edən liderlər də ya seçki birincisi olmuşdular, ya da seçki ikincisi olmaqla kifayətlənmişdilər.

İndinin siyasi xadimləri fəndgirdirlər, görürlər ki, miqrant mövzusu çörəkli (yəni mandatlı) işdir, hamısı başlayır miqrantlarla mübarizədən danışmağa. Nəticədə seçicilər çaş-baş qalır, bilmir hansı “antimiqrant mübarizi”nə səs versin.

Düzdür, arada “gəlmə”lərə qarşı loyal münasibət sərgiləyən siyasilər də babat səs alır, amma hazırda tendensiya gəlmələri “mələtmək” istəyənlərin daha uğurlu olduğunu göstərir.

Biz, əlbəttə, gəlmələrə qarşı pis münasibətdə olanları bəyənmirik, hətta onlara nifrət edirik. Çünki ortada insan haqları məsələsi var. Labüd ölümdən, zorlanmadan, işgəncədən qaçan insanlar bu gen dünyada harasa pənah aparmalıdırlar, ya yox?

Adicə Rusiya arada qastarbayterlərimizi incidəndə, pasport rejimini pozduqları adıyla qaytarıb ölkəmizə göndərəndə xətrimizə dəyir, götürüb velikorus şovinizmdən-zaddan yazılar yazırıq.

Adətən Rusiya da belə şeyləri durduq yerdə eləmir, keçmiş sovet ölkələri dövlət səviyyəsində nəsə bir müstəqil qərar verdiyi zaman rusların “qara millət”ləri xor görən damarı yoğunlayır. Cəza dəstələri küçələrə tökülüşür, bazarların içindən bizimkiləri, çölündən tacikləri, inşaat meydançalarından özbəkləri, moldovanları, canilərə məxsus kafe-restoranlardan gürcüləri, erməniləri təpə-qapaz eləyib miqrasiya idarələrinə yığırlar. Çoxunun pulunu alıb buraxırlar, bir azını da başqalarına görk üçün deportasiya edirlər, mesaj verirlər ki, istəsək, hamısını ölkədən çıxararıq və ölkənizdə ara qarışar.

Bu baxımdan biz qətiyyət və dəruni səmimiyyətlə miqrantlara qucaq açmayan, onları aşağılayan, ölkədən çıxaran dövlətlərə qarşıyıq, onları daima tənqid edirik, “bu da tərifli Avropa” deyə yerdən-yerə vururuq.

Amma bir incə nüans da var, oxumuş adamlar demişkən. Bu da ondan ibarətdir ki, biz özümüz də uzaq Asiya ölkələrinin camaatının pənah gətirdiyi ölkələrədn biriyik. Bizim ölkəyə də Hindistandan, Çindən, Pakistandan, Əfqanıstandan, Banqladeşdən qaçqınlar gəlir, bizə sığınmaq istəyirlər.

Yadınızdadırsa, bir ara küçələr Çindən, Pakistandan gəlmiş səyyari satıcılarla doluydu, əllərində xırdavat gəzdirir, “üs manat, bes manat” deyə-deyə gəzirdilər. Şəhərimizdə elə ucqar küçələr var ki, 50 ilin şəhər adamlarının ora yolu düşməyib, amma o xırdavatçı miqrantlar oralarda da görünürdülər.

Son vaxtlar isə onlar xeyli azalıblar. Niyə? Çünki miqrasiya işlərinə baxan idarəmiz onları tapır, tutur, aparıb sərhəddən ötürür ki, rədd olun, gedin, öz xarabanıza.

Bu isə bizim xoşumuza gəlir. Çünki yadelli alverçilərin əl-ayağımıza dolaşmasını, istirahətimizi pozmasını istəmirik.

Bəs insan haqları? Bəs onlar zülmdən, kasıbçılıqdan qurtulub ölkəmizə pənah gətirmişdilər axı, o necə olsun? Bizə dəxli yoxdur, qoy gedib özlərinə başqa ölkədə yer eləsinlər. Məsələn, harda? Məsələn, Hollandiyada, İsveçdə. Axı onlar son vaxtlar miqrantlara qarşı çox sərtləşiblər axı… Alçaqdırlar dəə…

Bax, bizim müvafiq mövzuya dair standartlarımız bu cürdür. Gəlmələrlə sərt davranan əcnəbiləri qınayırıq, gəlmələrlə sərt davranan özümüzünküləri alqışlayırıq.

İndi görün, yüz illərlə zəhmət çəkərək, abad şəhərlər tikmiş, firavan həyat qurmuş ölkələrin vətəndaşları nə fikirləşir? Görürlər ki, uzaq-uzaq ölkələrdən acıqlı, gözü-başı qaynaşan gəlmələr onların ölkəsinə daraşıblar və batırmadıqları kol dibi qalmayıb.

Ona görə də onlar gedib Yanşa kimilərə səs verirlər.