Gədəbəy rayon İcra Hakimiyətinin başçısı Ramiz Yediyarov tutduğu vəzifədən azad edilib. Sabiq vergilər naziri Fazil Məmmədovun kadrlarından olan Ramiz Yediyarov bu vəzifəyə 2012-ci ilin aprelində təyin olunmuşdu.
“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən icra başçısının işdən çıxaırlmasını şərh etmək istəməyiblər. Ramiz Yediyarovun 1-ci müavini Qüdrət Paşayev saytlara açıqlamasında icra başçısının işdən çıxarılmasını təkzib etməyib. O deyib ki, rayonda deyil, bu səbəbdən də başçının işdən çıxarılıb-çıxarılmamasından məlumatsızdır.
Yada salaq ki, mayın 17-də Fazil Məmmədovun qaynı və komandasının üzvü olan Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilmişdi. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalamışdı.