Загрузка...

Kişi saç kəsimi ilə məşğul olan bərbər Malvina Vəliyevanın “Qafqazinfo”ya müsahibəsi:

– Qadın saçı kəsmək daha asandır, ya kişi? Ölkəmizdə qadın bərbərlərə çox da rast gəlmirik.

– Əslində, bu peşəyə qadın saçı kəsməklə başlamışam. Sonradan kişi bərbəri kimi fəaliyyətimi dava etdirməyi seçdim. Uşaqlıqdan saçla oynamağı sevmişəm. Qadın saçında özümü tapmırdım. Təkcə pul qazanmaq deyil, işindən zövq almaq da lazımdır. Kişi saçına stil verməkdən xoşum gəlir. Mənə görə bu, daha maraqlıdır. Həm də qadın saçına baxanda çox çətindir. Çünki kişinin baş formasında adətən çıxıntılar olur və saç, saqqal ona uyğun kəsilməlidir.

– İnsanlarda belə bir fikir var ki, kişi saçını kəsmək elə sadəcə saçqırxan maşını ələ almaqdan ibarətdir.

– Bu dəqiqə aparatı versəm, siz də saç kəsə bilərsiz. Ancaq cizgilərə uyğun saç kəsimi tam başqa bir şeydir. Mənə görə saqqal kişinin makiyajıdır. Ona görə də kəsim üz quruluşuna görə seçilməlidir. Məsələn, üzü uzun olan insanlarda azdan çoxa doğru kəsmək olmaz. Əksinə yanaqları doldurmaq lazımdır.

– Hər iki cinsin nümayəndəsinin saçını kəsmiş biri kimi deyə bilərsinizmi ki, qadınlar daha nazlı olur, yoxsa kişilər?

– Qadınlarla işləməyin çətin olduğunu deyirlər, ancaq mənim elə kişi müştərilərim var ki, onları razı salmaq daha çətindir. Əslində bu, yaxşı haldır. Hər insan nə istədiyini bilməlidir. Onlara deyirəm ki, başqa bərbərə getsəz belə, çalışın ki, həcminə dəyməsin. Çünki bizdə bərbərlər mexaniki işləyir, estetikliyə fikir vermirlər. Başın arxasını düz edirlər, qabaqda da “çolka”, bitdi…

– Bəs kişilər saç kəsimini qadına əmanət etməkdən çəkinmir ki?

– Təzə başlayanda mənim üçün çox çətin oldu. Azərbaycanda qadın bərbər çox az olduğundan qəbul olunmurdum. Baxırdılar ki, incə-mincə balaca qızam, fikirləşirdilər ki, mənim saçımı bu kəsəcək? Həm utanırdılar, çəkinirdilər, həm də əmanət etməyə qorxurdular. Ancaq artıq oğlanlar məni qız kimi yox, saç ustası kimi görürlər. Bir-iki dəfə saç kəsdirdikdən sonra daimi müştərimə çevrilirdilər. Cinsin fərqi yoxdur, bununla bacaran hər kəs məşğul ola bilər. Əsas odur ki, işi sevəsən. İndi müştərilərimin çoxu zəncirvari bir-birinə bağlıdır. Biri gəlir bəyənir, sonra dostları gəlir.

– Məşhurlardan kimlərlə işləyirsiz? Bildiyimə görə, qrim, kişi makiyajı etdiyiniz üçün xeyli müraciət edən olur.

– Ən çox işlədiyim Zamiq Hüseynov olub. Rauf Əhmədov, Samiraldo, bir sözlə, çoxdur. Bəli, makiyaj edirəm, amma bir qadın olaraq mən heç vaxt istəmərəm ki, kişi hər gün makiyaj etsin. Ancaq səhnə adamı, müğənnilər, toy və ya nişanı olanlar üçün lazımdır. Həyatda xüsusi gündür və insan onda gözəl görünmək istəyir. Ancaq qrimdə əsas şərt kişi üz cizgilərini itirmədən makiyaj etməkdir.

“Müştərilər gəlib şəkil çəkdirib gedirdilər” - Kişi bərbəri (VİDEO)

– Əvvəllər elə də xoş qarşılanmasa da, artıq kişilərin bərbərə üz tutmaq səbəblərindən biri də saç və saqqalın rənglənməsidir. Müraciətlər çox olur?

– İnsana yaraşmasından asılı olaraq saç da, saqqal da rəngləyirik. Hər insanda saç kəsimi eyni ola bilmədiyi kimi, saçların rənglənməsi də eyni ola bilməz. İndi daha çox kişilər ağları bağlamaq üçün saçını rənglətməyə üstünlük verir. Əvvəllər bu faiz 20-30 olardısa, indi 40-50 faizə qalxıb.

– Həm peşəkar saç ustası, həm də bir qadın olaraq Azərbaycan kişilərinin özünə baxması sizi qane edirmi?

– Bir qadın kimi istəyərdim ki, bütün kişilər özünə baxsın. Ancaq həddini keçməmək şərtilə. Professionallara müraciət etsələr, o hədd çətin ki, keçilə. Sırf saç kəsdirmək üçün yox, stil sahibi olmaq üçün də bərbərə getmək lazımdır. Adi qaşda belə bir az artıqlıq olanda özüm təklif edirəm ki, götürüm. Ancaq bu da kişi simasını itirmədən olmalıdır.

– Bəs sırf qadın olduğunuz üçün gələnlər, qeyri-etik davranış göstərənlərə rast gəlmisiz?

– Bəli, olur, hətta çox olur deyərdim. Sosial şəbəkələrdə də çox yazırlar, sadəcə onları cavablandırmıram. Qəbul etdirmək istəyirəm ki, bu, mənim işimdir, mənə sənətkar kimi yanaşsınlar. İnsanlar fərqlidir, düşüncələr fərqlidir. Hətta əvvəllər gələnlərin çoxu sırf şəkil çəkdirib gedirdi. Düzü, səbəbini anlamırdım. Bir-iki dəfə razılaşdım, sonra çəkdirmədim.

Günel Hacı

Fotolar-Video: Nuran Məmmədov

“Müştərilər gəlib şəkil çəkdirib gedirdilər” - Kişi bərbəri (VİDEO)
“Müştərilər gəlib şəkil çəkdirib gedirdilər” - Kişi bərbəri (VİDEO)
“Müştərilər gəlib şəkil çəkdirib gedirdilər” - Kişi bərbəri (VİDEO)