Bu günlərdə mən və bir əməkdaşımız xarici səfərdən qayıtmışıq. Dünən oturub işləyə-işləyə təəssüratlarımızı bölüşürdük, rastımıza çıxan maraqlı, danışılmağa layiq şeylərdən bəhs edirdik.
Maraqlı şeylər, bilirsinizmi, nədir? Bizdə bir cür, başqa ölkələrdə ayrı cür olan şeylər. Yaxud da əvvəlcədən səndə bir təsəvvür olur, gedib başqa ölkədə görürsən ki, heç də elə deyil, xeyli yanılmısan, bax, bunlar da maraqlıdır.
Deyim ki, bu səfər zamanı əslində mən öz təsəvvürümdə yox, daha çox xalqımızın bir təsəvvürünün yanlış olduğu qənaətim xeyli möhkəmləndi.
Almatıda qatıldığımız forumda beş monqol gördüm və hiss elədim ki, onlar bizim monqollar haqqında nə düşündüyümüzü, bəzən bir-birimizə hansı durumlarda “monqol” dediyimizi bilsələr, bizimlə ya dalaşarlar, ya da bərk inciyərlər.
Gördüyüm monqollar üç qadın, iki kişi idi, yaşları 27-39 arasındaydı. Ulan-Batorluydular. Jurnalist idilər.
Qadınlar çox gözəl idilər. Boy-buxun, qaş-göz, əsl Asiya gözəliydilər, əllərindəki telefonla hey ya selfi çəkirdilər, ya da mənzərəli yerləri lentə alırdılar. Kişilərdən biri eynilə “Qanqam-stayl” oxuyan koreyalı müğənniyə oxşayırdı, gülərüz bir monqol oğluydu. Nə vaxt baxardın, görərdin ki, bu qrup öz aralarında deyib-gülür, zarafatlaşır. Üzlərindən heç də kütbeyinlik yağmırdı, əksinə, nəzakətli, itizəkalı, yerin altını da, üstünü də bilən adamlara oxşayırdılar. Nə bir dəfə başqa bir adama problem yaratdılar, nə də özlərinə. Bir o qədər yol getdik, birlikdə avtobuslara minib-düşdük, heç görmədim, o monqollar gecikələr, ya ağızlarını ayırıb harasa, başqa yerə gedələr.
Amma neynirsən, vaxt məsələsindəki məsuliyyətsizliyimizlə (şərtləşdiyimiz vaxtda yarım saat gec gəlmək-filan), ictimai yerlərdə, xüsusilə də əcnəbilərin yanında özümüzü mədəni aparmağı bacarmamaqla, hər şeyə öz məhəlli təfəkkürümüzlə yanaşmağımızla, hələ bir monqollara dil də uzadırıq, onları kütbeyinliyin simvolu kimi səciyyələndirməyə çalışırıq.
Bu, o monqollardır ki, iki totalitar sistemli, diktatura rejimli nəhəng dövlətin (Rusiya və Çin) arasında yaşayırlar və vaxtaşırı azad seçki keçirir, qanunlara, insan haqları və demokratik prinsiplərə riayət edirlər, hər gün inkişafdadırlar. Bu o monqollardır ki, yeddi nazir yanacağın bahalaşmasına etiraz olaraq bir gündə istefa verir, öz hakimiyyət komandalarını tərk edirlər.
Bizim onlardan öyrənməli şeyimiz çoxdur, biz monqolları örnək götürməliyik və dilimizi qarnımıza qoyaraq, bir kimsəyə “əə, monqol” deməməliyik. Hələ monqol qədər olaq, sonra danışarıq.
Bu, mənim xaricdən gətirdiyim təəssürat və qənaət idi. Əməkdaşımız isə iki mənzərənin şahidi olub. O, Tiflisdən İstanbula da avtobusla gedib, İstanbuldan Bakıya da avtobusla gəlib. Yol eynidir, amma qardaş gedəndə başqa cür gedib, gələndə başqa cür gəlib.
Əməkdaşımız danışır ki, gedəndə səliqəli avtobusda, normal sərnişinlərlə gedib, Anadolu türkləri və gürcü sərnişinlərdən ibarət olan yolçuların arasında səs-küy salan, yersiz hərəkətlər edən, başqalarının rahatlığını pozan bir kimsə olmayıb. Avtobus da komfortlu, rahat imiş. Gələndə isə avtobus tör-töküntü, laxşəng olub, sərnişinlərin də tam əksəriyyəti azərbaycanlıymış. Yol boyu hırhahırdan qulaq, motal iyi verən corab qoxusundan burun tutulurmuş. Bir neçə cavan oğlan İstanbuldan qayıdan gənc qızlarla məzələnir, onlara girişirmişlər, həm də bunu o dərəcədə ədəbsizcəsinə, heç kəsdən gizlətməyərək edirmişlər ki, guya nümunəvi bir iş görürlər.
Qardaşımız arada avtobusda sərnişinlərə xidmət göstərən oğlandan (daha bir fərq: Tiflisdən İstanbula gedən avtobusdakı bələdçi gürcü qızı olub) soruşub ki, bu qədər uzaq məsafədə işləyən avtobus nədən bu qədər narahatdır. Bələdçi deyib, bizə bu da çoxdur, çünki şirkət ən yaxşı avtobusu bizə vermişdi, amma bizim gədələr (belə deyib) alışqanla avtobusun örtüklərini, oturacaqlarını yandırıb adlarını yazmışdılar, ora-burasını deşmiş, cırmışdılar, ona görə də komfortlu avtobusları marşrutdan yığışdırıb bunları verdilər.
Söz yox, uzaq yola çıxanlarımızın heç də hamısı belə deyil. Amma əgər 60 nəfərlik avtobusda cəmi iki, hətta bir o cür tərbiyəsiz sərnişin varsa, yenə çoxdur. Beynəlxalq marşrutlarda o cür adamlar ümumiyyətlə olmamalıdırlar və gedib orda-burda millətin adını batırmamalıdırlar.
Qoy onlar elə burada, daxili marşrutlarda eşələnsinlər, bir-birinə “monqol” deyə-deyə hırıldaşsınlar.