Biri deyir Milli Şuranın fəxri sədridir. Biri deyir prezidentliyə eks namizəddir. Biri də deyir satqındır, vətən xainidir, cəhənnəmə ki?! Amma bircəciyi də durub deməli idi ki, bu adam Azərbaycanın mənəm deyən mədəniyyət xadimidir. Dünya ölkələri bir-birini məhz mədəniyyət, incəsənət adamlarının təqdimatında tanıyır, qiymət verir, münasibət qurur. Mədəniyyət xadimlərinin kimliyi və şəxsiyyəti dünyəvi dillə desək, piyarıdır ölkənin.
Və demək ki, mədəniyyət və incəsənət xadimləri bilavasitə bizim simamızdır. İndi istəsək də, istəməsək də bu dəqiqə Rüstəm İbrahimbəyov bütün pisi, yaxşısı ilə bizim simamızdır. Onu zamanında aid olduğu dövlət qurumları, biz azərbaycanlılar, bu gün söydüyü millət Rüstəm İbrahimbəyov etdik. Tanınıb, nüfuz qazanıb, bir gün başımıza corab hörəcəyini haradan biləydik axı? Bu da bizə bir bəladı, başımıza gələnlərdən dərs almırıq, perespektivi planlaya, proqnozlaşdıra bilmirik. Ortaya gah “Daş yuxular” çıxır, gah “Qafqaz üçlüyü”. İki nəhəng azərbaycanlı tanıyıram. Biri yazdıqlarını oxuya-oxuya böyüdüyüm, məni “Daş yuxular”dan ayılıb, şəxsiyyətində yanıldan Əkrəm Əylislidir. O biri Rütəm İbrahimbəyov oldu. “Qafqaz üçlüyü” çəkib maestro. Filmdə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, cahil, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhpərvər, “vəhşi türkün qurbanı” kimi verilib.
Biz erməni uşaqları diri-diri ağlaya-ağlaya trubalara doldurub çay aşağı axıtmadıq, cənab İbrahimbəyov!
Biz erməni qızın gəlinciyinə partlayıcı doldurmadıq!
Biz ölmüş ana bətnindən yaba başında uşaq çıxarmadıq!
Biz qoca qarının kürəyinə qaynar samovar bağlayıb qaçırtmadıq!
Biz döyə-döyə erməni öldürmədik!
Bizə əsir olan erməni qadını zorlamadıq!
Biz iki yaşlı erməni qızcığazı güllələmədik!
Biz erməniyə Xocalı yaşatmadıq!
Biz erməni meyitlərini soymadıq!
Biz ölən erməni döyüşçünün meyitini təhqir etmədik!
Biz diri-diri əsir yandırmadıq!
Biz erməni əsirə dur öz millətindən olan qadını zorla, biz də baxaq demədik!
Biz hələ də otuz minə qədər erməni gəlinimizi sahiblənən millətik!
Biz köksüz deyilik!
Biz qəddar deyilik!
Biz qaniçən deyilik!
Biz ermənini baş kəndimizdəki evinə illər sonra qonaq gətirəcək qədər geniş qəlbliyik!
Biz hər gün şəhid veririk!
Biz hər gün stres içindəyik!
Bizim anaların göz yaşı qurumur!
Bizdə bir atanın beli qırılır hər gün!
Biz sizi yetişdirən xalqıq!
Biz sizlərin Nobel hərisliyinin qurbanıyıq!
Biz mənən mənsub olduğu mühitin, sizin situasiyada Rusiyanın üzünü güldürmək, erməniləri sevindirmək üçün edilən satqınlıqların qurbanıyıq!
Biz sizin rəzil dünyəvilik iddianıza maddım-maddım baxanlarıq!
Anlayın, “dünya adamıyam” deyən bütün varlıqlar. Sizin yaşadığınız yer də o dünyanın bir parçasıdır, başqa planet deyil. Sizin dünyəvi olmağınız özünüzün mənsub olduğunuz ölkəyə münasibətdən başlayır. Cənab İbrahimbəyov, bizə, mənə, ailəmə, övladlarıma da “vəhşi türk” dediniz. Olsun! Mən, biz vəhşiyik. Siz biz vəhşilərə lider, prezident olmaq istəyən adam idiniz, o qədər də uzaq olmayan keçmişdə. Və yenə də məncə, vəhşilərə liderlik eləmək iddiası olan adam, daha böyük vəhşidir maestro, inciməyin…
… Əslində isə bu qədər vəhşilik görməyimizə rəğmən, hələ təsvir etdiyiniz qədər vəhşi, ləyaqətsiz olmamışıq. Bəlkə ona görə ki, vəhşiliyin, ləyaqətsizliyin insanı hara apardığını, nələr yaşatdığını anlayan müdrik xalqıq. Hətta sizdən də imtina eləməyə qoymur bu müdriklik bizim insanları. Amma bu filmdən sonra “siz kimsiniz?” sualını verməyi haqq etmişik.
… Və nə yazıq ki, B(b)izi həmişə özümüz vurmuşuq. Bu dəfə sizin əlinizə verdilər çəkicimizi. Məncə, siz təkcə sıravi azərbaycanlıların yox, həm də müxalifət düşərgəsindəki dostlarınızın başını önə əydiniz. Siz sizə inananları belə ümidsizlik dalanına itələdiniz. Mənəviyyatın heç yerinə sığışmayan bu filmlə sizə olan vətəndaş ümidinin də qırdınız. Bəlkə də bu münasibəti haqq etmirsiniz, amma yenə də deyim. Nə qədər olmasa sizin qədər sayğısız deyiləm qarşımdakına. Üzürlü bilin, amma məncə, siz çoxdan bizdən deyilsiniz, eləcə hər təprənəndə bizə batacaq bizlərdənsiniz…
Kiməsə ustad, mütəxəssis olan bir peşəkara bunu demək ayıbdır bəlkə. Bəlkə də ayıb deyil. Çünki o peşəkar ki, fərdi maraqları uğruna millətini aşağılayır, əzir, ona söz demək mübahdır. Cənab İbrahimbəyov, dünyəvi, bəşəri olmaq üçün vətən satılmaz, millətdən keçilməz. Yox keçildisə, elə ustad da, uğur da, qazanılacaq nüfuz da lənətə gəlsin…