“Qız ərə vermək bacılar işi deyil, hacılar işidir”
(Azərbaycan ata sözü)
Bu yaxında bir qəribə cinayət işi haqda oxumuşdum. İki qonşu dalaşıb, biri o birini bıçaqlayıb öldürüb. Səbəb həmişəki kimi, bizim həyat standartlarımızla yanaşsaq, mənasızlığın dibi idi: birinin uşağı ölübmüş, buna görə Allahın əleyhinə danışıbmış, qonşusu isə dindar olduğundan dözməyibdir, vurub bunu da öldürübdür. Allah və din üstündə növbəti, sıradan qətl də deyə bilərsiniz. Əgər Allah doğrudan da varsa, belə axmaq müdafiəçilərə nə qədər ehtiyac duyur, bunu müzakirə eləmək fikrim yoxdur. Mənə cəza maraqlı gəldi. Adam ölümünə görə hakim orada haradasa 4-5 il cəza kəsmişdi (təəssüf ki, dəqiq yadımda qalmayıb, amma müddətin çox azlığına şübhəniz olmasın). Təsəvvür edin. İnsan öldürmək kimi ağır cinayətin cəzasına baxın. Şübhəsiz, burada hakimlə alver, hüququn alış-verişi predmeti olmuşdur. Əks halda, belə yersiz “humanizm” nədən yaransın?
Azərbaycanda adamları, xüsusən müxalifətçiləri adətən absurd maddələrlə zindana salırlar. Misal üçün, jurnalist Seymur Həzi hansısa provokatora plastik su butulkası atmasına və hakimiyyətin xoşuna gəlməyən yazılar yazmasına, blogger İlkin Rüstəmzadə isə sosial şəbəkədə camaatı mitinqə çağırmasına və bulvardakı heykələ sataşmasına görə 4 ildən çoxdur həbsdədir. 4 il. Zarafat deyil. Yaxud İlqar Məmmədov. İsmayıllıya getməyə görə 5 il həbs cəzası alıb. Halbuki indi hökumət özü xaricdən İsmayıllıya turist cəlb eləməyə çalışır. Belə günahsız cəza çəkənlər onlarla, yüzlərlədir. Bizim “ədalət”, hüquq-mühafizə sistemi isə adam öldürənə 5 il cəza verir. Necə deyərlər, xiyar əyri bitməsin neyləsin?
Sözgəlişi, xiyarın əyri bitməyinin bir neçə səbəbi vardır, bunlardan bostana lazımi qədər Günəş işığının düşməməsi, azot, fosfor, kalium kimi gübrələrin çatışmazlığını göstərə bilərik. Təzə kənd təsərrüfatı nazirimizə və fermerlərimizə dəstək üçün yazıram. Qayıdaq öz fermamıza – temamıza, hərçənd heç bilmirəm tema nədir.
Bəs belə absurd ittihamlar və qeyri-adekvat (“uyğunsuz” da yaza bilərdim, ancaq o halda siz mənim savadlı adam olduğumu hardan biləcəkdiniz) cəzalar nədən yaranır? Minlərlə səbəb vardır, lakin ən başlıcası cəmiyyətdə qınaq mexanizmlərinin yoxluğudur. Biz cinayətkarların cəzasızlığını və günahsızların cəzalanmasını nəinki qınayırıq, hələ əksinə, məmnuniyyətlə bu prosesdə iştirak edərik.
Məsələn, dünən bir deputatın açıqlamasını vermişdilər. Arzu edir ki, qız qaçırtmaq adam oğurluğu cinayəti siyahısından çıxarılsın. Yəni, hansısa qızı zor-xoş, özün kimi də 3-4 debilin yardımı ilə bas maşına, apar bir dərənin dibinə (lap o dərənin dibi “xalagil”, “əsgərlik yoldaşının naxalstroyu” olsun – nəsə dəyişmir), el dilində desək, bədbəxt elə, bundan sonra qız məcbur olsun səninlə yaşasın. Deputat müəllim bunu cinayət saymır. Əlbəttə. Əgər rüşvətxorluq hörmət, korrupsiya haqq, oğurluq bacarıq, yaltaqlıq kişilik, yalançılıq insanlıq normativləri sırasında rəsmən təsdiqlənibsə, qız qaçırtmaq nəmənə şeydir? Cəza qətiyyən olmaz, əksinə, qız qaçıranlara “Şərəf” ordeni, iki dəfə qaçıranlara fərdi təqaüd və Bakı marafonunun diplomunu, qaçırmağa kömək edənlərə də əməkdar qız qaçırtma xadimləri fəxri adları verilməlidir. Qaçırılmaq istəməyən qızları isə Kürdəxanıya, qadın kolonuna, Kürdəmir səhrasına sürgünə və sairə islah-əmək müəssisələrinə basmalıyıq, bəlkə ağılları başlarına gəlsin. Yaxşı qızsansa, niyə qaçmırsan? Qarabağın Füzuli bölgəsində bu temada bir maraqlı folklor deyimi yaranmışdı. Sovet vaxtı kənd yerlərində qaz xətləri yox idi, camaatın qaz balonlarını isə maşın gətirib dəyişdirirdi. Boş balonu darvazanın ağzına qoyurdun, sürücü gəlib özü dolu ilə əvəzləyirdi. Bax, deyim də o vaxtlara aiddir və hansısa qızın artıq adaxlısı ilə gizli danışıb-şərtləşməsini ifşa edirdi: “Filankəsin qızı cibində pasport bütün günü qaz balonu kimi darvazanın ağzında durur”. Mükəmməl təsvir idi, heç yadımdan çıxmır.
Ancaq qaçırtmaqla iş bitmir, sonra bunların çoxlu uşağı olsa, maddi imkan zəifləsə, ya da heç öncədən olmasa nə etməli? Çünki bu yaxında başqa bir deputat demişdi ki, çoxlu uşaq əkirlər, saxlaya bilməyəndə dövlətdən yardım istəyirlər, bəyəm dövlət sizə uşaq zakaz vermişdi? Məncə, qızqaçırdan deputatla uşaqdanbezən deputat öz aralarında razılaşıb orta yol tapsınlar, millətə doğru yön versinlər. Qanun qarşısında hamı bərabər olmalıdır.