Nümayəndələr Palatasının 5 üzvü İsrailin Qəzzadakı qətliamını psiləyən açıqlama yaydı
ABŞ nümayəndələr palatasının üzvləri, Minnesota ştatından, müsəlman olan Keith Ellison, Viskonsin ştatından Mark Pokan, Vaşinqton ştatından Pramila Cayapal, Corciya ştatından kiçik Henri Conson, Arizona ştatından Raul Rricalva ortaq bəyanat yayıblar.
Musavat.com-un Türkiyənin “habertürk” saytına istinadən verdiyi xəbərə görə, bəyanatda “İsrail tərəfindən əksəriyyəti silahsız olan nümayişçilərə qarşı silahlardan istifadə olunması qarşısında şok olduq. Nəticədə 50-dən çox fələstinli həlak oldu, 2 mindən çox insan yaralandı” kimi ifadələrə yer verilib.
İsrail hərbçilərinin beynəlxalq hüququn normalarına əməl etmədiklərini bildirən Nümayəndələr Palatasının üzvləri olanlardan ABŞ prezidenti Donald Trampı günahkar hesab ediblər.
“Prezident Trampın ABŞ səfirliyini Qüdsə köçürmək haqqında təxribat xarakterli qərarı İsrailin nümayişçilərə daha sərt müdaxilə etməsinə zəmin hazırlayıb”, – bəyanatda deyilir.
ABŞ siyasətçiləri daha sonra İsrail baş naziri Benyamin Netanyahu hökumətindən yaralıların sərbəst şəkildə tibbi dəstək görməsinə şərait yaradılmasını, Qəzzanın 12 ildir davam edən mühasirəsinin ortadan qaldırılmasını tələb ediblər. Onlar İsrailin tətbiq etdiyi mühasirə rejiminin Qəzzadakı 2 milyondan çox insanın həyatına təhlükə yaratdığını vurğulayıblar.
ABŞ-da yaşayan yəhudi əsilli elm adamları da İsrailin son hərəkətlərini pisləyiblər. Məşhur professor Norman Finkelşteyn İsrailin Qəzzadakı hərəkətlərinə xitabən onu “qatil dövlət” adlandırıb.
Digər tərəfdən, Türk-Amerikan Milli Rəhbər Komitəsi (TASC) yazılı bəyanatla İsrail hökumətni pisləyib. Açıqlamada İsrailin insan hüquqlarını tapdalayan təhlükəsizlik qüvvələri haqqında müvafiq hüquqi prosedurlaırn başladılmasının gərəkdiyi vurğulanıb.
Musavat.com