Загрузка...

“Mən gəzərəm ayıq-ayıq,
Dəryalarda olur qayıq,
Bülbülləri şaha layıq,
Gülü gərək yol əhlinin”.

(Xətai)

Amerika Birləşmiş Ştatlarında bir qanun var, o qanuna görə hər təzə prezidentin işdən çıxara biləcəyi məmur sayına limit qoyulmuşdur. Loru dildə yazsam, örnək üçün, tutalım Donald Tramp prezident olur, bu adam qabaqcadan bilir ki, dövlət başçısı işləyəcəyi 5 il ərzində ancaq 2500 adamı işdən qovmağa ixtiyarı vardır. Bütün Amerika üzrə. Sözgəlişi, bunların zəif dövlət olmağının bir əlaməti də elə prezidenti müəyyən müddətə seçməkləridir. Yaxşı işləyirsə, niyə ömürlük olmasın? Mən biləni, heç orada AYB-nin – Amerika Yazıçılar Birliyinin sədrini də ömürlük seçmirlər. Biabırçı haldır. Elə Melaniya xanım doğru edir Donaldın əlindən tutmaq istəmir. Belə də kişi olar?

Nəsə, temadan çox uzaq getməyək, qayıdıb tapa bilmərik. Tema isə, yuxarıda qeyd elədiyimiz kimi, hər rəhbərin dəyişə biləcəyi məmur sayına qoyulan limitdir. Bunu niyə ediblər?

Dövlətin bel sütunu olan məmur strukturunu formalaşdırmaq üçün. Hər dövlətin işini, necə deyərlər, qara vəzifələri əslində o məmur strukturu yerinə yetirir. Texniki olaraq xalq üçün işləyən onlardır, siyasətçilər isə gəldi-gedərdir. Hər prezident dəyişəndə bütün dövlət aparatı kökündən dəyişsə, dövlətçilik sarsılar. Banan dövləti kimi bir şey yaranar. Əslində bayaq yazdığım kimi, dövlət rəhbərini ancaq qısa müddətə seçməklə ABŞ onsuz banan dövlətinə dönübdür, ancaq bunun bizə dəxli yoxdur. Bunu yazmaq da bizim üçün limitdən çıxmaq olardı ki, biz bunu edib dövlətçiliyi sarsıda bilmərik.

Yeri gəlmişkən, hazırda ABŞ deputatxanası bir qadını Mərkəzi Kəşfiyyat İdarəsinə şef qoymaq məsələsinə baxır, o isə 1990-cı illərdə Azərbaycanda casus işləmişdir. Bu, bir daha respublikamızın dünya üçün necə böyük önəm daşıdığını göstərir. Azərbaycanda işləmək hər kəs üçün karyera tramplini rolunu oynayır. Elə Trampın özü Bakıda rəhmətlik nəqliyyat naziri (naziri və tısbağanı ya öldür, ya tərsinə çevir, eyni şeydir – bir ata sözümüzdə belə deyilir) Ziya Məmmədovla “Tramp Tauer” hotelini qayırandan sonra ABŞ prezidenti seçildi. Amerikalı seçicilər Trampın Ziya müəllimlə əlaqələrini yüksək qiymətləndirmişdilər, fikirləşmişdilər ki, əgər bu adamı prezident qoysaq, sabah Bakı avtovağzalından Ucara bilet tapmağımız da asanlaşar. Nəqliyyat müfəttişləri bizi Şamaxinkada tutub minməzlər.

Bizdə nazirlər dəyişiləndə onların qohumlarını işdən çıxarırlar. Nəticədə idarənin az qala yarısı dəyişir. Bəlkə biz də buna limit qoyaq? Örnək üçün, qanun olsun ki, hər təzə nazir köhnə nazirin ancaq arvad tərəfdən qohumlarını işdən azad edə bilər. Yaxud, nazirin qohumları nazirliyin yaxınlığında mütləq başqa nazirlikdə işlə təmin olunmalıdır. Yoxsa son günlər təşviş doğuran informasiyalar alırıq. Bəzilərini köhnə yazılarımızda yazmışıq. Hətta o yazıları təzədən burda versək heç zad dəyişməz, çünki ölkəmizdə sabitlikdir. Lakin bunu etmirik, oxucular bizi qınayarlar. Qısa sözün uzunu (ən azı burda hərdən dəyişiklik lazımdır), təzə əmək və sosial müdafiə naziri Sahil müəllim köhnə nazir Səlim müəllimin qohumlarını ölü balina kimi sahilə atmaqdadır. Çox maraqlı bağlar ortaya çıxır, bununla da dövlətçiliyimizin mənzərəsi aydınlaşır, bütün Qafqazın lideri olmağımız, lazım gəlsə Araz çayına aviadaşıyıcı gəmi buraxmaq imkanlarımızın varlığı, Marsa raket, Aya paket, üşüyən kosmonavtlara jaket, Saturna zırpaket göndərməyimizin mümkünlüyü ortaya çıxır! Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!

Nəsə. Çox qəmlənməyək, sosial idarədə görək kimlər işdən çıxarılıb. Bunlardan biri Səlim müəllimin dayısının kürəkəni, biri qaynı, üçüncüsü isə bacısının əri olmuşdur. Bu tiplər idarədə müxtəlif rəhbər vəzifələr daşıyırmış. Nəinki Səlim müəllim, hətta nazirliyin keçmiş mətbuat katibi Əjdər əkə də idarəyə xeyli qohum-əqrəba doldurmağa imkan tapmışdır. Məsələn, Suraxanı “sabes”inin müdiri məhz Əjdər müəllimin qardaşı imiş. Əlbəttə, bunun özü bizdə mətbuata dövlət qayğısının bariz nümayişidir. 525 qəzetimiz var, nə danışaq…

İndi nazirlikdə o dayının kürəkəninin müvafiq olaraq iş verdiyi bacanağın baldızları işdən qovulacaqdır. Sahil müəllimə bu mühüm vəzifədə uğurlar diləyərək yazıya nöqtə qoyuruq. Qoy millətdə ruh yaşasın, həmçinin.