Загрузка...

Görəsən, biz niyə bu qədər xırdaçı, çürükçü, hər şeyə bir söz qoşan, yorulmadan lağlağı edən, boş-boş şeylərin günlərlə müzakirəsini aparan, ciddi mətləblərin üstündən aşan camaatıq?

Ciddi-ciddi maraqlanıram artıq, bir biz beləyik, yoxsa bizim kimi başqa xalqlar da var?

Bunu öyrənmək üçün xaricdə yaşayan dostlara müraciət edəcəyəm – qoy sığındıqları, yaşadıqları ölkənin camaatının sosial şəbəkədə əsasən nəyi, necə, hansı sürəklikdə və keyfiyyətdə müzakirə etdiyi barədə müfəssəl qeydlər yazıb göndərsinlər.
Bilirəm, onlarda sarı mətbuat deyilən bir şey var, dedi-qoduları, qeyri-ciddi mətləbləri orda yazırlar, camaatın sarı informasiyaya olan aclığını doyuzdururlar.

Bizim onlardan fərqimiz odur ki, ciddi medianı, eləcə də yalnız fərman-sərəncam dərc edən mətbuatı oxuyan azdır, sarı qəzetlərimiz yox kimidir, əvəzində sosial şəbəkəmiz sapsarıdır.

Budur, neçə gündür xalqımızın yazıb-oxuyan, kompüter-telefon işlədən fərdlərinin bir xeylisi “Elçin-Maral” dastanı yaratmaqdadırlar. Ən aktual problemimiz budur. Ermənilər Paşinyanı baş nazir seçəndə heç bu qədər polemika aparmadılar.

Qardaşlar və bacılar, bir iş idi, oldu, keçdi, küləkdi, əsdi, bitdi, yanğındı, alovlandı, söndürüldü, qurtardı. İndi bunun mənası nədir ki, aparıcı-müğənni qovğası ümumxalq probleminə çevrilib? İndi necə olsun, elçinsevərlərlə maralsevərlər səngərə girib atışsınlarmı?

Hər şey göz önündədir: bu xalqın teleaparıcısı nə gündədirsə, müğənnisi də, lap elə jurnalisti, məmuru, müəllimi, həkimi də o gündədir. Hamısının səviyyəlisi, səviyyəsizi var.

O başqa məsələdir ki, heç kəsi aşağılamaq, təhqir etmək olmaz. 118 il öncə yazılmış “Məşədi İbad” komediyasında bir replika var: Anadolu ləhcəsində danışan ziyalımız Rüstəm bəyə deyir ki, “bəndənizi təhqir etmək fikriniz vardısa, neyçün bunu kəndi xanənizdə icra ediyorsunuz?”

İndi onun sözü olmasın, Elçin Əlibəylinin Maral Tahirqızını təhqir etmək fikri vardısa, gərək bunu öz verilişində etməyəydi. Vəssalam.

Bəlkə də aparıcı bilsəydi ki, bu hadisə ölkədə vətəndaş qarşıdurmasına səbəb olacaq, xalqı ikiyə böləcək, etməzdi.
Əslində, xalqı həyəcanlandıran Maral adlı müğənni qadının təhqir olunması deyil, aparıcının davranışıdır. Yoxsa kimin nə dərdinə qalmışdı?

Bu gün daha bir söhbət çıxıb, şəhər uşaqları demişkən, bu, yeni “tema”dır. Televiziyalardan birinin aparıcısı canlı efirdə “Biz Azərbaycan torpaqlarını işğal edəcəyik” kimi bir fikir səsləndirib.

Canlı efirdə belə şeylər olur. Dünyanın bütün ölkələrində, yer üzünün ən bəkgedən telekanallarının efirində də bu sayaq xətalar tez-tez baş verir. Yəqin ki, aparıcı “işğal etmək” və “işğaldan azad etmək” ifadələrinin fərqini anlayır.
İndi bu sözdən yapışıb hey lağlağı etmək, söhbəti çürütdükcə çürütmək nəyə lazımdır?

Sanki hamı hər zaman hər yerdə korrekt danışır, bircə dənə o qız çaşıb və bu, dəhşətli səhvdir. Repressiya illəri olsaydı, güman ki, o qızı gecəylə götürüb aparar, ya güllələyərdilər, ya da 25 il cəza kəsərdirlər, siyasi dustaqlar kimi günəgün yatardı.

Belə görünür ki, bizdəki həmin qafadır. İndi hərf səhvlərinə görə heç kimi güllələmirlər, amma biz sakitləşmirik, ən azı onu işdən çıxartdırmaq istəyirik. Bəs necə? Axı o səhv buraxıb. Biz hamımız mələyik, amma o, səhv buraxıb, aramızda o cür səhv edənlər olmamalıdır, olmamalıdır!

Dediyim odur ki, xırda şeylərə, müzakirəyə dəyməyən, üstündən gülümsəyib keçilməli olan mətləblərə bu qədər enerji sərf etmək olmaz. Ondansa, vallahi, Sami Yusufun “Hasbi rabbi” mahnısına qulaq asmaq lazımdır. O da nə iş görübsə, deyir, bağışla, əfv eylə günahlarımı.

Siz də əfv edək, gəncliyinə bağışlayaq, təcrübəsizliyinə keçək. Bir də deməz. Qoy o da xalqımızın qarşısında söz versin.