Загрузка...

Bu gün başqa bir şeydən, güman ki, bir az məzəli, bir az pozitiv mövzuda yazacaqdım.

Ancaq Orxan Məmmədli imkan vermədi. Jurnalist həmkarım Məmməd Nazimoğlunun oğlu Orxan. O, “Feysbuk”da elə bir şey yazmışdı ki, o sözlər məni götürüb kəndimizə apardı.

Orxan belə yazmışdı:

“Lap üstündən 50 il keçsə də, heç olmasa ildə bir dəfə böyüdüyün kəndin avtobusuna minmək lazımdır.

Bir kısmat ot qırıb buzovlara vermək, pəyəni kürümək, ağacları sulamaq, yer belləmək, sonra yumru yastığı yerə atıb fanerkanın üstüylə işığa doğru gedən xəttə baxmaq lazımdır.

Sən bu evdə böyümüsən axı, ay əclaf! Sənin ki getməyə yerin var. Yurdunu ki almayıblar! Darvazanı qıfıllayıb gələnlər var ey, 26 ildir açarı cibində, qəhəri boğazında vurnuxurlar.

Kəndinizə gəlin, kəndinizə gedin!”

Orxan “darvazanı qıfıllayıb gələnlər var” deyərkən bizi deyir.

Yox, qardaşoğlu, biz darvazanı qıfıllayıb gələ bilmədik. İmkan olmadı. Sarı darvazamız taybatay açıq qaldı. O darvazadan tank keçə bilməzdi, amma ZTR keçərdi. Amma ikisi də keçmişdi.

Bunu mənə sonradan jurnalist Tahir Paşa danışıb. O, həmin vaxt Füzulinin kəndlərini bir-bir ermənidən geri alan ordu hissələrimizin tərkibində kəndimizdə olmuşdu. Danışırdı, deyirdi, sizin kəndin filan yoluyla, açağı tərəfdən kəndə girdik, biri kirəmitli, biri şiferli iki böyük evin arasından dar cığırla bir evə çıxdıq, həyətində önü tünd qırmızı boya ilə fasadı kərpic-kərpic edilmiş hamam və çoxlu su bidonları vardı, qoz ağacının dibindən çoxlu qoz yığdıq.

Bir az öncə onun “damı kirəmitli evdə çoxlu dava-dərman, aptek ləvazimatları vardı” deməsindən onun qonşumuz Nemətgilin evi olduğunu bilmişdim. Nemətin anası kənd xəstəxanasının əczaçısı idi. Həyətində kərpic rəngli fasadı olan hamam və çoxlu su bidonları olan ev isə bizimkiydi. O hamamı öz əllərimlə tikmişdim. Qoz ağacını da atam əkmişdi.

Tahir Paşadan sakitcə “ev yerindəydimi” deyə soruşdum. O, udqundu və sakitcə əlavə etdi: “Ev deyəndə, hiss olunurdu ki, burada ev olub, təkcə fundamenti salamat idi. Tankla vurub dağıtmış, yandırmışdılar”.

Demək, sarı darvazadan tank da keçibmiş. Görünür, uçurdub keçib.

Sonradan bizim kəndimiz yenə düşmən əlinə keçdi, indi ora təmas xəttidir. Düşmənin əsas istehkamı düz mənim ev tikəcəyim yerdədir. Ermənilər bir dəfə bir video paylaşmışdılar, ordan görüb tanımışam. Zavodun o cür görünüşü yalnız mənim özül qazdırdığım yerdən elə görünə bilərdi.

İndiyə heç kəsin cibində o evlərin açarı qalmaz. Olmayan darvazanın, olmayan evlərin, sökülmüş qapıların açarı ta nəyə lazımdır ki?

Amma Orxanın dediyi “boğazdakı qəhər” məsələsi ilbəil artır. Heç cür səngimir, heç cür udulmur.

Bu vədələr bizim kənd cənnət olurdu. Həyətlərdəki növbənöv qızılgüllər (çəhrayı rəngli nəlbəki qızılgül, bənövşəyi rəngli məxməri qızılgül) açılıb pardaqlanır, ətri yeddi o yana qonşulara yayılırdı, onun iyinə akasiya və iydə ağaclarının çiçəyinin ətri qarışırdı. Cənnət ətri gəlirdi. Düzdür, heç kəsin cənnət haqda dürüst, bir neçə mənbədən təsdiqlənmiş məlumatı yoxdur, amma elə bir yer varsa, o mütləq kəndimizin bu vaxtlarının ətrini verməlidir.

Hər yan yaşıllıq olardı. Hər bir həyət bir kurort pansionatı boydaydı – geniş, çox ağaclı, kölgəli, talvarlı, sərin, rahat… Adama elə gəlirdi ki, həyat durub, zaman getmir, dayanıb və insan 1000 il yaşayar, ölməz.

Sonra hər şey sürətləndi, kəndimizi ildırım vurdu. Hər gün eşitdiyimiz top gurultusu, “Qrad” səsləri yavaş-yavaş kəndimizə yaxınlaşdı. Panika, təlaş, Xocalı aqibətinin xofu, yiyəsizlik, müdafiəsizlik, başıpozuqluq… Heç bilmədik, kim qırıldı, kim qaldı. Və hər şey yox oldu.

O vaxtdan bəri camaat kəndinə yalnız yuxularında gedir. Bir də yolları düşəndə kəndə 3-4 kilometr yaxınlaşaraq “Daşlı yer”in başındakı təpədə durub baxır, baxır, köks ötürüb, geri qayıdır, Quruçaya enib, “Zərif bulağı”nda əl-üzlərini yuyurlar.

Bu “əl-üz yuma” ayini bilirsinizmi, nədir? Adamlar gözlərinin bulağında qurumuş, hərdən də üzlərini islatmış göz yaşlarını yuyurlar. Sonra bir az su götürüb Bakıya, Sumqayıta, Şirvana, İmişliyə, Sabirabada, Gəncəyə qayıdırlar.

Ona görə də Orxan düz deyir: kəndinizə gedin.

Elə norveçli səyyah Tur Heyerdal da düz deyirdi ki, insan sonda cənnəti tapır – vətəninə qayıdanda.