Azərbaycan mediasının tanınmış nümayəndələrindən olan “Exo” qəzetinin baş redaktoru Rauf Talışınski bu gün Bakıda dəfn olunub.
Musavat.com xəbər verir ki, mərhumla vida mərasimi Təzəpir məscidində olub. Burada R.Talışinskinin yaxınları və ölkə mediasının çoxsaylı nümayəndələri, deputatlar, icra hakimiyyəti təmsilçiləri onunla vida mərasimi təşkil ediblər.
“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski dünən qəflətən vəfat edib. Onun infarktdan vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Rauf Talışinski 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
“Molodyoj Azerbaydjana”, “Vışka” və “İzvestiya” kimi qəzetlərdə çalışıb. 1990-cı ildən “Ayna”/”Zerkalo” qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.
Rauf Talışinski 27 yanvar 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru olub. Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.