Загрузка...

Pambıq becərməyə gedən qadınları daşıyan lapetin qoşqusu aşıb, altı qadın ölüb. Müxalifət deyir, lapeti hökumət aşırıb. Niyə camaat pambığa lapetlə gedirdi ki?! Düzdür dünyanın heç yerində pambıq sahələrinə təyyarə ilə gedilib, paraşütlə enilmir. Miniklə gedir, işini görür, geri gəlir adamlar. Yəni bu deyilən arqument və ya uğurlu ittiham deyil. Növbəti “gəl dalaşaq” təklifidir. Hökumət də deyir, bu faciədir, özü də ağırından, amma qardaş, lapeti biz sürmürdük axı?! Bu qəzadır, bir neçə ailənin faciəsidir. Allah rəhmət eləsin!..

İkisi də sussaydı, bir-iki söz də biz deyərdik. Əslində susmasalar da demək olar. Məsələn, deyə bilərsən ki, qardaşlar, sizin didişdiyiniz məmləkətdə adamların rəhmətə getmək, dünyasını dəyişmək kimi lyuks yoxdur, onlar ölürlər. Hadisədən çıxış etsək, lapetdən aşıb ölürlər. Bu qadınlar da məhz ölüb. Əziyyət çəkməkdən, zülümdən pul qazanmaqdan, kəndlərdəki şəraitsizlikdən ölüb. Bir dəli şeytan deyir dur yolu al əlinə, get faciə olan kəndə. Gir o ölən qadınların evinə. Bax gör o altı qadın hansı evdə, hansı şəraitdə yaşayırdı? Həyat yoldaşları necə adamdır? Balaları nə yeyib-içir indi? Məktəbə gedirmi? Necə oxuyurlar? Kim olmaq istəyirlər? İstəyib, arzuladıqları şeylərin neçəsini ala bilirdi onlara ana-ataları? Yolun qruntavoyluğunu, lapeti filanı o yana qoyun. Gəlin gedək o kəndə. Görəcəksiniz ki, təkcə yollarımız yox, insanlarımız da “qruntavoy” olur… Əyilir, çala-çuxur olur, zibil içində qalır, ölür!

…Və pambıq becərmək. Əvvəlcə şitili əkilir. Sonra əlinlə, dizini yerə atıb hektarlarla sahəni becərərirsən. Buna bizim kənddə ilk üz deyirdilər. Azca böyüyəndə kətman götürüb, ətrafındakı alaq otlarını, xırda daş-kəsəyi təmizləyərsən, başına gün vura-vura. Bel ağrısından kürəyini düz saxlamaq zor olar günlərlə. Qol əzələsi fərqli olar kətman vuran qadının, kişiləşər, qadın olmaqdan çıxar, amma dörd-beş cərgəni “aparıb”, “gətirər”. Alaq edə-edə, itdiyinin fərqində olmaz. Hərdən kiçik təyyarə ilə gübrə də səpərlər başının üstündən sahəyə, ziyanlı böcəkləri məhv etmək üçün. Ağ zəhərin iyi, mayesi adamın boğazına, nəfəsinə gedəndə udqunmağa, nəfəs almağa əziyyət çəkir insan. Hələ zəhərləndiyi də olur. Heç fikir verməzlər, fəhləsən axı. Qatıqdan, zaddan içib işləyərsən. Sən xərcləndikcə, işləməkdən öldükcə, kollanar, qoza yetirər becərdiyn pambıq. Sonra da yığarsan… yığarsan… Nə qədər qazandığını bilmək istəyərsən yığdıqca. Bizə kilosu üçün iyirmi qəpik ödəyərdilər, səksənin sonlarında. Ən çox yığdığım otuz beş kiloqram olub, qazandığım yeddi manat. Yəni səhərdən axşamacam çəkdiyim əziyyətin qarşılığı yeddi manatla ödənilirdi. Bir uşaq, məktəbli üçün bu yaxşı, bəlkə də maraqlı ola bilər. Amma bir ailə başçısı üçün faciənin dibidir. Yəqin elə bu üzdəndir, dünya bazarının ən bahalı məhsullarından olan pambığı səksənlərdən bu yana, insaf edib otuz qəpik bahalaşdırıblar. Noolsun ki otuz dəfədən də artıq inflyasiya gedib. İndi təxminən əlli qəpikdir bir kiloqramı pambığın.

…Pambığa atamla dava eləyə-eləyə gedirdim. Atam rayonda vəzifəsinə görə tanınırdı. Onda rəislərin qızı pambığa getməzdi, atamı utandıran bu səbəb idi. Onun yekəxana qızı fəhləlik eləmək istəyirdi, hamı kimi. Biz pambıq yığırdıq. Həyatı elə pambıq rəngində görürdük, ağappaq. Ona görə dırnaqlarımız didilər, əti qopar, “qaranquşu” çıxardı, hətta qanayardı, əhvalımız pozulmazdı, daha yaxşıya ümidimiz vardı deyə. Mənim və sinif yoldaşlarımın lapetdə ölən qadınlardan bircə fərqi vardı. Pambıq yığmaq bizim yaşamaq üçün yeganə çıxış yolumuz deyildi. İndi deyək ki, faciələr həyatın ağır təsadüfləridir. Amma ağır həyatlar yüngülləşə də bilər. Bu da yaxşı adam işidir. Yəni bizim yaxşı adam olmaq vaxtımızdır. Nə edək? Yoldan başlamaq olar. Pambıq sahələrinə gedən yoldan. Qismən normal hala gətirə bilərik. İnsanları sahələrə, axşam da evə avtobuslarla daşımaq olar, əgər yerli məmurlar dürüst işləsələr. Bu da bir təhlükəli məqamdır. Azərbaycanın problemi beş on iri məmur deyil. Kütləvi orta və xırda məmur xaosu, problemi mövcuddur. Rayon icra başçıları, onların müavinləri, idarə rəisləri, şöbə müdirləri, sektor rəhbərləri, köməkçilər və sair. Eyni zamanda bu sadalananların hər birinin tabeliyində olan daha aşağı ranqa məmurlar. Yəni gözəlim məmələkəti bu hala gətirən təkcə hansısa nazir deyil, həm də məmur kütləsidir. Yalan-palandan, fırıldaqdan, oğurluqdan ibarət, soyuqqanlı məmur kütləsi. Üzərində ən çox düşünülməsi lazım olan məsələlərdən biri də budur. Vicdanlı, əqidəli, vətənpərvər və nəfsinə hakim ola biləcək adamları yerləşdirmək zamanıdır. Təkcə başı dəyişməklə iş olmaz. Bu baş tutsa, bəlkə onda adamlarımız ölməz, rəhmətə gedər, dünyasını dəyişər. O da zamanı gələndə…