Загрузка...

“Bağışlayın, – naməlum şəxs mülayimcəsinə cavab verdi, – idarə etmək üçün gərək, heç olmasa, müəyyən bir müddətə dəqiq planın ola. İcazənizlə soruşum, insan necə idarə edə bilər ki, gülməli dərəcədə qısa bir müddət üçün, deyək, min il üçün plan qurmaq imkanına malik olmadığı bir yana, hətta öz sabahkı gününə belə cavabdeh deyil?!”

(Bulqakov, “Master və Marqarita”)

****

“Əri döyən arvadı, it də tutdu bir yandan” – bu ata sözümüz nədənsə son günlər yadımdan çıxmır. Düzü, bunun səbəblərini anlamıram. Misal üçün, bir uşağın valideyni əsib-coşub axmaq video hazırlamışdı, guya bunun gül balasını məktəbdə çırpıblar. Təzə təhsil nazirimiz isə özünü göstərməyə fürsət axtarırmış kimi dərhal müəllimi işdən qovdu. Sonradan isə ortaya video çıxdı: sən demə, valideyn özü uşağı məktəbdə döyürmüş.

O cümlədən bəzi yuxularımı yozmağa çətinlik çəkirəm. Örnək üçün, dünən gecə yuxuda bir telekanalımızda intellektual verilişə qatılmışdım, aparıcı gözgörəsi, qəsdən məni uduzdurdu. Hətta verilişdə həyasızcasına, üzümə gülərək etiraf elədi ki, məni qəsdən uduzdurur. Studiyada toplaşanlar isə buna əl çaldılar! 6 mayda doğum günü qeyd olunan Freyd kimi alimimiz də yoxdur yanına gedəsən, izah edə. Biz heç dişimizi düzəltdirməyə həkim və pul tapmırıq, gəl gör başımızın içi və yuxular ola… Bir psixiatrımız var idi, ölüb, o üzdən adını çəkmirəm, bambılı, alabəzək şərflər bağlayıb bütün günü efirdə veyllənirdi, di gəl rəhbərlik elədiyi xəstəxanaya girəndə pis iydən burun tutulurdu. Xəstələri zəncirləyib gəzdirirdi. Ancaq zırramanın cəmiyyət arasında necə hörməti vardı!

Mən indi o döyülən uşağın əhvalatına qayıtmaq istəyirəm. Bir neçə gün müzakirə getdi ki, uşağın alnını görəsən kim göyərdibdir (bir aktual filoloji müzakirə də mən açım, videoda baxdım, əslində uşağın alnı göyərməmişdi, qızarmışdı. Bizdə dilçilik olduqca önəmlidir, uşaqları orfoqrafik-orfoepik lüğətlər əsasında çırpmalıyıq. Qoy başlarına bir şey girsin). Doğrusu mən böyük fərq görmürəm. Uşağı kim vurubdur, fərqi varmı? Anası döyə bilər, müəllim yox? Baba nəvəsinə “qulağını kəsərəm” desə olar, qonşu desə cinayətdirmi? Bunlar hamısı araşdırılmalıdır. Ciddi surətdə. “Surəti halım görən, surət xəyal eylər məni” – şairdən beytin məqamıdır.

Kəlləmayallaq formada yaşamaqdayıq. Məktəbə valideyn iclasına çağırmışdılar. Direktor müavini deyir ki, uşaqlarınızın dərsə davamiyyətinə fikir verin, gündəliyinə baxın, dərsdən qaçmağa qoymayın. Fikirləşirəm ki, görəsən, özü niyə buna əməl eləmir, çünki hər həftə uşağa elə bunun özü bir-iki saat dərs keçməlidir, di gəl uşaq hər həftə həmin vaxt evdə olur: “Müəllim buraxdı, dedi çıxın gedin”. İndi bu müəllimə nə deyəsən? Sonra riyaziyyatdan qiymətlər açıqlanır: 125 şağirddən 52 nəfəri imtahanda “0″ (sıfır) bal toplamışdır. Bunun günahı isə valideynlərdə imiş. Gərək biz evdə uşağa hər gün triqonometriya keçək. Qonşum şofer Səlimdən heç gümanım yoxdur, məncə, o, öz uşağına kosinusla tangensin fərqini lapatka sapı ilə başa salacaqdır. Göysatan Bəsti nənə isə paralelepipedin sahəsini düzgün hesablamaqda çətinlik çəkəcəkdir. Bəs müəllimlərin heç günahı yoxdurmu? Əlbəttə, yoxdur. Onlar seçki işlərini 100 faiz uğurla 150 faiz çığır-bağırla həyata keçirmişlər. Daha nə lazımdır? Sözgəlişi, çarımız Putini də təbrik edirik, növbəti sroku münasibətilə.

İdiotizm isə ondadır ki, məktəbin eşşək boyda idman zalı var, ancaq idman dərsləri de-fakto ləğv edilibdir. Direktorun sözünə görə zal bütün siniflərə çatmır. İdman dərsinin yerinə riyaziyyat keçirlər, həmin riyaziyyatdan isə 52 nəfər sıfır alır. Halbuki uşağa imkan verilməlidir hoppansın, cırmaqlaşsın, yumruqlaşsın, turnikləşsin, dümsükləşsin, sümsükləşsin. Axı bizdə idman dövlət siyasətidir! Heç olmazsa uşaq gələcəkdə kimisə yerə çırpıb himnimizi ucaldar, buna görə ona ev verilər, maşın verilər, yol polisində iş verilər və sairə verilər. İndiki halda uşağı nə gözləyir? Heç zad. Riyaziyyatı ləğv edib idman keçmək əvəzinə axmaq işlərlə məşğuldurlar, perspektivsiz şəkildə uşaqların gələcəyini məhv edirlər.

Əsəbləşib məktəbdən çıxmaq istəyirsən, ancaq qapıçı məktəbin 40 qapısından yalnız birinin bir tayını açıbdır. Ordan da saniyədə 7 uşaq, 3 müəllim, 4 valideyn və sairə ünsürlər sürtüşərək keçməlidir. Qapı açılmaq üçündürsə, bunun niyə həmişə yalnız bir tayı açıqdır? Sirli məsələdir. Bizdə qapı bağlanmaq funksiyasını daşıyır. Yalnız.

İndi söz əlaqədar təşkilatlarındır – görüm sizi it tutsun.