Загрузка...

Hər ölkədə elə siyasətçilər, politoloqlar və jurnalistlər var ki, onlar çıxıb bir söz, fikir dilə gətirəndə, aydın şəkildə bilirsən: “Bu, onun öz fikri deyil, dövləti idarə edən dairələrin fikridir”.

Elə adamlar bizdə də var, Türkiyədə də, ABŞ-da da, Rusiyada da.

Bu xüsusda müəyyən incəliklər var, biri də odur ki, belə adamlar xüsusi təlimatlanmış olmaya, yəni hansısa fikri saraydan direktiv almadan da səsləndirə bilərlər.

Bu, onların ölkənin, regionun, dünyanın gündəmini əla izləmələrinin və öz dövlətinin siyasi kursunun detallarını yaxşı bilmələrinin, bir də müəyyən informasiyalı dairələrlə əlaqələrinin nəticəsi də ola bilər.

Rusiyalı telejurnalist Mixail Leontyev o cür adamlardandır.

Biz onu azı 20 il öncədən tanıyırıq. O zaman o, qısa çəkən müəllif veriliş aparırdı, gündəmdə olan siyasi hadisəyə dair öz şərhini verirdi.

Leontyevin tele-köşəsi onunla seçilirdi ki, o, ölkəsinin daxilindəki və xaricindəki bütün hadisələrə, proseslərə sırf Kremlin baxış bucağından yanaşırdı. Adam özünü rus millətçisi kimi tanıtmışdı və səmimi idi. Aydınca bilinirdi ki, o, öz xalqını dünyanın bütün xalqlarından üstün sayır və onun mənafeyini heç kəsə güzəştə getməz.

Mixail Leontyev zaman-zaman Azərbaycana qarşı da sözlü həmlələr edirdi və vaxtaşırı açıq-aşkar ermənipərəst mövqe sərgiləyirdi.

Bu, o zamanlar idi ki, Moskva Ermənistana 1 milyard dollarlıq silah (bir az köhnə olsa da) vermişdi, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda rəsmi İrəvanın sözünə qüvvət verirdi, Azərbaycanı “sülhə gətirmək” üçün təzyiqlərə əl atırdı.

Leontyev də öz verilişində bizi, Azərbaycan tərəfini, rus ibarəsi ilə desək, “ne prav” çıxarırdı.

İndi bu adamın birdən-birə, uzun illərdən sonra durub Ermənistana qarşı fikirlər söyləməsi, Ermənistanın Rusiyasız heç nə olduğunu bildirməsi, hətta təhqiramiz ifadə işlətməsi ondan xəbər verir ki, körpünün altından çox sular axıb və Ermənistan-Rusiya-Azərbaycan-Qərb münasibətlərində status-kvo bir qədər dəyişib.

Məşhur jurnalistin son açıqlamaları heç də rəsmi Bakının onunla iş aparıb öz tərəfinə çəkməsinin nəticəsi deyil. Leontyev bu sözləri ilə hansısa muzd qarşılığında söyləmir və “Azərbaycanın dəyirmanına su tökmür”. O, sadəcə, yenə də informasiyalı biridir və iti fəhmi ilə küləyin hansı istiqamətdən əsdiyini bilir.

Bu ondan xəbər verir ki, hazırda Kremldə Ermənistan haqqında aşağı-yuxarı bu cür düşünürlər.

Kreml başbilənləri düşündüklərini heç vaxt açıq-açığına dilə gətirməyəcəklər, diplomatik ifadələrdən istifadə edəcəklər, media üçün dostluq fotoları sərgiləyəcəklər, ancaq bu, onların bağlı qapılar arxasındakı ritorikasını və düşüncələrini dəyişməyəcək.

Məsələ bundan ibarətdir ki, son iki ildə Ermənistanda “müvəffəqiyyətdən başgicəllənməsi” prosesi gedir: ermənilər bura qədər Rusiyanın hesabına əldə etdikləri nailiyyətlərə qane olmurlar. Rusiya isə onlara bundan artığını vermək niyyətində deyil. Aşıb-daşan erməni ambisiyası Rusiyanın “qonşular” siyasətinə zidd düşür. Ona görə də indi onlar özlərinə başqa ağa, daha dəqiqi, himayədar axtarırlar.

Leontyevin, eləcə də çoxdan “Kremlin danışan dili” olan Jirinovskinin Rusiyanın elədiklərini Ermənistanın başına qaxmaları, ermənilərin ruslarsız pis günə qalacaqları barədə anons etmələri o məqsədə xidmət edir ki, onları yanlış yoldan çəkindirsinlər, Qərbə reverans etmələrini dayandırsınlar.

Yoxsa 20 ilin ermənifil Leontyevi birdən-birə ermənifob olmazdı.

O, elə bir adamdır ki, dövlətinin yanında olanları öyəcək, qarşısında olanları isə söyəcək. Leontyev Qafqaza baxır və Ermənistanın Moskvaya tərəf baxmadığını, üzünü Qərbə tutduğunu görür, ona görə də hiddətlənir.

Bu durum bizə, dövlətimizin, ölkəmizin mənafelərinə uyur. Təki düşmənimizin müttəfiqi ondan üz döndərsin və biz, nəhayət, istər siyasət və diplomatiya cəbhəsində, istərsə də Qarabağ səngərlərində üz-üzə, təkbətək qalaq.

O zaman bilinər ki, əsl “Qələbə günü” hansıdır – 8-i, 9-u, yoxsa başqa bir gün.