Загрузка...

Dünyada ilk dəfə Bostonda tamamilə robotlaşdırılmış restoran açılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, restoranın yaradılmasında Massaçusets Texnoloji İnstitutunun 4 tələbəsi iştirak edib.

Onlara bu işdə “Michelin” ulduzunun qalibi, şef-aşpaz Daniel Bulyu kömək edib.

Robotlar restoranda aşpaz, xidmətçi (ofisiant) və xadiməni əvəz edirlər.

Restoranın qurucuları robotların bütün hərəkətlərini dəqiq hazırlayıblar. Bu, onlara yeməkləri tez və keyfiyyətli hazırlamağa, çatdırmağa kömək edir.

Restoranın mətbəxi 7 hissəyə – bloka ayrılıb. Onların hər biri müəyyən yeməklərin hazırlanmasına xidmət edir. Zaldan mətbəxə siqnal daxil olur. Bundan sonra sistem onu lazım olan bloka göndərir.

Müştərilər sifariş vermək üçün yeməyi monitordakı menyudan seçməlidirlər. Yemək bir neçə dəqiqə ərzində hazırlanır. Hər bir robot mətbəxdə öz yeməyinin hazırlanmasına xidmət edir.

Mətbəxin qapıları müştərilərin üzərinə açıqdır. Onlar burda sifarişin hazırlanması prosesini izləyə bilərlər.

İş prosesində hər hansı nasazlığın yaranmaması üçün robotları iki əsl aşpaz müşahidə edir.