Загрузка...

Uzun illər öncə, daha dəqiqi, 1994-95-ci illərdə Yasamalda, Texniki Universitetin yataqxanasında qalırdım, qonşum zəngilanlı köçkün idi, 3-4 yaşlı oğlu vardı, daima övladının boyunu sevirdi, onunla bağlı optimist, zarafatyana planlar qururdu.

O zaman da elə vaxtlar idi ki, çeçenlərin səs-sorağı, döyüşkənliyi barədə söhbətlər dünyanı başına götürmüşdü, Şamil Basayev Budyonovskda əməliyyat keçirib, Kremlin dizini yerə gətirmişdi. Hamı “çeçen-çeçen” deyə-deyə az qala çeçəyirdi. Elə günlərin birində qonşumla həyətdə rastlaşdıq, sözünə “çeçenləri görürsən də” deyə başladı, sonra bir az irəlidə oynayan balaca oğlunu göstərib dedi: “Gözümü dikmişəm buna… Yekəlsin, gedib buna bir çeçen qızı alacam. Qoy heç olmasa nəvəm qeyrətli olsun, torpağımızı geri alsın”.

Zarafatla deyilmiş bu sözün altında, əslində, böyük bir faciə dururdu. Belə çıxırdı ki, biz əzilmiş, döyülmüş, uduzmuş və bununla barışmış durumdayıq, indi əlacımız yalnız “qeyrətli nəvələr”ə ümid bəsləməyə çatır.

Ancaq bu, sadəcə, həmin gün gündəmdə olan hadisələrin təsiri altında dilə gətirilmiş və məzəli tonda ifadə edilmiş fikir idi. Sözün başına ip salmağa dəyməzdi.

Sonralar bu cür ifadələri çox eşitdim. “Oğluma nemes qızı alacam, qoy balaları dürüst, dəqiq olsunlar”; “oğluma yevrey qızı alacam, nəslimizdən məşhur və varlı-hallı adamlar çıxsın”; “oğluma braziliyalı qız alacam, bəlkə nəvələrim yaxşı futbol oynaya, milli komandamız da qələbə qazana” və s.

Bunlar da, söz yox ki, zarafat idi. Elə deyənlərdən heç biri gedib oğluna “nemes”, “yevrey”, “braziliyalı” qızlar almadılar, necə deyərlər, “kəndini ürküt, axsağından yapış” taktikası seçdilər.

Düzü, iki il əvvəl İslandiyanın futbol millisi Avropa çempionatında qan eləyəndə mən də yeniyetmə varislə elə bir zarafat elədim. Oyun başlamazdan öncə stadionda əyləşən gözəl island qızları göstərirdilər, zarafatla dedim, qaqa, bax, gör, necə gözəl qızlardır, yekəl, birini alaq sənə. O da çəpəki baxdı, ciddi-ciddi dedi: “İsland dilini bilmirəm axı”. Sanki bu layihədə yeganə problem dil baryeriymiş.

Amma bütün bu cür zarafatlarda bir həqiqət də var. Camaatımız “məişət faşizmi”nə enməyəcək qədər yüksəkdədir, övladlarının istənilən millətin nümayəndəsi ilə ailə qurmasına, prinsipcə, qarşı deyillər, buna “sümüyü it sümüyünə calama” hadisəsi kimi baxmırlar.

Hərçənd burada bir istisna hal var: heç kəs qızını yad millətlərin oğluna vermək istəmir, sadəcə, oğullarına istənilən millətin qızını ala bilərlər.

Təcrübə göstərir ki, son illərdə ölkəmizdə də qarışıq nikahlar var: ispana, ərəbə, ingilisə, əfqana, nigeriyalıya, italyana, argentinalıya ərə gedən azərbaycanlı qızlar var.

Bu, necə deyərlər, ürək-könül məsələsidir, heç vaxt “yox, övlad, öz millətimizin balasıyla evlənməlisən” deyə bir yasaq qoymaq, bunu qanun halına gətirmək olmaz. Belə bir şey edilirsə, ayrı adı yoxdur, faşizmdir.

Ancaq yenə bir istisna var. O istisna indiki durumla bağlıdır. Ermənilərlə biz düşmənik (həm də ən azı 120 ilin düşməni) deyə bu iki millətin fərdləri arasında nikahlar hər iki tərəfdə hidddət, nifrət, ikrah doğurur, qınanır, pislənir.

Budur, diaspora rəhbərinin qızı erməni oğlana ərə gedib və mediada, sosial şəbəkədə tozanaq qopub. Bunu az qala milli xəyanət kimi qələmə verənlər var. Məsələnin mahiyyəti isə başqa cürdür. Heç demə, qızın anası erməni imiş. Bu, o deməkdir ki, qız öz millətindən olan oğlana könül verib. Güman ki, onlar tanış olanda, oğlan özünün erməni olduğunu deyib və qız da ona belə cavab verib: “Mən də erməniyəm, amma yarıerməni”. Bununla da məsələ bitib.

Bu, yalnız o diaspora rəhbərinin problemidir, onun qız nəvələri daha çox (75 faiz) erməni olacaqlar və ağsaqqala “baba” əvəzinə “hayrik” deyəcəklər, təhəmmül edə bilərsə, etsin, bizə nə.

Bir şeyi unutmayaq ki, bir millətin güclü, diri, bacarıqlı, intellektual olması üçün onun başqa millətlərlə nikah bağı ilə qaynayıb-qarışması şərtdir. Avropa dövlətləri bu cür inkişaf ediblər, hamısı da öz milli kimliklərini qoruyub saxlayıblar. Özləri də nənələrinin polyak, dədələrinin çex, analarının yarıfransız, atalarının yarıalman olduqlarını deyir, özlərini hansı millətə aid olduqlarını deməkdə çətinlik çəkir, amma fəxrlə, məsələn, “İsveç vətəndaşıyam” deyirlər.

Əsas məsələ də budur: hansı millətdən olursan, ol, pasportunu daşıdığın dövlətin vətəndaşı ol, içində yaşadığın xalqı sev.