Əsəd Dəməşq ətrafı və mərkəz bölgələrə qədər əraziləri müxaliflərdən təmizlədi, növbəti əməliyyat Hama-Hums arasında və Dərada başlaya bilər
Suriya ordusu ölkənin mərkəzinin böyük bir hissəsini müxalif silahlı qruplardan təımizləyib. Ən son olaraq mayın 3-də Suriya ordusu əməliyyat qüvvələri Dəməşqin cənubunda İŞİD-in nəzarətində olan Yərmuk qəsəbəsi ilə Həcər əl-Əsvəd qəsəbələrini bir-birindən ayırmağa nail olub.
Suriyada ilk döyüşlər başlayandan silahlıların nəzarətinə keçən Yərmuk düşərgəsi və ətrafındakı yaşayış məntəqələrində müharibədən əvvəl bir milyona yaxın insan yaşayıb. Bölgənin bir hissəsində silahlı islamçılar, Yərmuk və Həcər əl-Əsvəd qəsəbəsində isə İŞİD möhkəmlənib.
Suriya ordusu Şərqi Qutanı azad etdikdən sonra, aprelin 18-də Yərmuk və ətrafındakı bölgələrə əməliyyat başladıb. Ancaq tez bir zamanda Seyyidə Zeynəb qəsəbəsi üzərində yerləşən silahlı müxaliflərin nəzarətində olan bölgə azad edilib, silahlıların sonuncu qrupu ötən gün Suriyanın şimalında müxaliflərin əlində olan bölgəyə yola salınıb. Lakin İŞİD Yərmukda qalacağını bəyan edib. 15 gündən artıqdır ki, Yərmukda Suriya ordusu və silahlılar arasında demək olar, hər ev uğurunda döyüşlər gedir. Amma İŞİD də artıq bölünüb, küçə döyüşləri ağır şəkildə olsa da Suriya ordusunun irəliləməsi ilə davam edir.
Qeyd edək ki, bu ilin əvvəlindən başlayaraq Suriya ordusu ölkənin mərkəzində hələ də müxaliflərin əlində qalan “adacıqları” azad etmə əməliyyatları həyata keçirir. Ötən ilin sonlarında Deyr əz-Zor vilayətini Fərat çayının qərb sahili boyunca İŞİD-dən təmizləyən Suriya ordusu burada bir neçə dəfə (sonuncu dəfə bu ilin fevralında ruslarla birlikdə – K.R.) kürd silahlıları və ABŞ ordusu ilə qarşılaşsa da, əsas qüvvələri məhz ölkənin mərkəzinə cəmləyib. İlin əvvəlində Şərqi Quta kimi Dəməşqin “başı üzərində” yerləşən rayona əməliyyatlar başladı. Ötən ay Şərqi Quta ilə birlikdə, bu günlərdə Dumeyr və ondan bir qədər şimalda yerləşən Cəyrud qəsəbəsi də daxil olmaqla geniş ərazi müxaliflərdən azad edilib. Hazırda Yərmuk istisna olmaqla ölkənin mərkəzi və şərq hissəsində müxaliflərin əlində qalan yeganə bölgə Hums və Hama şəhərləri arasında yerləşən ər-Rastan məntəqəsidir. Bir neçə gün əvvəl Suriya ordusunun “Pələng” xüsusi təyinatlı qüvvələrinin və uzaqvuran artilleriya qüvvələrinin ər-Rastan bölgəsinə doğru yola düşdüyünü göstərən videolar yayıldı.
Son bir neçə gündür ki, Suriya ordusu bu bölgəni müxtəlif istiqamətlərdən bombalayır. Ehtimal ki, növbəti əməliyyat ər-Rastanda keçiriləcək. Bununla da İdlibdən Dəraya qədər Suriyanın mərkəzi və şərq hissəsi tamamilə hökumətin nəzarətinə keçmiş olacaq. Yalnız ölkənin cənubunda İsrail və İordaniya sərhədlərinə doğru müxalif qrupların və İŞİD-in nəzarət edtiyi bölgələr qalır, bir də Şərqə doğru müxaliflərin və İŞİD-in əlindəki ərazilər.
Bundan sonrakı etapda Bəşər Əsədin ya şimal-şərqə doğru kürdlərlə Deyr əz-Zorda qarşıdurması ola bilər, ya da Əsəd hələlik cənuba yönələcək və İordaniya ilə sərhədləri tamamilə nəzarətə götürmək üçün əməliyyatlara başlayacaq. Hazırda ölkənin demək olar 60 faizdən çoxu mərkəzi Dəməşq hökumətinin nəzarətindədir. Yerdə qalan ərazinin böyük hissəsi kürdlərin və ya başqa adla, Suriya Demokratik Qüvvələri və ABŞ-Fransa koalisiyasının nəzarətindədir, təxminən 25-30 faiz arası. Qalan ərazilər isə İŞİD, ASO, digər islamçı müxaliflərin əlində olan bölgələrdir. Əhalinin böyük bir qismi hökumətin nəzarət etdiyi bölgədə yaşayır.
Böyük ehtimalla İdlib, Afrin, Aziz-Cerablus və kürdlərin nəzarətindəki bölgənin taleyi isə Cenevrə danışıqları, eləcə də Rusiya-Türkiyə-İran “üçlüsünün” apardığı Astana prosesinin danışıqları ilə müəyyən olunacaq. Ancaq buna qədər Suriyada müharibə hələ bir müddət davam edəcək. O cümlədən növbəti kimyəvi silah hücumları və İsrail zərbələri kimi savaşın taleyinə təsir edən faktorlar da nəzərə alınmalıdır.
Kənan Rövşənoğlu,
“Yeni Müsavat”