“Əldə edə bilmədiklərini əldə etdiklərindən həmişə yaxşı sanırsan. İnsan həyatının romantikası və idiotizmi, bax, elə bundadır”
(Erix Mariya Remark)
Ermənistan həmişə səs-küy qoparırdı ki, guya biz onları blokadaya salmışıq. İndi isə özləri özlərini blokadaya alıblar və müxalifətçi Nikol Paşinyanın tərəfdarları orada bütün yolları bağlamışdılar. Görünür ermənilər artıq, bir anekdotda deyilən kimi, “bir növ adətkərdə” olmuşlar. Uzun zaman zırıldayıb “əzabkeş xalq” adıyla dünyanı bezdirdilər, nəticədə gerçəkdən əzabkeşə döndülər.
Bizdə isə davanı müvəqqəti uduzmağımıza baxmayaraq inkişaf, tərəqqi sürətlə getməkdədir. Miqrasiya idarəsinə təzə qoyulan müdir keçmiş müdir-generalın əmisi oğlunu işdən qovmuşdur. Sən demə, general bunu orada bölmə rəisi qoyubmuş. Bəlkə də xaricdən gələn turistləri incidən elə bu imiş. Əmisi oğlu ilə gəlməyənləri ölkəyə buraxmırmış.
Orda-burda, dünyanın müxtəlif dəlmə-deşiklərində geridə qalmış xalqlar inqilab eləməkdə olsun, bizdə Bakının İnqilab küçəsi inqilaba qalxmışdır. (Küçənin təzə adı Həsən Əliyevdir, ancaq xalqın yaddaşını təzələmək asan iş deyildir, millət 30 ildir hələ də Azadlıqla Ziya Bünyadovun kəsişməsinə “Karl Marks” deyir. Bəlkə də bu onomastik problemin həlli üçün ora nəsə təzə bir heykəl qoymalıyıq.
Əlqərəz, küçədən yazırdıq. Bakıda İnqilab küçəsi heç vaxt düzəlməyəcəkdir. Ola bilsin bir gün Kainat genişlənib son həddə çatacaq, təzədən Böyük Partlayış baş verəcəkdir, ancaq İnqilab küçəsində qazıntılar dayanmayacaqdır. Srağagün xəbər lentində gördüm: İnqilabda yol çökmüş, yol idarəsi küçəni təmirə bağlamış, tərəfimizdən asfalt qırıntısı müsadirə edilərək götürülmüş, müvafiq cinayət işi açılmışdır, istintaq gedir. (Yolun təmirə bağlanmasından sonrakı hissə tamamən xəyal ürünüdür, türkün məsəli).
Bunu niyə xüsusi vurğuladım? Çünki bizim başqa axmaq yerlərdən əsas fərqimiz elə bu cür küçə bağlamaq aksiyalarında ortaya çıxır. Onlar etiraz üçün küçəni bağlayır, biz asfaltın deşiyini yamamaq üçün. Onlar müxalifətçini baş nazir qoymaq istəyirlər, biz baş nazir qoyulmağa könüllü razı olan adam tapınca yetmiş il keçir. Onlarda çoxlu kişi almaq dəbdədir, bizdə çoxlu arvad. Bəzən isə xaricdə bizi yamsılayırlar, Azərbaycandakı struktur islahatlarını oğurlayıb özlərinə tətbiq edirlər. Örnək verim, yoxsa oxucuları aldatmaq mənə yaraşmaz.
Britaniyada daxili işlər naziri Ember Radd hansısa miqrantlar haqda yanlış söz demişdi, bunu media hoydu-hoyduya qoyub istefa verməyə məcbur elədi. Eynən bizdəki kimi. Neçə naziri jurnalistlər işdən çıxardıbdır. Ember xanımın yerinə… Məqam gəlib, Əmbər xanımın şərəfinə Molla Pənah Vaqifdən bir beyt yazaq: “Tərpənəndə hər tərəfə gül qoxar, Müşkü ənbər qoxar, siyah tel qoxar, Basdığı yerlərdən mixək, hil qoxar, Nazik əli şirin, ayağı şirin”. Bəh, bəh…
Sözgəlişi, hörmətli oxucularımız da bilirlər, əslində əmbər balinanın ifrazatıdır. Ancaq deyilənə görə, iyi yaxşıdır, bütün Şərq aləmi üçün qədimdə “Şanel” ətirini əvəz eləmişdir. “Şərqin əsrlərdir ifrazat iyi verməsində balinaların rolu” – buyurun, hazır elmi iş temasıdır, Nəsimi adına Dilçilik İnstitutuna, yaxud Rafiq müəllim adına AMEA İmam Berkli Mərkəzinə ver, üzərində işləsinlər.
Hə, Əmbər xanım istefa verəndən sonra təzə daxili işlər naziri əslən pakistanlı Sacid Cavid adlı şəxs qoyulubdur. Bunun isə atası avtobus şöferi olmuşdur. Buyur. Eynilə Azərbaycan. Bizdə də avtobus şöferlərinin uşaqları nazir ola bilirlər.