“İllər insanı qocaltmaz, qüssə qocaldar”
(Azərbaycann ata sözü)
Dünyadakı bütün zəhmətkeş insanları 1 may Əmək bayramı münasibətilə təbrik edirəm. Meymunun insana çevrilməsində əməyin böyük rolu olmuşdur, hərçənd indiki dünyada çox insanlar eşşək kimi işləməkdən meymuna oxşayırlar. Bu da taleyin bir acı ironiyasıdır, nə etməli… Şükür eləmək lazımdır, çoxu heç iş tapmır. Odur, iqtidardan salınan, işsiz qoyulan şəxslər dərhal xəstələndilər. Bəzisi hətta öldü. Halbuki dünənə qədər turp kimi qızarıb, top kimi gəzirdilər. Eləsi var, qızının şad gününü, toy mərasimini təxirə saldı. Ah, of. Nə pis taledir. Özü də burada xəstələnən tərəf ikiqatdır. Ən böyük xəsarət qızı almağı qərarlaşdıran tayfaya dəymişdir, çün bunlar nazirlə quda olmaqda ikən qəflətən işdən çıxarılmış, az qala vurulmaqda olan tiplə qohumluq perspektivi ilə üzləşiblər. Yalan olmasın, elə bil Orduxanla qohum olursan.
İnsaf naminə qeyd edək ki, belə naxoşluqlara müxalifət cəbhəsində də ara-sıra rast gəlinməkdədir. Orada da istefa vermiş partiya sədrləri bir də görürsən azarlamışdır. Hərçənd müxalifətçilər bu məsələdə daha dözümlü olduqlarını tarixən göstərmişlər. Əgər iqtidar nümayəndələri adətən işsizliyin birinci həftəsində horizontal vəziyyətə düşürlərsə, müxalifətçilərdə proses müəyyən dərəcədə uzun çəkir. Hətta elə müxalifətçi var 13 ildir sədrlikdən istefa vermişdir, ancaq deyilənə görə dünya vecinə olmayıbdır, bütün günü hotel hovuzunda çimir. Bu məqamda şairdən, “Papaq” kinosundan bir beytin yeridir, təbimiz gəlmişdir, mütləq sazlı-sözlü şəkildə qeyd eləməliyik:
“Mənim balam, bu dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir, dünya necə dünyadı…”
Bəli, biz çox papaqları boş görmüşük, dünyanın işləri mürəkkəbdir. Misal üçün, kimin ağlına gələrdi, Kim yola gələcəkdir? Şimali Koreyanın dəlibaş liderini nəzərdə tuturam. Fantastik proseslər gedir. Bölünmüş Koreya xalqı az qala bir-birinə qovuşmaq üzrədir (Yəqin orda da Araz çayına şeir qoşmaq dəbdədir). Cəmi 4-5 ay qabaqsa proses 180 dərəcə fərqli istiqamətdə gedirdi, az qalmışdı bölgədə nüvə müharibəsi çıxsın. Məncə, dəlinin ipinin yığılmasında başqa dəlinin hədə-qorxuları böyük rol oynadı. ABŞ lideri Tramp kəskin danışmasa, real hücumla hədələməsə, bəlkə indiyəcən Kim Çen İn müəllim dünyanı kəkilinə dolamışdı. Necə deyərlər, dəlinin dilini anası bilər. Bu temada bir yaxşı anekdot da var, böyük ehtimal Koreyada bunu bilmirlər, yazım oxusunlar. Deyir, bir gün kolxoz sədri (SSRİ vaxtı icra hakimi kimi bir şey idi – cavanlar üçün zəruri izahat) adam göndərir, suçunu idarəyə çağırtdırır, suçu gəlmir. Bir-iki dəfə rədd cavabı verəndən sonra sədr özü tarlaya gəlir, suçunu salır təpiyin altına, dəli inək balasını ayaqlayan kimi ayaqlayır. Suçu durur gəlir idarəyə. Sədr soruşur ki, bəs bayaqdan niyə gəlmirdin, ay Şərəf ordensiz, ay imperialist dairələrin dəyirmanına su tökən xaricdən maliyyələşən qara qüvvə? (O vaxt belə ünsürlər daha çox olurdu – yenə cavanlar üçün izah). Suçu deyir: “Göndərdiyin adamların heç biri sənin kimi başa salmırdı axı”.
Başa salmaq demişkən, bir nəfər də milləti başa salsa yaxşı olardı ki, bizim bu diaspor idarəsinin axırı necə qurtardı. Çünki onun müdirini faktiki yeyintidə suçlayıb işdən qovublar. Bəs onda bizim uzun illərdir dünyaya yaydığımız Azərbaycan həqiqətləri hara gedibdir? Olmaya həqiqətləri də yeyiblər? Yeyiblərsə, çox pis, dözülməz haldır. Biri pulları, başqası milli təhlükəsizliyimizi, ayrısı turistləri, bir ayrısı da həqiqətləri basıb yesə, onda biz dünyaya necə Günəş kimi doğarıq? Bəziləri özlərini elə aparır sanki biz hələ də AXC-Müsavat cütlüyünün erasında yaşayırıq. Hamısını cəzalandırmaq lazımdır. İşdən qovmaq azdır. Şaqqalayıb şəhər darvazasından assan, təzə nazirlərə də görk olar.