Загрузка...

Siz işxanın nə olduğunu bilirsinizmi? Sual göyçəlilərə aid deyil. Onlar işxanın nə olduğunu bilirlər. Göyçəlilərdən başqa bu ölkədə işxanın nə olduğunu çox az adam bilər.

Amma regionumuza, Ermənistana gəlib-gedən diplomatların, siyasilərin, artist-martist, agent-casus tipli qonaqların hamısı işxanın nə olduğunu yaxşı bilirlər.

İşxan Göyçə gölünün qızıl balığıdır. Anadolu türkləri ona alabalıq deyirlər, biz – qızıl balıq, avropalılar və ruslar – forel, ermənilərsə – işxan.

Bu balığın necə bir ləzzətli təam olduğunu izah etmək üçün cəmi bir cümlə demək kifayətdir. Hələ sovet dövründə hər gün Kremlə sudan təzə çıxmış işxan göndərirmişlər. O ənənə indiyədək də qalır, şübhəsiz. Çünki Göyçə gölünün qızıl balığı vazkeçilməz bir qida məhsuludur. Ondan nə kimi delikateslərin hazırlanması isə artıq kulinarların işidir.

Deyilənə görə, ermənilər işxandan yaxşı kabab və soyutma bişirirlər və ölkəyə gələn qonaqların kövrək qəlbini məhz o təamlarla fəth edirlər. Əlbəttə, işxan kababının böyründə erməni konyakı da olur. Kababı qonaqlara gözəl axçilərin təqdim etməsi məsələsində isə, doğrusu, babal yuya bilmərəm.

Bizim “ermənipərəst” deyə tanıdığımız əcnəbi diplomatlar, siyasilər var ha, onlar əslində “işxanpərəst”dirlər. O mənada ki, əgər ermənilər onları adi yeməklərlə, rus araqlarıyla, şotland viskiləri ilə yedirib-içirib yola salsalar, əliboş göndərsələr, qılıq göstərməsələr, onlar niyə “ermənipərəst” olsunlar, nədən “erməni dəyirmanına si töksünlər”? Əsla etməzlər.

Biz bu avropalıları gözümüzdə çox böyütmüşük, müqəddəsləşdirmişik. Gerçəkdə isə onlar da komfort və kalori üçün çalışan adamlardır: erməni kababı ilə işxan yemək, səhər-səhər qara kürüylə enerji depolamaq, yayda İbizada dincəlmək, qışda İsveçrənin dağ-xizək komlekslərində sürüşmək, övladlarına “Buqatti” bağışlamaq istəyirlər.

Düzdür, aralarında fanatikcəsinə dürüst, vicdanlı, obyektiv olanlar da var, amma son illərdə onlar, oxumuş adamların sözü olmasın, korporativ maraq güdənlərə uduzurlar.

Bir ara Avropa Şurasında Azərbaycana demokratiya və insan haqları üzrə həmməruzəçi təyin edilmək üstündə dava düşmüşdü. Purgirdias adlı bir yunan deputat dirəşmişdi ki, Azərbaycana məruzəçi olmağa özüm gedəcəm (o vaxt bizim media onun soyadını dərhal “Pulgirdias” qoydu). Adamın canfəşanlığı isə avropalı parlamentarlara şübhəli göründü, onu yox, başqasını təyin etdilər.

Mətləb üstünə qayıdaq. Budur, 20 ildən çoxdur ki, ermənilərlə biz təkcə Qarabağ cəbhəsində, diplomatik müstəvidə, geosiyasi məkanda qarşı-qarşıya durub döyüşmürük, bu mübarizə iaşə-kulinariya sahəsinə də sirayət edib.

Ermənilər ali qonaqlarının kristal qəlbini konyaklı işxanla fəth etmək istəyirsə, biz onları nərə balığının kababıyla, kürüsüylə, xüsusi olaraq ali qonaqlar üçün hazırlanan Gəncə konyakıyla tovlamağa çalışırıq.

Həmsədrlər, həmməruzəçilər, həmnəxunəklər çox məmnundur, gedib İrəvanda, Göyçə gölünün qırağında yeyib-içirlər, gəlib Bakıda, Göygöldə, Qəbələdə yerli delikateslərdən dadırlar.

Elə ona görədir ki, onlar regiona ildə iki dəfə gəlməlidirlərsə, dörd-beş dəfə gəlirlər, nə vaxt baxırsan, buralarda sümsünürlər, görəcəkləri bir iş də yoxdur. Eləcə, böyük adamlrla söhbət edir, 3 gün qalmalıdırlarsa, 10 gün qalır, kefə baxır, pay-püştlü halda varıb gedirlər. Bəlkə də onlardan olsa, ilin yarısını bu cənnət məkanlarda (onlar bu regionun cəhənnəmə oxşayan məkanları ilə maraqlanmırlar) olarlar.

Yəni bu işlərin qaydası budur. Ermənilərlə mübarizə bütün sahələrdə, bütün vasitələrlə getməlidir. Biz yol verə bilmərik ki, onların siyasiləri bizim siyasilərimizi, diplomatları diplomatlarımız, jurnalistləri jurnalistlərimizi, artistləri artistlərimizi, işxanı nərəmizi (və sair və ilaxır, o cümlədən axçi-civi məsələsi) üstələsin.

Bu işlərə bir də bu prizmadan baxmaq lazımdır. Bütün dövrlərdə bütün dövlətlərdə “min yeyənim olsun, bir deyənim olmasın” siyasəti yeridiblər. Məqsəd bir az xərcə düşmək hesabına reputasiyanı qorumaq olub.

Ona görə də hələlik Qarabağ konflktinin qarşlılıqlı qonaqlıqlar yolu ilə tənzimlənməsi prosesi ləngiyir. İşxan nərəyə müqavimət göstərir. Üstəlik, hər şey köpək balığının nəzarəti altındadır.