“Çatıb qara qaşlarını nədən sən,
Olmaz-olmaz, olmaz-olmaz deyirsən?”
(mahnıdan, sözlərin müəllifi Qasım Qasımzadə)
Azərbaycan jurnalistikasında, özəlliklə onun bir növ yiyəsizlik hökm sürən virtual qanadında, yəni internet saytlarında yeni “janr” yaranmaqdadır. Buna biabırçılıq janrı adı qoymaq olar. Görürsən hansısa axmağın birisi psixi xəstəni, qoca adamı ələ salır. Saytlar isə bunu “Filankəsdən növbəti biabırçılıq” adıyla lentə basırlar. Nə olub, a balam? Bunu eləyən idiot hansısa dövlət vəzifəsi daşısa, yaxud bir yüngülvari çəkili ictimai fiqur olsa deyərsən xəbəri yaymaq vacibdir. Bizim jurnalistlər üçünsə tipajın, subyektin hər hansı seçilmişlik kateqoriyasına dəxli olması qəti önəm daşımır. İstənilən axmaqlığı istənilən yoldan keçən eləsin – sabah saytdadır. Bəzən yüksək operativliklə, canlı yayımla da qoyurlar. Örnək üçün, bu dəqiqə Şimali Koreya liderinin başı təzədən çönsün və götürüb Yaponiya tərəfə bir nüvə bombası selbələsin, eyni vaxtda da Peyinabad şəhərimizin sakini Qoyunqulu müəllim şalvarını çıxardıb “Makarena” oynasın – bizim saytlar nüvə savaşını qırağa qoyub manşetdən Qoyunqulu müəllimin, üzr istəyirəm, arxa nahiyəsini göstərəcəklər. Bəsdirin. Ayıbdır. Özünüzü yığışdırın. Bunun axırı yaxşı olmayacaqdır. Pul, reytinq xatirinə hər cür əxlaqsızlıq eləməzlər.
İkinci iradım ölkədə mənasız yerə qorxu, qadağan mühitinin yayılmasıdır. Nəticədə bizim millət qorxaq, gözüqıpıq olaraq böyüyəcəkdir, biləsiniz. Faktlara keçirəm.
Şənbə günü uşağı Gənc Tamaşaçılar Teatrına aparmışdım. Yaxınlıqda Formula-1 yarışına görə hasarlanmış küçələri, hər tində duran əsgərləri, qoruqçuları görən uşaq soruşur ki, orda nə baş verir, biz niyə yola baxa bilmirik. Nə cavab verim? Necə izah edim ki, millətin pulu ilə, dövlət vəsaitləri ilə keçirilən yarışı izləmək həmin millətə qadağandır? Harda var belə şey? Elə bil öz böyrəyini, qaraciyərini çıxardıb sonra sənə donor malı kimi satırlar. Xeyir ola? Özəl şirkətlər yarış keçirtsə buyur, biletlə elə. Ancaq burda şəhər, küçə, maliyyə – hər şey sənədlə xalqa məxsusdursa, xalq niyə buna baxmağa pul verməlidir? (Baxılası bir şey də yoxdur, təbii, ancaq uşaq üçün maraqlı ola bilər). Bunun bənzərini bəzi elektron resurslarda görmək mümkündür. Təsəvvür edin, bizdə dövlət büdcəsindən maliyyələşən NK yanında Tərcümə Mərkəzinin saytında kitabları oxumaq pulludur. Özü də kitabı indi tərcümə etsələr dərd yarıdır. Kitab var 1960-cı illərdə dilimizə çevrilib, müəllif hüququ-zadı qalmayıb (bəşəri irsdir), 2005-ci ildə dövlət pulu ilə latın qrafikasına köçürülüb, ancaq bunlar hələ də belə kitabı internetdə örtürlər, gizlədirlər. Xalq buna azı 2 dəfə pul ayırıb da bə! Başqa nə istəyirsiniz?
Qayıdaq qorxu temasına. Teatra yaxın küçədə alman lüteran kilsəsinin yanından keçirik. Uşaq kilsənin içərisinə baxmaq istəyir. Bir nəfər qaçaraq gəlir, deyir olmaz. Kilsə 19-cu əsrdə dindarların ianəsi və Nobelin Bakı neftindən qazandığı pulla tikilib. 8 il qabaq dövlət büdcəmizin puluyla təmir olunub. Hazırda Dövlət Filarmoniyasının orqan zalı kimi istifadə edilir. Ancaq bu xalqın uşağı onun qapısından içəri keçə bilməz. Bu da sənə “Allah evi”…
Tamaşa salonuna girməzdən qabaq iki pilləkən qalxıb uşağa foyenin tavanındakı damlavari, gözəl dekorasiyanı göstərmək istəyirəm. Yenə bir qadın hardansa süpürgə üstündə uçaraq özünü yetirir: “Olmaz, olmaz!”. Deyirəm qorxmasın, tavana tamaşa edib qayıdırıq. Birtəhər sakitləşir.
Çəmənliyin yanında keçirsən, görürsən az qala ota baxmağın da qadağan edilməsi haqda lövhə basdırılıb – hər otun böyründə bir dənə. Meşəyə gedirsən, bir cangüdən çıxır: “Bura Filankəs müəllimin meşəsidir, burda ancaq o çaqqallıq edə bilər”. Dağa çıxıb qara baxmaq istəyirsən, yenə bir lotu gəlir, deyir sürüş burdan. Çaya, dənizə, çölə, quma – uzun sözün qısası, bu ölkədə hər yerə bir zırpı “Qadağandır, olmaz!” elanı yapışdırıblar. Sən uşağa belə yurdu, vətəni necə sevdirəcəksən? Yaşamağın qadağan olduğu yer uğrunda yalnız ölməyin azad olduğunumu deyəcəksən? Ay camaat, bu qadağaları bir yerinizdə saxlayın və biz böyüklərə tətbiq eləyin, canımız cəhənnəmə. Ancaq heç olmazsa uşaqların yanında qadağanları yeri gəldi-gəlmədi nümayiş etdirməyin. Qorxaq olarlar, təkrar edirəm.
Tamaşa isə “Qulliver cırtdanlar ölkəsində” adlanırdı. Deyəsən biz də tədricən cırtdana, liliputa dönürük.