“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 25-ci turunda səfərdə “Zirə”yə qalib gəldikləri oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:
– Maraqlı oyun oldu. Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdilər. Futbolçularımı təbrik edirəm. Rəqibə qarşıdakı matçlarda uğurlar arzulayıram. Düzdür, bu komanda son vaxtlar o qədər də yaxşı nəticələr qazanmır. Ancaq düşünürəm ki, məğlub olduqları bir çox oyunda yaxşı futbol sərgiləmişdilər. Bu cür hallar digər komandalarda da olur.
– Bu oyunda bir neçə dəyişiklik etmişdiniz…
– Elə də dəyişiklik etməmişdim. Miçelin zədəsi var idi. Rəşad Sadıqovun da belində zədəsi olduğundan, bu matçda şans vermədim.
– “Qəbələ” ilə son turda keçiriləcək oyunun Bakıda baş tutma ehtimalı var. Buna münasibətiniz necədir?
– Bu barədə mən də mətbuatdan oxumuşam. Evdə oynamaq “Qəbələ”nin haqqıdır. Qəbələdə oynamağın əleyhinə deyiləm. Mənim üçün fərqi yoxdur.
– Şeydayevi komandada saxlayacaqsınız?
– Onun bizimlə müqavilə müddəti mayda başa çatacaq. Hələ ki, danışığımız olmayıb. Bu barədə nə “Trabzonspor”la, nə də Ramillə danışmışıq.