İsrailin müdafiə naziri Aviqdor Liberman nə yolla olursa-olsun Suriyada İrana aid hərbi bazaların qurulmasına imkan verməyəcəklərini açıqlayıb.
Musavat.com Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Londonda yayınlanan “İlaf” qəzetinə müsahibə verən Aviqdor Liberman ölkəsinin heç kimlə savaşmaq istəmədiyini, lakin İranın Suriyada yerləşməsi ilə razılaşmayacaqlarını bildirib. İranın Tel Əvivə hücum etməsi halında İsrailin Tehranı vuracağını söyləyən A.Liberman Suriyaya genişmiqyaslı hərbi müdaxiləni istisna etməyib.
İsrailli nazir ayrıca olaraq, İranın Suriyada vətəndaş müharibəsi başladıqdan bu yana 13 milyard dollar pul xərclədiyini, habelə, Livanda Hizbullah, Həməs, İslami Cihad Hərəkatı kimi təşkilatlara ildə 2 milyard dollar pul ayırdığını iddia edib. Liberman İrandakı mövcud rejmin son günlərini yaşadığını söyləyərək, ABŞ-ın rəsmi Tehranla imzaladığı nüvə sazişindən çəkilməsi halında bu ölkənin iqtisadi cəhətdən çökəcəyini qeyd edib. İsrailin müdafiə naziri İran rəhbərliyinin və İnqilabı Mühafizə Ordusunun xalqı idarəçilikdən kənar etməklə bütün iqtisadi qaynaqları ələ keçirərək ölkəni batırdıqlarını söyləyib.
Fələstin və İsrail arasındakı məsələyə də toxunan Aviqdor Liberman bu məsələnin ikili deyil, regional çərçivədə həll olunmasının vacibliyindən söhbət açıb. İsrailin müdafiə naziri gələcək İsrail-Ərəb sülhü ilə ikidövlətli həllin də mümkünlüyünü bildirib.
Aviqdor Liberman ad çəkməsə də, İsrailin bəzi ərəb ölkələri ilə dialoq içində olduğunu etiraf edib və maraqlı məlumat verib: “İşlər doğru yöndə irəliləyir və 75%-ə kimi bir razılaşmadan bəhs edə bilərik”.
Musavat.com