Загрузка...

Dünəndən etibarən İsrailin paytaxtı Təl-Əvivdə start götürən cüdö üzrə Avropa çempionatında (AÇ) millimiz bu gün ilk medalını qazanıb.

Oxu.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov finala yüksəlib. O, finalda Ermənistan idmançısı Ferdinand Karapetyanla qarşılaşsa da, iki vazari fəndi ilə uduzub.

21 yaşlı cüdoçumuz finala gedən yolda ukraynalı Dmitri Kanivetsi, isveçrəli Nils Ştumpu, kosovolu Akil Qyakovu və belaruslu Vadim Şokanı məğlub edib.

Eyni çəkidə mübarizə aparan Rüstəm Orucov isə yarışa moldovalı İon Naku üzərində qələbə ilə başlasa da, 1/8 finalda ukraynalı Artyom Xomulaya uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 3 kişi və 6 qadın cüdoçusundan heç biri mükafatçılar sırasına düşə bilməyib. 66 kq çəki dərəcəsində Orxan Səfərov V, Nicat Şıxəlizadə VII yeri tutub. Yığmanın qalan üzvləri isə ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıblar.