Загрузка...

100-120 il bundan əvvəl regionumuzda, ölkəmizdə, paytaxtımızda baş verən hadisələrə dair yazılmış kitabları oxuyanda bir neçə həqiqət adamın gözü qarşısında qaya kimi durur.

Biri odur ki, biz o zamanlar da maymaq, xudbin, qeyri-mütəşəkkil, sabahını bilməyən, bu barədə düşünməyən, yada yalaq, qohuma badalaq qövm olmuşuq.

Millətin elitar təbəqəsi böyük ölçüdə lovğa, harın, aşağı təbəqəsi cahil və məzlum olub. Biz onları böyük Mirzə Cəlilin yaratdığı xudayarlar, qurbanəlilər, məmmədhəsənlə kəblə qasımlar kimi tanıyırıq. Bir neçə varlı və ziyalı istisna olmaqla o dövrdə hər kəs öz varidatını artırmağı, öz zövq-səfasını düşünüb, xalqın rifahını, təhlükəsizliyini, gələcəyini düşünən isə çox az olub.

O üzdənmiş ki, Bakının az qala yarısına ermənilər sahib imiş. Ruslar, gürcülər, yəhudilər, dağıstanlılar, farslar da bir tərəfdən. Azərbaycan türkləri öz vətənlərində, öz paytaxtlarında hamıdan sayca çox olsalar da, hamıdan daha hüquqsuz durumda imişlər.

Bütün bunlar cəmi 100 il qabaq olub.

Başımıza gələn, ermənilərin törətdiyi mart qırğını belə bir şəraitdə baş tutub. Hələ ayrı-ayrı qoçular, nüfuzlu şəxslər olmasa və sonradan Anadoludan türk qoşunu gəlməsə, birmənalı olaraq Bakıda bir türk-müsəlman qoymayacaq, hamısını qırıb qurtaracaqmışlar.

Bəs ermənilər necə olub?

Ermənilər həmin vaxt bir yanı İstanbul, Qars, İqdır, Vanda, o biri yanı Orta Asiyada, eləcə də Gürcüstanda, ayrıca Naxçıvan, Qarabağ, Bakı və Quba, bir sözlə, harda bir hərbi bölük təşkil edə bilərlərsə, hər yerdə fəallaşıb, silaha sarılıb, yerli hökumətlərlə, aborigen camaatla müharibəyə girişiblər.

Sadəcə, onların zəif və güclü olduqları yerlər olub. Türkiyədə azlıqda olublar, öz başlatdıqları müharibədə uduzublarsa, Bakıda bizim maymaqlığımız, vaxtında səfərbər olunmamağımız üzündən güclü olublar, minlərlə vətəndaşımızı qətlə yetiriblər. Qubada, Şamaxıda, Zəngəzurda, indiki Ermənistanın ərazisində də həmçinin.

100-120 il əvvəl, xüsusilə də ermənilər üçün faciəvi tarix hesab olunan 1915-ci ildə bu xalqın başına nə gəlibsə, əli silah tutan fərdlərinin hamısının silaha sarılması, olduqları hər yerdə xaotik bir müharibə aparmaları səbəbindən olub.

Müharibə elə şeydir ki, çox az halda heç-heçə qurtarır, əsasən kimsə udur, kimsə uduzur. Ermənilər böyük dövlətlərin, böyük xalqların başIatdığı dünya müharibəsinə öz xırda qrupları ilə qoşulmalarının, fürsətdən yararlanmaq istəmələrinin bədəlini ağır ödəyiblər.

İndi onlar hər ilin aprelin 24-də dünya miqyasında şivən qoparırlar: “1915-ci ilə xeyli dinc, günahsız erməni öldürülüb”.

Tarixi məxəzlər isə göstərir ki, I dünya müharibəsində təkcə ermənilər yox, iştirakçı dövlətlərin hamısının çox sayda dinc, günahsız əhalisi amansız qırğına məruz qalıb. Onların içində ermənilər yalnız onunla fərqlənə bilər ki, çox da dinc olmayıblar, həddən artıq nadinc olublar və onların bu avantürasından qadınları, qocaları, uşaqları da zərər çəkiblər.

Əslində isə Türkiyə hökumət erməni qocaları, qadınları, uşaqları 1915-ci ilin 24-də kütləvi şəkildə divara düzüb güllələməyib, sadəcə, onlar fəal hərbi əməliyyatlar gedən, separatizmə meyllənmiş bölgələrdən təhlükəsiz regionlara deportasiya ediblər.

İndi bir çox ölkələr bu tarixi hadisələrə “genosid”, bəziləri “böyük fəlakət” deyir. Həqiqət isə ondan ibarətdir ki, I dünya müharibəsi böyük fəlakət olub və onun nəticələrinə görə, onlarla xalq ermənilərdən daha çox zərər çəkiblər.

Başqa prizmadan yanaşsaq, ermənilər I dünya müharibəsindən hələ uduşla çıxıblar. O vaxta qədər dövləti olmayan, bir neçə dövlətin ərazisində icmalar halında yaşayan xalq pis-yaxşı bir Ermənistan dövləti yaradıblar. Bu dövlət onların arzuladıqları kimi böyük, “dənizdən-dənizə” olmayıb, sırf öz boylarına görə olub. Böyük dövlətləri böyük, sayı 50-100 milyonla ölçülən xalqlar yarada bilərlər.

Ən pisi odur ki, ermənilərin “böyük dövlət” qurmaq avantürası indi də davam edir. Onlar öz mənfəətləri üçün dost-müttəfiq, rəqib-düşmən demədən, hamının üstünə hücum etməyə hazırdırlar.

Bizim üçün ən yaxşısı odur ki, heç olmasa, indi, yüz ildən sonra Bakı ermənilərlə bizim aramızda “mübahisəli şəhər” deyil və bizi burada qırıb Çəmbərəkənd dərəsinə doldura bilmirlər.