Neçə gündür həyat çox maraqlıdır. Sensasion xəbərlər bir-birinin belindədir. Hətta artıq səhifədə itələşirlər, biri o birini, o biri də bu birini qatlayıb dizinin altına qoyur.
Əslində baş qaşımağa vaxtımız yoxdur, amma xoşdur. Təki süstlük olmasın, dinamiklik olsun, adamlar ciddi, maraqlı xəbərlər oxusunlar. Yoxsa oxumağa yaxşı xəbər olmayanda camaat gedib “Rəqsanə avtomobilinin yağını dəyişdi”, “Damla özünə libas aldı”, “Üzeyir Mehdizadə Türkiyədə coşqu ilə qarşılandı” kimi xəbərlər oxuyurlar.
Bir də var, camaat “Artur Rəsi-zadənin baş nazirlik dönəmi bitdi”, “Etirazçılar Serj Sərkisyanı istefaya məcbur etdilər”, “Nazirlər Kabinetində 10-a yaxın gənc nazir”, “Hüseyn Abdullayev Türkiyədə tutulub gətirildi”, “Torontoda terrot törədən şəxs erməni çıxdı” kimi xəbərlər oxusun.
Bu xəbərlərlə müqayisədə hansısa müğənninin avtomobilinin buferinin cızılması, əlbəttə ki, ciddi xəbər deyil.
Heç kəs gözləmirdi ki, aprelin 3-cü ongünlüyündə həyat qəfildən belə maraqlı olacaq. Heç politoloqlar da gözləmirdi. Düzdür, elə politoloq vardı, deyirdi, Sərkisyan gedicidir, duruş gətirə bilməyəcək, amma elə təcrübəli politoloq (məsələn, Zərdüşt Əlizadə) da vardı, deyirdi, Sərkisyana heç zad olmayacaq, qalıb işləyəcək, etiraz edənləri də zərərsizləşdirəcək.
Elə olmadı, Paşinyanı tutdular-buraxdılar, tərəfdarlarını döydülər, söydülər, xeyri olmadı, adamı devirdilər, getdi.
İndi daha əkə-bükə politoloqların işidir ki, bu hadisədə Qərbin, ABŞ-ın barmağının izini tapsınlar. 100 faiz tapacaqlar. Bir dəstə politoloq da iddia edəcək ki, Kremlin “dobro”su olmasaydı, Sərkisyan devrilməzdi, onun qələmini Moskvada qırıblar.
Yox, əgər Sərkisyan hakimiyyətdə qalsaydı, həmin ekspertlər bu dəfə deyəcəkdilər ki, Kreml Sərkisyanı dəstəklədikcə, ona batmaq mümkün deyil, Qərb Rusiyanın bostanına girə bilməz və sair və ilaxır.
Yəni yaranmış bütün situasiyaları öz “müdrik şərhləri” ilə dəyərləndirənlər var. Onlar dərindir, ağıllıdır, hər şeyi bilirlər və hər şəraitə uyğun izahatları var, üstlərində gəzdirirlər.
Hər şey aydındır da, bircə bu mitinq edən ermənilərin – arvadlı-kişili, gəncli-qocalı, uşaqlı-böyüklü Rusiya səfirliyinin qabağına yığışıb qardaş ölkənin prezidenti Putinin ünvanına o cür söyüş söymələrinin mənası nəydi?
Heç olmasa öz dillərində və ya rus dilində söyəydilər, biz də insidentin videosunu saytlarımıza qoyaydıq. Ancaq yaramazlar o boyda prezidentə bizim dildə söyürdülər, həm də elə söz işlədirdilər ki, iqtibas da etmək olmur.
Bu, nədir? Mahnılarımızı, lavaşımızı, tarımızı, sacımızı, dolmamızı oğurladılar, yetmədi, indi də milli söyüşlərimizi mənimsəyirlər? Söyüş oğruları…. Bu məsələnin bir tərəfi.
İkincisinə qalanda, görün, o mitinqə çıxıb Putinə söyənlər nə qədər nankor adamlardırsa, onları saxlayanın, qoruyanın üzünə ağ olurlar. İki il əvvəlin apreli yadlarından çıxıb, ellikcə Putinə “pomoqi” deyə yalvarırdılar ki, Azərbaycan əsgəri gəlir, Artsax əldən gedəcək.
İndi şələləri bellərinə düz gəlib, demək, artıq Putinə söymək olar. Birdən o da söyüşdən pozuldu, onda necə olacaq?
Əlbəttə, bu, rusların və ermənilərin problemidir, özləri bilərlər, necə qardaş olurlar, ya olmurlar.
Dərd bizimkidir ki, Ermənistanda gedən qovğa-mərəkədə tərəf tuta bilmirik. Dünyanın hər tərəfindəki diktatorları müdafiə edənlər Sərkisyana eyni cür yanaşa bilmirlər, ona görə ki, adam hərbi canidir. Elə dünyanın hər tərəfindəki demokratik hərəkatları dəstəkləyənlər də Paşinyana rəğbət izhar edə bilmirlər – çünki adam ermənidir və Qarabağ məsələsinə münasibətdə Sərkisyanla eyni mövqedədir, hələ arada deyirmiş, Azərbaycana daha güclü zərbə vurulmalıdır. Ay, sən öləsən!
İlk dəfədir ki, yaxın ölkələrdən birində “məxməri inqilab” olur və biz cinahlara bölünüb bir-birimizlə mübahisə etmirik.
Azarkeşlik etmək baxımından İrəvandakı hadisələr ləzzətli olmadı. Amma həyat davam edir. Bir azdan yeni nazirlərimizin haralılıqlarını, kimlərlə bacanaq, yeznə-qayın, kürəkən-qayınata olduqlarını araşdıracağıq, həyat çox maraqlı olacaq.