Загрузка...

Sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin məhkəməsi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

Fərhad Şaqaliyev özünü qismən təqsirli bilib. O bildirib ki, Gülnarəni öldürmək niyyəti olmayıb: “Onu ehtiyatsızlıqdan öldürmüşəm. Bir dənə vurdum yıxılıb qaldı yerdə. Ayağımı da üstünə qoydum. Sonradan bildim ki, ölüb”.

Lakin təqsirləndirilən şəxs ifadə vermək istəməyib. O özünü pis hiss elədiyi üçün hazırkı mərhələdə ifadə verməkdən imtina edib.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Gülər Sadıqova ifadəsində bildirib ki, Fərhad Sabunçuda “makler” işləyib: “Elə qızımla “makler” çalışdığı zaman tanış olublar. Qızımın Sabunçuda evini satdırıb, kirayəyə keçirmişdi. Qızımı bundan qabaq rəsmi olaraq iki nikahı olub. Bu üçüncüdür. O biri evliliklərindən 2 uşağı var. Bundan amma uşağı yoxdur. Lakin qızımdan bunun haqqında heç bir pis söz eşitməmişəm. Qızım deməyib ki, məni döyüb-söyüb”.

Zərərçəkən hüquqi varisi olan ana deyib ki, qızı Fərhadla onu 2 il bundan qabaq tanış edib: “O vaxt çörək bişirən yerdə çalışdım. Gülnarə bununla gəldi, bizi tanış elədi. Qızım dedi ki, Fərhadla yaşayıram. Həmin vaxt onlar birlikdə qızımın Sabunçundakı evində qalırdı. Sonra qızımın dedi ki, başqa yerə köçmüşük. Onda aldatdılar ki, bu evi almışıq. Qızım da kirayədə qaldığını yəqin qorxusundan deməyib. O evi Gülnarəyə mən almışam”.

Mərhumun anası Gülər Sadıqova bildirib ki, təqsirləndirilən həmin evin pulunu verməlidir: “Tələbim odur ki, həmin evin 30 min manatı versin. Sonra gedib, nə qədər yatar-yatar. Mənim qızımın həyatı məhv oldu. İstəyirəm ki, həmin pulla nəvələrimə gün ağlayım”.

Qadın qeyd edib ki, qızının birinci əri İslam və ikincinin adı isə Atamoğlan idi: “Hər iki evliliyi rəsmi olub. Hər ikisində də qızımın bəxti gətirmədi, həyat yoldaşları yaxşı çıxmadı”.

Sonda Gülər Sadıqova bildirib ki, qızı ilə 3-cü dəfə ərə getdiyi üçün mübahisələri düşüb və küsüb: “Elə belə danışdırırdım. Eyibdir dedim, məni saymadı. Ona görə ondan incikliyim olub. Mənə Fərhadı deyəndə, artıq çoxdan bir yerdə yaşayırmışlar”.

Gülər Sadıqova söyləyib ki, mərhum qızı Şaqaliyev ilə yaşamağa başlayarkən o, buna etiraz edib.

Səbəb isə Şaqaliyevin ailəli olması olub.

“Mən bilmirdim ki, o ailəlidir. Sonradan bildim. Qızıma dedim ki, bu evlilik baş tutmaz. Rəsmi nikahlarının olmadığını, sadəcə kəbinli olduğunu deyirdi”.

Suallara cavab verən Gülər Sadıqova qızının Şaqəliyevlə rəsmi nikaha girməsindən xəbərsiz olduğunu, lakin onların toy şəkillərini gördüyünü söyləyib: “Mən o fotoları görmüşəm. Qızım gəlinlik də geyinib. Amma mən toyda iştirak etməmişəm. İndi həmin fotolar yoxdur. Qızım gəlinlik satışı, kirayəsi ilə məşğul olub. Sonra işdən çıxdı. Daha sonra da xırdavat satışı ilə məşğul olub”.

Mərhumun anası suallara cavabında əlavə edib ki, qızı ilə Şaqaliyev arasındakı münasibətlərin pis olmasından xəbəri olmayıb: “Birlikdə yaşayıblar. Münasibətlərinin pis olduğunu görməmişəm. Normal yaşayıblar, yola gediblər. Qızım qan azlığından əziyyət çəkirdi. Bir neçə dəfə də birlikdə İrana müalicəyə gediblər”.

Zərərçəkmiş şəxsin anası onu bildirib ki, 30 min manatı versin, qalanı onu maraqlandırmır.

Hakim bildirib ki, cinayət işində borc müqaviləsi var: “Borc müqaviləsində Gülnarə Sadıqova Fərhad Şaqaliyevə 30 min manat borc verdiyini göstərilib”.

Proses aprelin 30- a təyin edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızını boğaraq öldürüb.

50 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyib, onun nəfəsini kəsərək öldürüb. Hadisə vaxtı F.Şaqaliyev sərxoş olub.

O bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub.

Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Xatırladaq ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır.