Kanadanın Toronto şəhərində mikroavtobus kütləyə çırpılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, hadisə nəticəsində 10-dək insan xəsarət alıb.
İnsidentin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.
Qeyd edək ki, hazırda Toronto şəhərində G-7 (“Böyük yeddilik”) dövlətlərinin nazirlər səviyyəsində sammiti keçirilir.
***
Kanadanın Toronto şəhərində mikroavtobusun kütləyə çırpılması nəticəsində 5 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə BNL News xəbər verib. Bundan əvvəl insident nəticəsində 10-dək insanın müxtəlif dərəcəli xəsarət aldığı bildirilirdi.
Hadisə yerindən qaçan sürücü saxlanılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.
***
Toronto şəhər Polis İdarəsinin sözçüsü Meaqhan Qrey hadisə ilə bağlı açıqlama verib. Musavat.com-un məlumatına görə, o, qeyd edib ki, piyadalara çırpılan maşın polis gəlmədən hadisə yerindən qaçıb. Bir müddət sonra saxlanılan sürücü polis idarəsinə aparılıb. Meaqhan Qrey həmçinin qeyd edib ki, bölgədə əsas yollar bağlanıb, metro səfərləri təxirə salınıb.
Yerli vaxtla saat 13:30-da meydana gələn hadisənin səbəbi hələlik məlum deyil. Meaqhan Qrey araşdırmaların davam etdiyini bildirib.
***
Verilən son dəqiqə məlumatına görə, hadisə şəhər mərkəzində, piyadaların çox olduğu Yonge küçəsi ilə Finch bulvarının kəsişməsində baş verib. Mikroavtobusun piyadaların üstünə sürməsi nəticəsində 9 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
Hadisənin terror olub-olmadığı araşdırılır.
***
Kanadanın Toronto şəhərində baş verən hadisə nəticəsində yaralananlardan biri həyatını itirib. Musavat.com-un məlumatına görə, bununla ölənlərin sayı 10 nəfərə çatıb, 15 yaralı var. Bundan əvvəl 9 nəfərin öldüyü 16 nəfərin isə yaralandığı bildirilirdi.
Musavat.com