Şirvanda mağazaya quldur basqını edən şəxslərin videogörüntüləri əldə olunub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə aprelin 22-də axşam saatlarında Şirvan şəhərində yerləşən marketlərdən birində baş verib.
Marketə pul əldə etmək məqsədilə daxil olan şəxs mağazanın satıcı-nəzarətçisi – 1994-cü il təvəllüdlü Mehdiyev Fərid Fərhad oğlunun və kassada əyləşən 1979-cu il təvəllüdlü Həmidova Aynurə Zabil qızının başına butulka ilə zərbələr endirib. Son anda kassadan pul götürə bilməyən cinayətkar qaçaraq aradan çıxıb.
Hər iki şəxs kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı polis orqanlarına da məlumat verilib. Mağazanın müşahidə kameralarında əks olunan görüntülərdən məlum olur ki, mağazaya basqında 2 nəfər iştirak edib. Onlardan biri mağazanın qarşısında pusquda durubmuş.
Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.