“Günün harda xoş keçsə, ora vətəndir”
(hindu ata sözü)
Cinayətkar Serj Sərkisyan üçün artıq aprelin 23-ü şəxsi “soyqırımı” günü kimi yadda qalacaqdır. Qarabağlılar artıq orda hakimiyyəti itirdilər. Ermənilərin belə axmaq adamı, nəhayət, bezib rəhbərlikdən rədd eləməsi nəinki özləri üçün, bölgə və dünya üçün də uğurlu addımdır. Hərçənd tarixi təcrübə deyir ki, onun yerinə gələn ağıl və mərifət baxımından heç üstün keyfiyyətlərin yiyəsi olmayacaqdır. Elə o müxalifət lideri Paşinyan adlı tipin küçə-meydanlarda hərbi formada dolaşması nə yuvanın quşu olduğunu bir az göstərirdi.
Bizdə isə aeroport yolunda tıxac yaranmışdı, müxbirlər yazırdılar ki, bu, tarixdə görünməmiş tıxacdır. Səbəb nə idi? Məncə, Azərbaycan hakimiyyəti xaricə qaçmış xeyli adamı tutub geri gətirdiyi üçün orda sıxlıq olmuşdur. Bəli. “Bizim əllərimiz uzundur” – Ostap İbrahim oğlunun tarixi fikirlərini sitat gətirsək. Kimdən xoşumuz gəlməsə Gürcüstan, Türkiyə, Rusiya demirik, qulaqlayıb vətənə gətiririk ki, burdakı inkişafdan həzz alsınlar, xaraba Almaniyada dilənçilik etməsinlər. Adımız-sanımız var, bizə yaraşmaz xaricə sığınmaq. Gəlin hamınıza iş verək. Gəlməyənləri də gətirib “iş” verək. Özü də lap istər Qrenlandiyada buzlağa sığın, yaxud Burundidə palma ağacında gizlən – xeyri yoxdur. Yerin deşiyindən olsa belə adamı yaxalayıb gətirmək imkanlarımız yaranmışdır. Şair demişkən:
“Harda olsan gələrəm,
Təki sən səslə məni.
Darda olsan gələrəm,
Təki sən səslə məni”.
Belə güclü, imkanlı dövlətimiz olduğu üçün dərin minnətdarlığımızı bildirir, əmin edirik ki, daha qələt edib xaricə qaçarıq. Ölməyə vətən yaxşı – başqa şair demişkən. Ölüb-qallam burda mən… Nəsə, poeziya elə bil artıq oldu, bu da kövrəkliyimiz, yurd sevgimizin şiddəti üzündəndir. Adamı istər-istəməz ağlamaq tutur ki, Azərbaycandan heç yana qaça bilməzsən. İlbizlər və tısbağalar öz evlərini bellərində gəzdirdikləri kimi, biz də azərbaycançılığımızı, azərbaycanlılıq təfəkkürümüzü daim özümüzlə hər yerə aparırıq, bu çərçivədən qırağa istəsək belə çıxa bilmərik.
Hüseyn Abdullayevin tutulub gətirilməsi məni bir az da nostalji etdi, 90-ları yadıma saldı. O zamanlar da iqtidarımız Surəti, Rəhimi Rusiyadan arxayın şəkildə tutub gətirirdi. Deməli, siyasi kursun ləyaqətli şəkildə davamı söhbətləri elə-belə yaranmamışdır. Taleyin ironiyası bir qədər də orda özünü göstərir ki, deyilənə görə, vaxtilə Hüseyn müəllim azərbaycanlı jurnalist və müxalifətçiləri iqtidara xoş gəlmək üçün eyni metodla Bakıdan oğurlayıb şəhər kənarında döydürürmüş. Quyu qazan dərin qaz – bu el məsəlini hazırda yazmaqdan ləzzət aldığımı acizanə surətdə bəyan edirəm. Bizdə ancaq neft quyusu qazmaq uğurlu hərəkətdir. Şübhəsiz ki, gözüylə görüb ibrət alası adamlar çoxdur.
Afrikada bir balaca ölkə var, adı Svazilend-dir. Camaatın az qala hamısı “SPİD” xəstəliyinə tutulubdur, ancaq olduqca xoşbəxtdirlər. Hər il ölkə kralı üçün təzə arvad alırlar, bu münasibətlə minlərlə bakirə qız bayram mərasiminə toplaşır, rəhbər birini seçir. Bu minvalla artıq kralın 10 arvadı vardır. Keçən həftə həmin kral 2-ci Msvati müəllim Svazilend-in adını dəyişib Esvatini elədiyini dünyaya açıqladı. Çünki qabaqkı ad İsveçrənin adına oxşayırmış.
Bunları niyə yazıram? Məncə, biz də Azərbaycanın adını gərək təzələyək. Bu ad tələffüz baxımından inkişafımızla uyğun gəlmir. Dünya arenasında tanınmağımıza bir qədər mane olur. Gəlin daha qısa, oynaq bir ad seçək. Misal üçün, Azəri Respublikası, yaxud, Baycan Krallığı kimi ola bilər. Lider Dövlət, Odlar Yurdu, Qüdrətli Cümhuriyyət variantları da ağlıma gəlir.
Əlbəttə, bizdə demokratik rejimdir, o üzdən müzakirə edib xalqın bəyəndiyini seçməliyik. Rebrendinq lazımdır, savadlı uşaqların sözü olmasın. Başlığa çıxan söz də bu cür ağıllı sözlərdən biridir, kiminsə didərgin düşdüyü vətəninə qayıtmasını bildirir.