Bu gün – 24 aprel ümum-erməni ağlaşma, hüzn günüdür. Bu gün dünyanın harasında erməni varsa, orada antitürk isterikası yenidən fontan vuracaq, “əzabkeş xalq” yenə də şəbih çıxaracaq.
24 aprel ermənilər üçün çoxdan bir mentalitet məsələsi, özünütəsdiqin və identikliyin, erməniliyi qabardıb gözə soxmağın sınanmış formasıdır. Eyni zamanda bir kimlik vəsiqəsi, vizit kartıdır. Hətta qan yaddaşına, genə hopmuş milli adət-ənənədir. Pasxa kimi. Ermənilər bunsuz yaşaya, ildə bir dəfə ağlaşma qurub mərəkə qoparmaya bilmirlər.
Amma heç bir xalq mənfur qonşularımız kimi keçmişə bunca maniakal şəkildə ilişib qalmayıb. Onu özü üçün fetişləşdirməyib, ən başlıcası, keçmişi, üstəlik də yaxın keçmişi dünyanın düz vaxtında bunca həyasızcasına saxtalaşdırmayıb, siyasiləşdirməyib.
Şübhəsiz, keçmişi unutmaq olmaz. Fəqət, keçmişlə “ət-dırnaq” kimi yaşamaq da anormallıqdır. Keçmiş yalnız ibrət götürüb doğru yolu bulmaq üçündür. Ermənilər isə 103 il öncəki kədərli hadisələrdən yanlış nəticə çıxarıblar və 103 il öncəki qaldıqları yerdən fəlakətli yola davam edirlər.
Yəni yenə rusun, ingilisin, hətta farsın əlində maşa olub bölgəni qarışdırır, nə özlərinin, nə də qonşu xalqların rifaha qovuşmasına imkan verirlər. Özləri də fərq etmədən ən əvvəl Kremlin maraqlarına işləyirlər. Və ən çox da özləri altını çəkirlər. Erməni xalqının bugünkü rəzil, səfalətli durumu görkdür.
Halbuki istənilən xalqın nicatı öncə öz qonşuları ilə dinc-yanaşı, anlaşma içində yaşamaqdan keçir. Ermənistan isə Türkiyə və Azərbaycan kimi vazkeçilməz qonşuları, böyük iqtisadi-ticari və əlverişli bazarları qoyub heç bir sərhədi olmayan, tənəzzülə gedən Rusiya imperiyası ilə 100 ildən çoxdur eyni təhlükəli oyunu oynayır, ruslarla çaşka-lojkalıq edir…
Bu minvalla ermənilərlə barışıq çətin olacaq. Bəlkə də heç mümkün olmayacaq. Necə mümkün olsun ki, uydurma soyqırımın tanınması məsələsi Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılıb, millətin, lobbinin əsas hədəfi elan edilib, sanki erməniliyin 1 saylı varlıq şərti kimi təsbit olunub.
Bu məsələ konstitusiyada da əksini tapıb. Demək ki, Türkiyə ilə sərhədlər açılsa belə, iki xalqın böyük barışığı alınmayacaq. Əsl barışıq Qiyamətə qalacaq. Çünki Türkiyə, təbii ki, saxta məsələni tanımayacaq.
Elə erməni tərəfi də Türkiyənin istəyini qulaqardı edəcək: Ankaranın arxivləri birgə, tərəfsiz və müstəqil beynəlxalq komissiyanın tabın iştirakı ilə araşdırmaq kimi illərdir irəli sürdüyü ədalətli təklifə yaxın düşməyəcək. Zira, bu komissiyanın gələcəyi nəticəni yaxşı bilir. Türkiyəyə düşmən kəsilən isə Azərbaycanla barışa bilməz.
Təsadüfi deyil ki, indiyədək qondarma genosid iddiası, yarım-müsəlman Livan istisna olmaqla, yalnız bir qisim xristian dövləti tərəfindən tanınıb. Bu da məsələnin tarixi deyil, siyasi köklərə malik olduğunun, sırf xristian təəssübkeşliyindən qaynaqlandığını və Türkiyəyə qarşı təhdid aləti kimi istifadə elədiyinin bariz sübutudur.
Bunu da hamı bilir ki, qardaş ölkənin Avropa Birliyinə üzvlüyü yolunda süni əngəllərdən biri məhz “erməni kartı”dır.
Əfsus ki, bu gün ədalətdən, beynəlxalq hüquqdan danışan və bu əsasda işğalçı Rusiyaya qarşı sanksiyalar tətbiq edən xristian dünyasının önəmli hissəsi Qarabağ məsələsinə saxta genosid iddiası prizmasından baxır. Bizim işimizi qəlizləşdirən həm də budur – Ermənistanın Qərbə bizdən bir köynək yaxın sayılması.
Acı gerçək belədir ki, bu gün Ermənistan xristian dünyası üçün doğma işğalçıdır, yad deyil. Ona sanki türklərin daima incitdiyi yazıq, “əzabkeş” təcavüzkar qismində baxılır. Postsovet məkanın digər separatçı ünsürlərindən fərqli olaraq, Qarabağ separatçılarına Avropa və ABŞ-da, Fransada bunca qucaq açılmasının, onlara sevgi, hüzn-rəğbət bəsləməsinin sirri bu.
Bizim əsas işimiz Qərbin aparıcı kəsiminin düşüncəsindəki belə yanlış qənaəti dəyişmək, Ermənistanın gerçək işğalçı obrazını bərpa eləmək, onun geydiyi “əzabkeş” çuxasını yırtıb da dünyaya, Qərbə olduğu kimi göstərməkdir…
P.S. Budəfəki 24 aprel ağlaşması Ermənistanda inqilabi situasiya və daxili qarışıqlıqla üst-üstə düşüb. Ümid edək, nəticə yekun olaraq ermənilərin bir millət kimi, nəhayət, doğru yolu tapmasına yardımçı olacaq, nəinki əksinə, Türkiyə və Azərbaycana patoloji nifrəti artıracaq…