Загрузка...

“Vəzifə üçün adını müxtəlif ictimai çarxlarda və virtual şəbəkələrdə təbliğ edən adamların görüntüsünə, özlərini siyasi əmtəə kimi təklif etmələrinə həmişə çox miskin səhnələr kimi baxmışam”

Nazirlər Kabinetinin yeni rəhbəri ilə bağlı ilk açıqlamanın müəllifi olaraq deputat, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin üzvü Zahid Oruc növbəti dəfə medianın diqqətini özünə cəlb edə bildi. Bundan əvvəl də bir neçə dəfə təsdiqlənən anonsları və proqnozları ilə cəmiyyəti dərindən düşündürən  keçmiş prezidentliyə namizədlə geniş müsahibəyə qərar verdik.

Musavat.com saytına istinadən millət vəkili ilə müsahibəni təqdim edirik:

– Zahid bəy, kənd təsərrüfatı nazirinin “ASAN xidmət”in sabiq rəhbəri ilə əvəzlənməsi də sürprizlərdən sayıla bilər. Siz necə düşünürsünüz?

– Həqiqəti desəm, Heydər Əsədovun yetərincə güclü maliyyəçi olduğuna rəğmən, hələ Hesablama Palatasından tərpədildiyi vaxtlarda onun üçün çətin olacağına şübhəm yox idi. Hörmət etdiyim bir insan idi və verilən qərarlar gedənləri yamanlamaq hissi doğurmamalıdır. Hər halda İsmət Abbasovdan qalmış köhnə sovet təsərrüfat obyektinin statusunu qaldıraraq bölgələrə gedən və müxtəlif sektorlarda daxili istehsalı gücləndirməyə çalışan bir naziri qarşımızda görsək də, problemlərin miqyası da hədsiz çox idi. Görünür, prezident artıq gözləməyin ziyanlı olduğunu yəqin edib və belə qərar verib. Xatırlayırsızsa, seçki debatları zamanı efirdən bir müqayisə aparmışdım. Hollandiyanın az qala 1 trilyon avronu yaxalayan büdcəsi ilə, ərazicə Türkiyənin Konya şəhəri boyda olmasına rəğmən, kənd təsərrüfatı sahəsində əldə etdiyi nəticələri həsəd hissi ilə vurğulamışdım. Yaxud da götürək İsveçi. Yararlı torpaqlarının 3,5 milyonunu əkib-becərən bir xalq əmək qabiliyyətli əhalinin 3 faizi ilə əhalinin beşdə dördünün daxili tələbatını ödəyir. 70 minə yaxın fermer təsərrüfatı yaradıblar. Bizsə yararlı torpaqların İsveçdən çoxunu – 4,5 milyonunu istifadə edib heç 50 faiz ehtiyacları qarşılaya bilmirik. Əvəzində kəndin də ağırlığı dövlətin birinci şəxsinin üzərində daşınmaqda davam edir. Ona görə ekrandan söyləmişdim ki, çevik hökumət və vətəndaşın ayağına gedən məmur obrazları dövlət rəhbərinin çiyinlərindəki yükü azaltmalı və ona imkan verməlidir ki, o, regional, beynəlxalq təhlükəsizlik və siyasətlə məşğul ola bilsin.

– Bəs, konkret olaraq yeni nazir İnam Kərimovla bağlı fikriniz necədir?

– Yeni nazir ölkənin bir nömrəli brendinə çevrilən ASAN platformasından sonra çox məsuliyyətli bir sahəyə qədəm qoyduğunu yaxşı bilir. Neft məstliyi arxada qalıb. Ona görə də kəndi şəhərin alternativinə çevirərək yaxşı innovasiyaları tətbiq etmək üçün İnam Kərimovun böyük potensialı və xəyal dünyasının olduğuna şübhə etmirəm.

Ümidvaram ki, İnam bəy Qərbin təkcə texnikasını deyil, həmçinin işgüzarlığını və qabaqcıl metodlarını da rəhbərlik edəcəyi qurumda tətbiq etməyi bacaracaq. Menecerlik aqrar sahənin və emal sənayesinin bir nömrəli vəzifəsidir. Bunlar olmasa, nəticə olacaq: çətin qurum!

– Sizcə kənd təsərrüfatı naziri təkcə buna görəmi vəzifəsindən çıxarıldı?

– Hər bir halda istənilən məmur haqda dosye – onun açıq və gizli hissəsi ilə birgə İlham Əliyevin masası üzərindədir. İşarə etdiyiniz digər səbəb, elitar qohumluqların nə dərəcədə burada rol oynadığını təyin eləmək bizə çətindir. Hər halda belə hesablanmış ailə bağları bir qədər şəxsi məsələdir, lakin idarəçilik mənafeləri baxımından və mənəvi nöqteyi-nəzərdən o qədər də uyarlı deyil. Çünki istər-istəməz maraq toqquşmaları hər cür neqativə yol aça bilir.

– Keçmiş Baş nazir Artur Rəsi-zadə vəzifədən yola salındığı gün bəzi dairələr tərəfindən müsbət xarakterizə olundu, baxmayaraq ki, onun rəhbərlik etdiyi komanda üzvləri tənqid hədəfidir. Ötən 22 ildəki fəaliyyəti boyu sabiq baş nazirin bircə dəfə də olsun gedib hansısa bölgədə xalqla görüşməməsini necə qiymətləndirmək olar?

– Əvvəlcə onu deyim ki, bir vaxtlar Mircəfər Bağırovun əyləşdiyi kabinetdə sinir deformasiyalarına uğramadan qalmaq çox böyük məharət tələb edirdi. Artur Rəsi-zadə heç vaxt özünə piar-menecerləri tutmadan uzun illər ağır informasiya atəşlərinin altında dövlətə ləyaqətlə xidmət etdi. Hər halda o, fərqli bir epoxanın yetişdirməsiydi. Sovet dövrünün karyera pilləkənləri ilə irəliləməklə indiki kəskin sıçrayışlı zirvə fəthlərini və ya dərəyə yuvarlanmalarını eyni səviyyədə götürmək olmaz. Artur Rəsi-zadə 90-cı illərin qeyri-sabit Azərbaycanında əsl tapıntıydı. Çünki əvvəlki baş nazirlərdən fərqli olaraq, o, hansı miqyasda liderin sərəncamı altında işlədiyini yaxşı bilirdi. Ona görə də hökumətin tərkibində dövlət çevrilişi cəhdləri, yaxud məmur burjuaziyasının çox parlaq nümayəndələrinin olduğu illərdə o, özünə nə idarəçilik səhmləri, nə də iqtisadiyyatda xüsusi pay tələb etmədi. Hərçənd nazir-oliqarxiyası erası yaşanan illərdə də, o, Brejnev dövrünün hökumət başçısı Kosıgin kimi yalnız ölkəsinin iqtisadi göstəricləri haqda düşünür, onun kreslosu uğrunda gedən daxili mübarizələrə səbrlə dözür və oktyabr inqilabına qədərki Rusiyanın baş nazirlərinin imperator qarşısında daşıdıqları məsuliyyəti bir an belə unutmurdu. O, əvvəlki Ayaz Mütəllibov, Həsən Həsənov və Pənah Hüseynin rəhbəri olduqları “müvəqqəti hökumət”lərin iki prezidentin siyasi məhvinə necə apardığını nəzərə alaraq, heç bir nazir və dövlət adamları ilə konspirativ sövdələşmədə, yaxud xarici mərkəzlərlə işbirliyində ifşa ediləcək əməllərə yol vermədi və karyerasını yüksək dövlət təşəkkürü ilə başa vurdu. Bir qədər emosiyalar soyusun, hər kəs daha ədalətli qiymətləndirmədən çıxış edəcək. Heç vaxt bircə dənə də olsun şəxsi xarakterli müraciət etmədiyim insan kimi sabiq hökumət başçısının elitarlığına, kabineti ətrafında bürokratik zireh qurmadığına və daşıdığı əqidəyə sədaqətinə görə həmişə hörmət etmişəm.

Artur Rəsi-zadəyə dil qüsuru  tutanlar vəsf etdikləri müasir Ukrayna inqilabının nəticəsində üç nazirin legioner olduğunu unudurlar. Kiyev hökumətində səhiyyə, maliyyə və iqtisadiyyata rəhbərlik edən şəxslərə Poroşenko yalnız vəzifə verən vaxt onların vətəndaşlıq məsələsi yada düşdü. Gerçəkdə dünya tarixində fərqli millətlərin, hətta yerli dili bilməyən minlərə şəxsin ən müxtəlif ranqlarda dövlətinə xidmət nümunələri var. Məhəlli patriotluq bizə zərbə vurur. Amerikanı güclü edən fərqlərdir. Bir də ana dilində xüsusi ləhcə ilə gözəl danışan Rəhim Qazıyevin xəyanətkar obrazı məgər, qibtə ünvanıdır?

Doğrudur, iradınızın o hissəsinə qatılıram ki, rəğbət doğuran ambisiyasızlıq və elitarlıq keyfiyyələrinə rəğmən ölkənin bütün coğrafi potensialını hərəkətə gətirmək və təsərrüfat qayğılarını öz üzərinə götürmək, o cümlədən həyata keçirilən çoxmilyardlıq layihələrin nəticələrini yerində yoxlamaq sarıdan köhnə hökumət başçısının seçdiyi üslub və idarəçilik modeli  dartışmaya layiq idi. Elə ona görə də hesabat zamanı parlamentdə söyləmişdim ki, biz 1 ilin deyil, son 5 ilin və gələcək 7 ilin kontekstində, milli vəzifələri və dövlət başçısının yeni meyarları əsasında yüksək ranqlı məmurların fəaliyyətinə qiymət verməliyik.

– Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da vəzifəsindən uzaqlaşdırıldı. Bəs, onu baş nazirin müavini kimi yararlı kadr sayırsınızmı?

“Öz idealı üstünə ləkələr atılan bir parlament üzvü, ya məmur səsini çıxarmayıb susursa, yalnız mövsümi kampaniyalara yarayırsa, prezidentin 7 illik bir dönəmdə seçdiyi strateji kursun mahiyyətini dərk etməkdə acizlik göstərirsə, onu yükə çevirmədən əvəzləmək lazımdır”

– Başa düşməliyik ki, Hacıbala müəllim ona rəhmətlik Rafael Allahverdiyevdən miras qalan “budka” və çadır köşklərin tüğyan elədiyi paytaxtın simasının dəyişməkdə ilk illər danılmaz xidmətlər göstərdi. Lakin sonralar o, yalnız müxtəlif lətifələrin istehsalçısına çevrildi, fontan və parkların gətirdiyi mənzərəyə vahid baş plan əsasında qurulan şəhər ansamblını əlavə etməyə qadir olmadı. Baxmayaraq ki, ondan kənarda dövlət rəhbərinin aldığı qərarlar Bakını gerçəkdən də Qafqazın zümrüdünə və Şərqin göz oxşayan tablosuna çevirdi, əvəzində şəhər meri öz həmkarlarından, məsələn, Moskva meri Sobyanindən qat-qat zəif və töküntülü bir obrazda cəmiyyətdə ad çıxardı. Onun musiqili söküntü qərarı, sadəcə, acı gülüş doğururdu, halbuki paytaxt meriyası kimi ciddi bir idarəçilik sütunu onlarla layihəyə müəlliflik edər, büdcədən bir qəpik də almadan xalqa xidmət göstərərdi. Ona görə də ölkə başçısının verdiyi qərarı Hacıbala Abutalıbovun şəxsiyyətindən daha çox, onun siyasi mənsubiyyətinə, xidmət illərinə və sədaqətinə görə göstərdiyi mərhəmət nümunəsi hesab edirəm.

Bakının meri mühüm siyasi vəzifədir. Ona təsərrüfatçı qayğıları ilə, tikinti və xidmət sektoru ilə bərabər, məhz vacib dövlət sütunu kimi yanaşmaq lazımdır.

– Parlamentin iclaslarında vaxtaşırı yeni ideyalarla çıxış edirsiniz. Maraqlıdır, bəs, sizə necə, hansısa vəzifəni tutmaqla bağlı təklif gəlibmi, yaxud gəlsə, reaksiyanız necə olar? Yeri gəlmişkən, deputat həmkarınız Rövşən Rzayev də yeni komandada yer alıb…

– Tam səmimi olaraq deyim ki, vəzifə üçün adını müxtəlif ictimai çarxlarda və virtual şəbəkələrdə təbliğ edən adamların görüntüsünə, özlərini siyasi əmtəə kimi təklif etmələrinə həmişə çox miskin səhnələr kimi baxmışam. Ona görə də seçki bitincə, yenidən öz ampluamızda qələm fəaliyyətinə, geopolitik analizlərə və parlament fəaliyyətinə geri döndük. Bəli, bütün seçki dövründə təbliğ etdiyim idealları dövlətin məhək daşı sayıram, lakin müxtəlif sahələrlə bağlı fərqli düşüncələrimizi də hər zaman səsləndiririk. Ona görə də vəzifə deyil, xidmət ən böyük vəzifədir! Heydər Əliyevi Naxçıvanda – mərkəzdən kənarda saxlayanlar məgər ölkə miqyasında “birinci adam” kimi görünürdülər ki? Bəzən şöbə müdiri, yaxud sıravi millət vəkilliyi çox titullu və ünlü sütunlardan yüksəkdə dayanır. Yetər ki, öz sahəndə peşəkarlığa nail olasan, sənətini sevəsən və prezidentin ən yüksək ədalətinə inamını qoruyub saxlayasan. İstərdim sizə bir daha seçki şüarımı xatırladım: “Güclü dövlət rəhbərinə bənzəyir!”

“İstənilən məmur haqda dosye İlham Əliyevin masası üzərindədir” - Zahid Oruc

İlham Əliyev siyasi, hərbi və iqtisadi komandasında hamının yerini əla bilir. Qaldı həmkarımız Rövşən Rzayevə, bütün ruhu və qəlbi ilə Xankəndidən – İrəvandan ibarət olan insanın ləyaqətli məmur olacağına, milli davamıza töhfə verəcəyinə və bir gün torpaqlarımız alınarkən o komitənin ləğvini bayram edəcəyinə heç bir şübhəm yoxdur. Rövşən müəllimdən öncə həmkarımız Cavid Qurbanovun dəmir yolları sisteminə təyinatı baş vermişdi. Azca insafı olan adam da deyər ki, “ASAN xidmət” və tarixi xarakter daşıyan dəmir yolları şəbəkələri xarici məkanda Azərbaycanın brendinə çevrilib. Ona görə də parlamentə dövlətin kadr bankı kimi yanaşılması alqışlanandır. Amma heç də bütün həmkarlarımız haqda bu sözləri söyləmək, təəssüf ki, mümkün deyil. Lakin bunu müzakirə etməyi etik saymıram.

– Zahid bəy, bundan sonrakı dönəmdə hansısa sürprizlər olacaqmı? Məsələn, növbədənkənar parlament seçkilərinə gedilməsini, yaxud islahatlarla bağlı növbəti addımların atılmasını nəzərdə tuturam.

– Bir ildə 2 seçki çox ağır prosesdir və yüz minlərlə aktiv insanın mənafe davası ölkənin daxili havasını dəyişdirə bilər. Amma onu da yaxşı anlayıram ki, öz idealı üstünə ləkələr atılan bir parlament üzvü, ya məmur səsini çıxarmayıb susursa, yalnız mövsümi kampaniyalara yarayırsa, prezidentin 7 illik bir dönəmdə seçdiyi strateji kursun mahiyyətini dərk etməkdə acizlik göstərirsə, onu yükə çevirmədən əvəzləmək lazımdır. Mənim üçün ulu öndərə xaricdən edilən hücumlara-küfr yayan və bütün müqəddəslərə həqarət yağanlara seyrçi qalan adamlar erməni əsgərinin torpaqlarımıza hücumuna ögey münasibət göstərənlərdən daha təhlükəlidir. Elələri istənilən böhranlı şəraitdə öz cəbhələrini çox asanlıqla dəyişəcəklər. Deməli, yeniləşmə kursu zamanın tələbidir. Lakin onun da öz vaxtı var.

İslahatlar qətiyyən sürpriz sayıla bilməz. Sahibkarı dövlətin müttəfiqinə çevirəcək qərarlar verilirsə, ona sevinmək lazımdır. Standartlaşdırma adı ilə başlayan bir qurum, yaxud inhisarçılıq sahəsindəki problemləri çözmək üçün ayrıca yaradılan struktur nəticədə müdaxilədən azad bir iqtisadiyyat qurmağa imkan verəcək. Varlı bir ölkəyə çevrilməliyik ki, min illik arzularımızdan və mübarizəmizdən sonra qurduğumuz dövlət hamımızın güvəndiyi müqəddəs məbədə dönsün.