Загрузка...

(Pərdəsiz məzhəkə-felyeton)

Çayxana. Masa arxasında 5 yazar. Hamısının əlində telefon. Baxa-baxa söhbət edirlər.

Bəyqulu Kiçikdərə: Qaraş, partlatmısan ey. Bilirsən, sənin statusuna nə qədər və necə şərhlər yazırlar? Laykı azdır, amma şərh çoxdur.

Qaraş Qaraqaşlı: Maraqlı deyil. Baxmıram. Nə yazırlar, yazsınlar.

Daşqın Od: Ə, yox, təkcə söymürlər ki. Müdafiə edənlər də var.

Mansur Dağ: On adamdan doqquzu söyür. Amma budur, biri də yazır ki, şair düz yazıb. İndi onu da söyürlər.

Xasay Dibirli: Tutuzdurmusan ey. Hardan ağlına gəldi Nəsimiyə ilişmək?

Qaraş Qaraqaşlı: Həə. Hələ növbədə Vaqiflə Vidadi də var. Onların da homodost olduqlarını yazacam.

Xasay Dibirli: Vallah, halaldır. Sənə qədər heç kəs “düz eləyib onun dərisini soyublar, kafir olub, soyublar” yazmamışdı.

Bəyqulu Kiçikdərə: Biri də yazıb ki, ona qalsa, sən özün də kafirsən, onda sənin də dərini soysunlar…

Qaraş Qaraqaşlı: Vecimə də deyil.

Daşqın Od: Ə, sən öl, mən də iki günə klassiklərdən birinə od qoyacam.

Mansur Dağ: Hə, xeyli klassik var. Axundov, Mirzə Cəlil, Haqverdiyev, Sabir, Hüseyn Cavid, Mikayıl Müşviq.

Qaraş Qaraqaşlı: Təcrübəmə güvənin. Hər klassiki vurmaq olmaz. Ən yaxşı və parlaqları vurmaq lazımdır. Bu saat duraq Süleyman Rüstəmdən bir şey yazaq, çox adam reaksiya verməyəcək.

Xasay Dibirli: Əsas odur ki, şərh çox olsun. Belə şeyə naxçıvanlılar yaxşıdır. Onlar təkcə şərh yazmırlar, məqalə də yazırlar. Hə, bir də qazaxlılar.

Bəyqulu Kiçikdərə: Qazaxdan kim qalıb? Hə, Mehdi Hüseyn durur. Yaza bilərsiniz ki, Mehdi Hüseyn sovet qrafomanı olub, vəzifəsi varmış deyə, əsərləri çap olunub.

Daşqın Od: Mirzə İbrahimov da vəzifəli olub. Amma ondan yazsaq, reaksiya olmayacaq. Kimi var ki? O taydan gəlmədir. İlyas Əfəndiyevin dramaturgiyasını zay elan eləsək, bəlkə füzulililər üsyana qalxar.

Xasay Dibirli: Hə, onlar çox söyüşcüldür. İntəhası, çoxu zəng edib söyür.

Qaraş Qaraqaşlı? Amma onları qızışdırmaq üçün ən yaxşısı “torpaqlarını qoydular, qaçdılar” yazmaqdır. Elə olanda ağdamlılar və cəbrayıllılar da onlara qoşulur.

Mansur Dağ: Yəni təkcə yazıçılarla məhdudlaşmaq olmaz. Məşhur və sevilən rejissorlardan, aktyorlardan da yazmaq olar. Məsələn, Adil İsgəndərovu istedadsız elan etsək, sən öl, gəncəlilər feysbukda bir tozanaq qopararlar ki…

Bəyqulu Kiçikdərə: Yox, mən bir müddət qazaxlılarla işləyəcəm. Ordan yazıçı və şairlər çox çıxıb: Osman Sarıvəlli, İsmayıl Şıxlı, Nüsrət Kəsəmənli…

Qaraş Qaraqaşlı: Bax, aktyor demişkən, Səməndər Rzayevi hamı tərifləyir, biriniz götürün bir şey yazın də onun haqqında. Əmin olun ki, təkcə ağsulular yox, o biri rayonlular da sizi söyəcək. Azı yüz əlli şərh gələr.

Xasay Dibirli: O qədər şərhə dözməyə peysər lazımdır e.

Daşqın Od: Qəti qorxusu yoxdur. Söyüşlərin peysərə kəsici-deşici təsiri olsaydı, Qaraşın süysünü indi deşik-deşik idi. Budey, soyadını artıq Qaraş Qaşqaldaq yazırlar…

Qaraş Qaraqaşlı: Vecimə də deyil.

Bəyqulu Kiçikdərə: İmzasını tanıtmaq istəyən yazar söyüşlərə dözməlidir. Peysərini düşünən adam şöhrətli yazar ola bilməz.

Mansur Dağ: Bəlkə mən Seyid Əzimi nəzmə çəkim, şamaxılılarla qırğına çıxım.

Daşqın Od: Alınmaz. Şamaxılılar Seyid Əzimdən hələ də yanıqlıdırlar. Müdafiə etməyəcəklər.

Xasay Dibirli: Qardaşlar, bakılılar yaddan çıxdı axı. Bunların da müqəddəs məşhurları var də. Onlardan yazaq. Məsələn, biriniz Əliqağa Vahidin qəzəllərini yerdə-yerə vura bilərsiniz.

Qaraş Qaraqaşlı: O mənlikdir. Biriniz də Şıxəli Qurbanovi götürün. Onu çox tərifləyirlər, ay Novruz bayramını xalqa qaytarıb-zad.

Bəyqulu Kiçikdərə: Mən istəyirəm Kərəmin acığına Qəşəmə döşəyim. Ata-bala üstümə gəlsinlər.

Mansur Dağ: Bəs 41-45 müharibəsinin qəhrəmanlarından yazmaq olar, görəsən? Məsələn, götürüb yazasan ki, o, ordeni döyüşdüyünə görə yox, geri qaçan özümüzünküləri vurduğuna görə alıb… Ay fısqırıq qopar ha…

Daşqın Od: O bir az təhlükəlidir. Elə qəhrəmanlar var ki, nəvələri yekə vəzifələrdə işləyirlər. Sən öl, adamın cibinə nəşə atdırıb tutdurar.

Qaraş Qaraqaşlı: Uşaqlar, təkcə vurmaq-yıxmaqla imza tanıtmaq olmaz. İndiyəcən hamının pis adam kimi tanıdığı şəxsləri müdafiə etmək də işə yarayar. Məsələn, 37-də üzə durub adam tutduranları müdafiə eləsəniz, camaat yenə sizi söyər.

Bəyqulu Kiçikdərə: Düzdür, bizə əsas nə lazımdır? Adımız çəkilsin, imzamız tanınsın, söyüş boş şeydir, uçub gedir.

Mansur Dağ: (Telefonuna baxır) Qaraş, Feysbukda səninlə bağlı bir pis xəbər var. Keçən dəfə söydüyün dahinin qohumları yığışıb redaksiyanıza gediblər, səni tapmayıblar, redaktorunun üzünə tüpürüblər.

Qaraş Qaraqaşlı: Vecimə də deyil…