“Evin yanmağının eybi yoxdur, çünki taxtabitilər də boğulurlar”
(Koreya ata sözü)
Seçkilərin uca millətimizə xeyirli aksiya olması haqda bu yaxında yazmışdım. İndi daha bir müsbət ortaya çıxmışdır. Hətta bu müsbəti yaxşı mənada müsibət də adlandıra bilərik. Bu da bizim dilin, bizim elin bir qəribəliyidir ki, xoşumuza gələn şeylərə də pis adlar qoyarıq. Örnək üçün, görürsən kimsə qəşəng zəngulə vurur, deyirlər: “Köpəyoğlunun səsinə bax e!”. Yaxud, biri əziyyət çəkib kitab yazır, millət onu belə mədh edir: “Alçağın əsəri yaman əsərdir!”. Doğma balasına “şeytan”, “it balası”, “düdük” deyə əzizləyən millətdən nə gözləyəsən… Məncə, sosioloqlarımızın başı yaltaqlıqdan açılanda bu temada araşdırmalar aparmalıdırlar, çünki başqa dünya xalqlarında belənçik fenomenə rast gəlinməmişdir. Ehtimal edirəm bunu göz qaytarmaq üçün belə deyirlər.
Qayıdaq temaya, yəni seçkinin növbəti müsbətinə. Hazırda hansı xəbər lentini açsan, orada möhtəşəm başlıq görmək mümkündür: “Nazirlər istefaya göndərildi”. Əladır. Adam kayf tutur – müvəqqəti də olsa. Çünki bizim konstitusiyaya görə (hələlik onu ləğv eləməyiblər, arada açın oxuyun, ləzzət aparın – çox gülməli kitabdır) prezident seçkiləri keçiriləndən sonra təzə prezident Nazirlər Kabinetini tamamən ləğv edib yenisini qurmalıdır. Doğrudur, bizdə prezidentin nazirlərə yazığı gəlir və adətən onları elə ilk gün vəzifələrinin müvəqqəti icraçısı işinə qoyur, ancaq o fərman çıxana qədər bir neçə saatlıq, bəlkə də dəqiqə ərzində nazirlərimizin hamısı işsiz qalır. Bəh. Təsəvvür elə, orda elə nazir var Şah Abbası taxtda görüb, Kleopatranı Mark Antoninin qucağında. Millət artıq həmin nazirlikləri funksiyasına görə tanımır, “Filankəs müəllimin idarəsi” olaraq bilir. Nəzərə alsaq ki, bu müddətdə həmin nazirlər oğul-uşaqlarını, qohum-əqrəbalarını da idarədə müəyyən işlərə düzəldirlər, o zaman adamın səhərlər evdən çıxıb işə getdiyini söyləmək mənasız alınır. Çünki adam de fakto evdən çıxıb evə getmiş olur. İndi belə adamları hər 5-7 ildən bir neçəsə dəqiqəlik de yure işsiz qoymağın, istefaya göndərməyin sevinci bizə bəs deyilmi? (Sevindiyimdən çaşıb onların bir-ikisinin adını burda yazmışdım, qəfil yadıma düşdü ki, artıq onlar vəzifələrini icra etməyə təzədən başlayıblar – pozdum. Allah adamı saxlayanda saxlayır. Yoxsa, kim bilir, yazı qəzetdə çıxanda mən özüm müvəqqəti olaraq həyatda qalırdımmı). Şair sırf bu məqam üçün demişdir:
“Küçələr, döngələr izindən qalır,
Yarpaq pıçıltısı sənin səsindi,
İşıqlar zil qara, gözündən qalır,
Bu şirin xatirə mənim bəsimdi”.
Həqiqətən bəzən adamın sevgilisinin gözləri fonar kimi yollara işıq salır. Küçələrin işıqlanması problemi də aradan qalxır. Nəsə, eşq-məhəbbət zamanı deyil, qayıdaq elektoral sevinclərimizin yanına. Yeddi ildə bir dəfə ələ düşən bayramdır, istifadə edək, hər saniyəsinin qədrini bilək.
Bu dəqiqə nazirlərin çoxu fikirləşir ki, birdən məni təzədən təsdiq eləməzlər. Axı yaxın tariximizdə belənçik hadisələr az-maz da olsa baş vermişdir. Seçki qurtarırdı, hamı istefaya gedirdi, bir növ, elnən gələn dərd-bəla kimi şey olurdu. Yəni bu müvəqqəti istefaya və vəzifənin icrasına, rusca desək, “io” (“ispolnyayuşiy obyazannosti” sözlərinin baş hərflərindən qayırılan rus qısaltmasıdır – bizim kabinetdə rus dili həmişə əsas dil olmuşdur) olmağa birtəhər dözülür. Təki adam “ia” olmasın. Yəni işsiz qalıb pis səs çıxartmasın. Ən pisi budur. Dünənə qədər səninlə birgə nazir işləyənlər təsdiqlənir, səni isə vurub atırlar. Dükan-bazar, toyuq fabrikləri, pomidorxanalar, kababxanalar, duşxanalar, quşxanalar və bizim ağlımıza, təsəvvürümüzə gələcək və gəlməyəcək başqa “xanalar” bir günün içində, bir “Günün ekranı” proqramının rəsmi xəbərlər hissəsində yoxa çıxır. Yəqin bu, çox ağır olmalıdır. Bəzən ürək buna dözmür.