Dünyanın tarazlığı nüvə təhdidi də daxil, xeyli pozulub. Fövqəldövlətlərin toqquşan maraqları nəinki ikitərəfli münasibətləri, beynəlxalq sabitliyi və təhlükəsizliyi də ciddi sınağa çəkib. BMT-nin faktiki yararsız bir quruma çevrilməsi bunun bariz təzahürüdür. Amma 1945-ci ildə, rus-alman savaşından dərhal sonra SSRİ və ABŞ-ın təşəbbüsü ilə qurulan bu mötəbər təşkilatın əsas missiyası məhz beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, dövlətlərarası əməkdaşlığı möhkəmlətməkdir.
İndi isə BMT sanki yox kimidir, iflic duruma düşüb. Bu, 73 ildə ən böhranlı vəziyyət sayıla bilər. Böhranın daha bir əlaməti neçə vaxtdır BMT Təhlükəsizlik Şurasının (TŞ) dünyadakı münaqişə ocaqları ilə bağlı yekdil qərar verə bilməməsidir. Çünki Rusiyanın TŞ-də irəli sürdüyü qətnamə layihələrini 5 daimi üzvdən üçü – ABŞ, İngiltərə və Fransa timsalında “Qərb üçlüyü” bloklayır, əks tərəfin qətnamə layihələrini isə Rusiya və ya Çin əngəlləyir. Xroniki pat vəziyyəti yəni. Ən betəri odur ki, çəkişən tərəflərin hər ikisi özünü haqlı, qarşı tərəfi isə suçlu sayır.
Hərçənd TŞ-nin, məsələn, Qarabağa dair 5 daimi üzv dövlətin hamısının səs verdiyi qətnamələri var ki, 25 ildir kağız üzərində qalıb. Ona görə ki, səs vermək, qətnamə çıxarmaq hələ yetərli deyil, gərəkdir verdiyin səsin üstündə də durasan. ABŞ və Rusiya isə Qarabağa dair qətnamələrin reallaşmasında həvəsli deyil. Halbuki elə qətnamələr olub ki, qəbulundan cəmi bir neçə saat sonra həyata keçib. Lakin bu, ayrı yazının mövzusudur…
Bir çox təhlilçilərə görə, təkcə BMT deyil, bütövlükdə beynəlxalq hüququn özü hazırda böhran yaşayır. O dərəcədə ki, bu gün ölkələrarası münasibətlərdə “güclü həmişə haqlıdır” deyimi təhlükəli dərəcədə legitimlik qazanıb.
Legitimlikdən söz düşmüşkən, bəllidir ki, Rusiya ABŞ və müttəfiqlərinin Suriyaya son hava zərbəsini beynəlxalq hüququn kobud surətdə pozuntusu, cinayət adlandırıb. Moskva bəyan edib ki, Qərbdən fərqli olaraq, rus qoşunları Suriyada “yerli qanuni hökumətin dəvəti ilə”, yəni legitim əsasda yerləşib.
Sual ortaya çıxır: bəs Gürcüstan 2008-ci ildə Abxaziya və Cənubi Osetiyaya Rusiya qoşunlarını dəvət etmişdimi? Etməmişdi. Di gəl, Rusiya işğalçı qüvvələri orada – Gürcüstanın qanuni ərazisində 10 ildir qeyri-legitim şəkildə mövcuddur. Eləcə də Krımda və Ukraynanın digər qanuni ərazisi olan Donbasda.
Amma bu, Moskvanı vecinə deyil. Çünki postsovet məkanında Rusiya üçün beynəlxalq hüquq çoxdan, daha doğrusu, SSRİ çökəndən sonra sanki “qüvvədən” düşüb. Putinə postsovet məkanında BMT Nizamnaməsinin qüvvədə olması əl vermir. Nədən ki, Kremlin SSRİ-ni reanimasiya eləmək planları var. Bunu cənab Putin gizlətmir də. Amma Suriyaya gələndə dərhal beynəlxalq hüquq Kremlin yadına düşür.
Beləcə, böyük güclərin siyasi maraqları diktə edəndə beynəlxalq hüquq gözə soxulur, etməyəndə ona asanca arxa çevirirlər. Bu, ələlxüsus şimal qonşumuza aiddir. O üzdən də sivil dünya, Qərb Rusiyadan ciddi şəkildə ehtiyatlanmağa başlayıb və onu cilovlamağa çalışır. Çünki beynəlxalq hüquq normaları hamının əməl eləməli olduğu ortaq “oyun qaydaları”, düzlənməli olduğu əsas dəyərdir. Bunu ciddiyə almayan ölkə qlobal sülhə təhlükəyə çevrilir və təcrid olunmalıdır…
Qarabağ məsələsi üçün belə bir durum əslində uğurlu deyil. Nədən ki, o halda konfliktin həlli beynəlxalq hüquq normalarının təsbit olunmasından daha çox, xeyli ölçüdə Rusiya və ya ABŞ-ın siyasi iradəsindən asılı vəziyyətə düşmüş olur. Moskva və ya Vaşinqtonun ovqatına bağlı qalır. O zaman bəs Azərbaycan harda qərar tutsun? Biz hansı tərəfə gedək – “it hürən tərəfə, yoxsa, işıq gələn tərəfə”? İşıq gələn tərəfə getsək, “div”in üzünə çıxmarıq ki?
Razılaşaq ki, asan suallar deyil. Belə görünür, Qarabağ ixtilafının çözümü üçün öncə iki “divin” – Rusiya-ABŞ davasının gedişatını izləməliyik. Yəni bizə onların öz aralarında haqq-hesab çürütməsini, situasiyanın durulmasını gözləmək düşər.
“Dalaşan ”div”lərin arasına girmək özünə qəsd olar…