“Tarixi darıxdırıcı olan xalqlar xoşbəxtdir”
(Şarl Monteskyö)
Oxucular bilir, mən yazılarımda Molla Nəsrəddinə tez-tez istinad edirəm. O üzdən, bu yumor qəhrəmanımızın adının əbədiləşdirilməsi sahəsində 11 apreldə baş vermiş hadisənin sevincini sizlərlə bölüşməkdən zövq aldığımı bəyan edirəm. Həmin gün Beynəlxalq Astronomiya Birliyi (BAB – bu yerdə rəhmətlik Əbülfəz Elçibəyin başçılıq etdiyi rəhmətlik Bütöv Azərbaycan Birliyini də yad edərək hər ikisinin ruhuna bir salavat zikr edək, ilahi, amin!) toplaşaraq Plutonun peyki Haron-un üzərindəki dərə-təpələrə adqoydu mərasimi keçirmişdir, bir kraterə də Nəsrəddin dədəmizin adını vermişlər. Diplomda elə bu cür yazıblar ki, kraterə Orta Doğu və Yaxın Şərq xalqlarının bir çoxunun folklor və yumor qəhrəmanı Nəsrəddin-in adı verilir.
Sözgəlişi, bu BAB 1919-cu ildə dünyanın ulduzları öyrənən alimləri tərəfindən yaradılmışdır, baş ofisi Parisdədir, özü də bunlar yetərincə ciddi alimlərdir, bizim AMEA-da mələyin uçma sürətini hesablayan, yaxud dolmanın hansı yarpaqda daha tez bişdiyini öyrənən gicsertasiya (bu adı da mən kəşf elədim indicə) müəlliflərinin tayı deyillər. Kimsə istəsin bu BAB-a pul basıb hansısa ulduza dədəsinin, hansısa kometaya arvadının adını qoydursun – mümkünatı yoxdur. Bu alimlərin qanacağı üzündən göy üzü hələlik Yer üzündən nisbətən təmizdir, orda hər cür qor-qoduq və çaqqal-çuqqal adına rast gəlinmir.
Burada bir haşiyə çıxım. Dünən danışdılar, xəbərsiz idim. Sən demə, hazırda millətin başına təzə corab hörməyə girişiblər, şadlıq saraylarında uşaqlara adqoydu mərasimləri qayırırlar. Sünnət, toy, nişan, qız toyu, xınayaxdı, yengəgördü, tamadamindi, qudaboğdu mərasimlərini bilirdik, indi bu adqoydu da təzə hoqqadır. İki-üç dəfə telekanalizasiyada reklam da eləsələr (bəlkə artıq edirlər) cibimizdəki son qəpik-quruş bu adqoydu tədbirlərinə gedəcəkdir.
Dəvətnamə gələcək ki, müdir Həmdulla müəllim sonbeşik nəvəsi Adışirin balanın adqoydusu için sizi “Sonalar sonasının anasını…” şadlıq sarayında intizarla gözləyir, masanın biri 20 manatdan başlayır – ağzın nədir getməyəsən? Yaman ilişmişik. Millət bir-birinin bəhsinə hər sür tədbirə hazırdır. Sabah hansısa populyar verilişdə aparıcı prodüseri yıxıb urus qibləsinə başını kəssə bütün millət şövqə gəlib bir-birini doğrayacaqdır. Bəlkə də ən doğrusu elə bu olardı – planet bir qədər bizdən təmizlənərdi.
Uzun sözün qısası, Nəsrəddin bəyin adının kosmosa ucalması fəxrimizdir. Ümumiyyətlə, insan adıyla ucalır, gərək adını qoruyasan. Yoxsa hər cür axmaq söhbətlərə qoşulan, ağzının danışığını bilməyən bir deputat var idi, srağagün başını atıb ölmüşdür. Həmişə belə məqamlarda ortaya atılan o mənasız cümlə yenə hər tində səslənir: “Ölünün ardıyca ya gərək yaxşılığa danışasan, ya da heç danışmayasan”. Böyük ehtimalla bunu yaramaz və axmağın birisi özünün gələcəyini bildiyi üçün uydurub qoymuşdur, yoxsa bu nə deməkdir? Bəs tarix elmini nə edək? Ölünün ardıyca ancaq yaxşı danışmalısansa, onda Hitler, Stalin, Pinoçet, nə bilim, Çikatilo və Bin Laden, Səddam və sairə bədnam şəxsləri gərək, ümumiyyətlə, tarix kitab-dəftərindən silək. Çünki hər halda bunların haqqında yaxşı danışmaq bir az ayıb çıxır. Bəlkə belə axmaq afyorizmlər üzündən bizim kimi bölgələrdə tarix elminin qara qəpiklik hörməti qalmamışdır. Nə qədər yalan yazarsan?
İndi söz əlaqədar təşkilatlarındır. Bir dənə də köşəyazdı mərasimi qayırın, biz də ağ günə çıxaq, şadlıq sarayında yazılarımızı oxuyub, pul qazanaq.
P.S. Ölülər haqda bayaqkı afyorizmin müəllifi bizim eradan öncə 6-cı əsrdə yaşamış yunan şairi və siyasətçisi Hilon-dur. Ancaq onun fikrini ixtisar edərək kökündən təhrifə səbəb olublar, çünki Hilon belə deyibdir: “Ölülər haqda ya yaxşı danışmalısan, ya da həqiqətdən başqa heç nə danışmamalısan”. Gördüyümüz kimi, hansısa lotu buradan “həqiqətdən başqa” sözlərini ləğv edərək cümləni kefi istəyən şəklə salmışdır. Hətta bunun özü də Hilon müəllimi təmizə çıxartmır, çünki yaxşı oğlan gərək sözünün ağası olsun, sözü elə desin ki, hər lotu onu bir cür yoza bilməsin.