Azərbaycanlı gənc müğənni Üzeyir Mehdizadə bu günlərdə Türkiyədə keçirdiyi konserti ilə yenidən səs-küy yaradıb. Belə ki, müğənninin Türkiyə konserti ilə bağlı sosial şəbəkələrdə kiçik video yayılıb. Həmin videoda Üzeyir Mehdizadənin səhnəyə çıxarkən türkiyəli fanatları tərəfindən böyük coşğu ilə qarşılandığı əks olunub. Video çoxsaylı izləyicilər tərəfindən paylaşılıb, tanınmışlar tərəfindən şərhlər yazılıb.
Qeyd edək ki, ötən il Üzeyir Mehdizadənin mahnısı Türkiyənin “Show Türk” telekanalında səslənmişdi. Onun “Ay balam” mahnısını türkiyəli ifaçı Sevcan Dalkıran, nəqarətini isə Üzeyir özü ifa etmişdi. Sevcan telekanalın canlı yayımından bu mahnıya görə Üzeyirə təşəkkür edib və onun mahnısını oxuduğuna görə çox xoşbəxt olduğunu bildirmişdi.
Onu da bildirək ki, Üzeyir Mehdizadənin mahnıları ölkəmizdə birmənalı qarşılanmasa da, ölkə hüdudlarından kənarda, Türkiyə və Rusiyada, hətta Özbəkistanda məşhurdur. Müğənni bir neçə il öncə Özbəkistanda fanatları üçün konsert vermişdi. Yerli mətbuatda yayılan məlumata görə, müğənninin “O yana gedir, bu yana gedir” mahnısı telefon zənglərinə əlavə edilmək üçün gecə-gündüz özbək televiziyalarında reklam olunurmuş. Həmçinin müğənni Özbəkistana tez-tez dəvət alır. Demək olar ki, o, Özbəkistanda toy aparan yeganə azərbaycanlı müğənnidir.
Musavat.com