“Onlar “Leyli-Məcnun”u vur-tut bir dəfə, uşaqlıqda əl-ələ tutuzdurub, gələcəkdə mədəni olmaları üçün məcburi “Opera”ya aparılanda, görmüşdülər. Odu-budu, bu tamaşaya “kres” qoydular. Atalarını Məcnun qiyafəsində görəndə, az qalmışdı bunlar özü dəli ola, ölüb yerə girələr”.
(Rafiq Tağı, “Qoca Məcnun” hekayəsindən)
Məzahir müəllim ilkin nəticələri açıqlayıbdır, orada namizədlərdən Razi müəllimə 29 min səs çıxıbdır. Sıfır tam neçəsə faizdir. İşin məzəli tərəfi odur ki, Razi müəllimin namizədliyini qeydə almaq üçün qabaqca qanuna uyğun olaraq 60 seçki dairəsindən 40 min imza toplanmışdı. Belə çıxır Razi müəllimin namizəd olmasına səs verənlərin 11 mini də axırda ona səs vermək istəməyibdir.
O cümlədən, iqtidar partiyasının təbliğat tədbirlərində aktiv iştirak etdiyi üçün müğənni Afaq Aslana verilən diplomda “seçki kompaniyası” yazılıbmış. Sanki seçkilər bir şirkətdir, biznes qurumudur. YAP həmin diplomu qayıran şəxslərə cəza verdiyini bildirir. Ancaq əl çaşıb doğrusunu yazanda, onu kəsmək düzgündürmü? Alternativ, tənqidi fikir iqtidarın elə özünə hamıdan çox lazımdır. Sabah gerçək durumu qiymətləndirmək üçün. Yoxsa özün çal, özün oyna, Qaçaq Nəbinin toyu kimi prosedurlar elə – bunun mənası nədir?
Bu arada “Yuventus” futbol komandasının qapıçısı Canluici Buffon-dan mükəmməl bir tənqidi cümlə oxudum, təkrar tirajlamaq istəyirəm, çünki bizim region üçün aktualdır. Axı hazırda iqtidar və xaricdəki bir qrup arasında guya ciddi münaqişə, söyüşmə vardır (şəxsən mən bu prosesdə iqtidarın udduğu qənaətindəyəm, özləri də qəsdən prosesi süni şəkildə körükləyir, guya söyüşlərdən narahat olduqlarını göstərirlər – uzun temadır, söyən olmasa gələcəkdə yazaram). Ancaq bu adamlar söyüşməni, təhqirləri çox istedadsız şəkildə aparırlar. Çünki söyüşü də gərək istedadla söyəsən. Uzun sözün qısası, Çempionlar Liqasında təzəlikcə nəsə oyun olub, orada hakim Buffona qırmızı vərəqə göstəribdir. İndi Buffon hakimi nəzərdə tutub deyir: “Ürəyin yerində zibil vedrəsi olmamalıdır”. Buyurun. Sənətkarcasına təhqir edibdir. Hətta yaradılan obraza, təsvirə görə Buffonu təqaüdə çıxanda APİ-Leninə dil-ədəbiyyat müəllimi işinə dəvət eləsən azdır.
Söhbət açılmışkən, orta məktəbdə rus dili müəllimim olmuş, 90-ların əvvəlində “Aydınlıq” və başqa qəzetlərdə Yaşar Novruz Qarabağlı imzasıyla şeirlər dərc etdirən sevimli Yaşar müəllimi xatırladım. Yaşar müəllim şahmatdan rəssamlığa, ədəbiyyatdan coğrafiyaya qədər hər şeyi gözəl bilən ensiklopedik adam idi və uşaqlar onu əsəbləşdirəndə unikal bir “söyüş” gəlirdi: “Çaqqalın dal quyruğu”. Ancaq, əlbəttə, proses bununla yekunlaşmırdı, istedad özünü daha geniş formada büruzə verməliydi və əgər irad obyekti şagird özünü yığışdırmasa, necə deyərlər, tənqiddən nəticə çıxartmasa, bu dəfə tənqidin dozası artırdı: “Çaqqalın dal quyruğunun sol tərəfindəki bir topa tük”. Bir növ, bəhri-təvil janrında söyüşlər yaratmışdı. Bəlkə də Yaşar müəllim zənci kimi Amerikada doğulsa çox məşhur rep müğənnisi olardı. Lakin Qarabağda doğulmuşdu, 2000-ci illərdə isə Salyanın Qarabağlı kəndində öldüyünü eşitmişəm. Qayıdaq mövzumuza.
Seçkiləri müşahidə üçün Avropadan gələn qonaqlardan biri isə lap kökündən vurubdur, sosdemlərin namizədi Araz Əlizadənin… qadın olduğunu yazıbdır. Bir növ, “namizədi seçkiyə buraxanda baxmadınız ki, bu kişidir, ya qadın” süjet xətti ilə yeni operetta yaratmaq olar. İstəsək bunu “Azərbaycanın bütün Şərqdə ilk dəfə…” kateqoriyalı yeniliklərindən biri də saymaq mümkündür. İlk dəfə qadınlara səs hüququnu biz vermişik, indi isə qadın və ya kişi olduğu mübahisə doğuran ilk namizədi irəli sürməklə tarixə düşürük. Siz zarafat eləyin. Yüz il sonra buna baxarıq. İsti-isti çox şeyin ağrısı bilinmir. Vaxt keçməlidir.
Örnək üçün, 15-ci əsrdə İngiltərənin 3-cü Riçard adlı kralı olubdur. Ziddiyyətli adam kimi tanınıb və döyüşdə öldürülən 3 ingilis kralından biridir. (Onun haqqında BBC-nin satirik “Qara gürzə” teleserialı var, baş rollardan birini “Mister Bin” kimi tanıdığımız Rouen Atkinson oynayır. Şekspir isə “3-cü Riçard” pyesini yazıbdır). Uzun sözün qısası, bu Riçardın qəbrini 20-ci əsrdə açıblar, araşdırma aparıblar və alimlər belə qərara gəliblər ki, kralın qarnında… askarid qurdları varmış.
İndi özünüz fikirləşin, sağlığında hansı qurd ürəkli oğlan onun üzünə deyə bilərdi ki, əlahəzrət, qarnınızda qurd vardır? Beş yüz il keçsin, istəyirsən lap köşədə yaz…