Almaniya Xristian Demokratlar İttifaqının xarici siyasət məsələləri üzrə eksperti Norbert Röttgen əmindir ki, bu günlərdə Suriyaya raket zərbəsi endirəcəyi ilə hədələyən Donald Trampın bəyanatına ciddi yanaşılmalıdır.
AFR Kansleri Angela Merkelin partiya yoldaşı bildirib ki, ABŞ Prezidentinin “Twitter” səhifəsində KXDR-in ünvanına təhdidlər yağdıran əvvəlki statuslarından fərqli olaraq, bu dəfə söhbət hərbi zərbə barədə konkret xəbərdarlıqdan gedir. AZƏRTAC xəbər verir ki, N.Röttgen deyib: “Düşünürəm ki, ABŞ Prezidentinin bu sözləri nəticəsiz qalmayacaq”.
Onun sözlərinə görə, Vaşinqton və Moskva birbaşa hərbi qarşıdurmadan qaçmağa çalışacaqlar. Ancaq ən böyük təhlükə bundan ibarətdir ki, belə vəziyyətdə hadisələr planlaşdırıldığı kimi getməyə bilər. Eyni zamanda, siyasətçi Qərbi Suriya barəsində ardıcıl siyasət yürütməyə çağırıb. Onun fikrincə, Suriya münaqişəsinin BMT, Aİ, ABŞ və digər qlobal oyunçuların iştirakı ilə həlli üzrə diplomatik proses gücləndirilməlidir.