“İnsanı öz xoşbəxtliyinin qəlpələri qədər ağır yaralayan başqa bir şey yoxdur”
(Mixail Jvanetski)
Feysbukun qurucusu Mark müəllim Amerika deputatxanasında suallara cavab vermişdir. Rusiyada rublun kursu düşməkdədir və ruslar Hillari xanımın yerinə Donald müəllimi dəstəkləmələrindən peşman olmaqdadır. Hər halda, Klinton prezident seçilsə, Rusiya indiki qədər kəskin sanksiyalar almazdı. Demokrat Obamanın sınıq dişli beynəlxalq siyasəti yadımızdadır. Ümumiyyətlə, ABŞ-da həmişə respublikaçılar beynəlxalq vəziyyətlə daha çox maraqlanıblar. Bu da bir paradoksal haldır, çünki adına görə guya respublikaçılar respublikanın içi ilə məşğul olmalı, demokratlar isə dünyada demokratiya yaymalıdır.
Amerika-Rusiya qarşıdurması hələ daha şiddətlənə bilər, çünki Donald müəllim Güney Amerikaya səfərini təxirə salıb Suriyada kimyəvi silah tətbiqinə cavab vermək istəyir. Bu xəmir çox su aparacaqdır. Ara yerdə fürsətdən istifadə edib Qarabağı geri alaq demirəm, heç olmazsa Qaradağı itirməyək. Çünki 90-ların əvvəlində dünya təxminən bənzər vəziyyətdə qarışarkən biz nəinki bundan faydalandıq, əksinə, öz içimizdə işləri qarışdıranlar daha aktiv oldular. Qaradağı itirsək, sement zavodumuz olmaz. Bəs müasir parklara daşları nə ilə yapışdırarıq?
Əlcəzairdə dünən bir təyyarə düşmüşdü, deyilənə görə 200 adam həlak olmuşdur. Bütün türk dünyasının başı sağ olsun, çünki mənim yadıma gəlir, bir neçə il qabaq hamısı Əlcəzairə görə Fransanı söyürdü, deyirdilər, nə üçün qabaqlar girib orda bərbər tayfalarını bər-bər bəyirdiblər. Türkiyədə hətta Əlcəzair soyqırımına görə nəsə parlament aktı hazırlanmışdı, axırda deyəsən əlcəzairlilər özləri dedilər, ağ eləməyin, biz özümüz firənglərlə anlaşarıq. Zinəddin Zidanı elçi göndərmişdilər danışıq üçün.
Söz türklərdən düşmüşkən, dünən türk lirəsi də dollar və avroya nisbətən şok enişlər yaşamaqda idi, sanki Türkiyə Rusiya ilə yaxınlaşmasının altını çəkirdi.
Bizi isə narahat edən əsas iqtisadi problem 8-ci kilometr bazarında soğanın qiymətinin 1 manata qalxması, o cümlədən pomidorun 4-5 manatdan enməməsidir. Hamı deyir, guya bu, malın xaricə aparılması ilə bağlıdır. Ancaq boş söhbətdir. Pomidoru inhisar bahalaşdırır. Keçən ilə qədər pomidoru əkən 3-4 başqa adamlar da vardı, indi onları qatlayıb cibə qoyublar, pomidora ancaq bir adam baxır. Bu da nəticə. Kef hələ qabaqdadır. Bəlkə bu gedişlə biz pomidoru təzədən Amerikada kəşf edib ölkəmizə gətirdik. Dibçək gülü kimi əkərik. Deyilənə görə, kartofu da Kolumb elə gül kimi gətirib krala bağışlayıbmış. Təbii, bizdə orta əsr İspaniyası deyildir. Bizdə kral istəsə Kolumba ən böyük kartof soyutması bağışlayar. Sonra bu temada Ginnesin rekordlar kitabına düşərik.
Sözgəlişi, biz o kitaba indiyə qədər hansı məsələlər üzrə düşmüşük, bilirsinizmi? Fantastikadır: ən uzun bayraq dirəyi bizdə olubmuş, ən balaca kitabların muzeyi bizdədir, üçüncüsü… Bəlkə bunu yazmayım? Uşaqlar da məktəbə getmir, birdən oxuyarlar, biabır olarıq? Hər halda mən xəbərdarlıq elədim. Ginnesin kitabına düşən 3-cü Azərbaycan faktı… bir soydaşımızın penisinin uzunluğu məsələsi imiş. 28 santimetrlə qardaşımız rekord vurubmuş. Halal olsun. Gördünüzmü? Bayraq, kitab, alət… Daha xoşbəxtlik üçün nə lazımdır? Hərçənd kitab balaca olduğundan oxumağı yadırğadıq, bayraq dirəyinin uzunluğunda Tacikistan qabağa keçdi, soydaşımızı da, türkün məsəli, alət işində ötənlər varmış. Əməllicə geriləmişik. Vəzirovun sözü olmasın, bu işlə özümüz məşğul olmalıyıq.
Qaldı bizdə hansı proseslər baş vermişdir, mən özüm yazmadım. Bu temada Molla Nəsrəddin baba əbədi resept qoyub getmişdir, gəlin oxuyaq: “Günlərin bir günü quldurlar Mollanı yolda tutub soyurlar. Cibindəki pulları, eşşəyini, pal-paltarını əlindən alandan sonra özünü də döyürlər. Molla axırda dilə gəlib deyir: ”Yaxşı, hər şeyimi əlimdən aldınız, bu öz yerində, bəs özümü niyə döyürsünüz? Gec gəlmişəm, ya az gətirmişəm?”