AXC-Müsavat hakimiyyəti dönəmində cəmi 30 yaşındaykən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Sahib Məmmədovun tabeliyində bir aparat işçisi varmış, hər fürsətdə başçıya iltifat göstərirmiş. Olurmuş ki, toplantıların birində gənc başçı nəyəsə əsəbiləşəndə həmin şəxs üzünü İH aparatının işçilərinə tutub deyirmiş: “Allah bizə nəhlət eləsin, bəyi əsəbiləşdirdik”.
İndi onun sözü olmasın, gərək mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də üzünü turizmçilərə, turistlərdən pul qoparan gömrük məmurlarına, iaşə sektorunda çalışanlara tutub ürəkdən desin: “Allah sizə lənət eləsin, rəhbəri əsəbiləşdirdiniz”.
Bəli, nəhayət, turizm sektorundakı biabırçılıqlar ən ali səviyyədə etiraf olundu və hiddətə səbəb oldu.
Biz bu barədə çox yazmışdıq. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə bağlı xarici valyuta ehtiyatının etibarlı şəkildə artırılmasını təmin etmək üçün turizm sektoruna ciddi önəm verilməliydi və bunu dərk edənlər sektordakı problemlərdən danışır, yazırdılar.
Təəssüf ki, xasiyyətimizdəki qəfildən varlanmaq arzusu, tamahkarlıq, dələduzluq, kələkbazlıq kimi elementlər bu sahədə inkişafımıza mane olurdu və olmaqdadır.
Biz turizmdə inkişaf etmiş Avropa dövlətlərinin standartlarına yetişməyi hədəf götürməliykən, dığırlanıb Misir və Tailand turizminin yanında düşmüşük.
Utanmaqdan keçib, gərək etiraf edək. Tailand bütün Asiya regionunun fahişəxanasına çevrildiyi kimi, özünü bazara çıxaran yüngülməcazlı qadınların asan yolla varlanmaq ehtirası üzündən Azərbaycan da öz regionunun Tailandına dönmək perspektivi qarşısındadır. Bəxtimiz onda gətirib ki, qonşu dövlətlər (Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Moldova, Ukrayna, Rusiya) arasında bu sektorda ciddi rəqabət mövcuddur və birinciliyi, türkün sözü, bizə qapdırmırlar.
Yoxsa Yaxın Şərqdən gələnlər, xüsusilə də ərəblər buralarda hər gecə 1001 zibil qaynadardırlar. Bir çoxları o biri ölkələrə daraşıb gedir.
“Turizmdə Misir standartı”na gəlincə, dünyada tamahkarlıqda, kələkbazlıqda misirli turizmçilərin üstünə yoxdur. Heç olmasa Kleopatranın reputasiyasını gözləmirlər, adi 1 dollarlıq muncuqları avropalılara 100 avroya satmaqdan tutmuş dəvəyə mindirməyə ayrı, düşürməyə ayrı pul tələb etməyə qədər hər cür “pulqoparma” fəndləri tətbiq edirlər. Dünya əhli onların həyasızlığından bezar olub. Sırf bu üzdən artıq yüz minlərlə adam Misirə tətilə, səyahətə getmir.
Bax, məhz ona görə də elə hey yazırdıq ki, qoy bizim turizmçilər, turistlərə xidmət edən kafe-restoran yiyələri, taksi sürücüləri, bələdçilər özlərini misirlilər kimi aparmasınlar.
İndi öz aramızdır, “20 Yanvar” metro stansiyasından taksi ilə “İnşaatçılar”a getmək istəyən nabələd əcnəbini bizim taksi sürücüsü nəyə görə “Şamaxinka”dan keçirib, Xırdalana aparmalı, oradan Şamaxı yoluna düşürüb, təzədən Xocasənə gətirməli, oradan da “Sədərək” bazarının yanında dairəvi yola çıxarmalı, sonra Yeni Yasamaldan keçirib gətirməli və 45 avro tələb etməlidir ki? 2-3 manatlıq yoldur, sən də al 5 manat. Belə kələkbazlıqla kasıblığın daşını atacaqsan? Bu, ildə bir dəfə olar. İndi hamının cibində naviqatorlu telefon var, taksiyə minən kimi baxacaq, ən kəsə yolu sürücüyə göstərəcək, deyəcək, sür.
Yaxud səkkiz nəfərlik yemək-içməyə görə əcnəbi müştəridən 1100 avro tələb etmək nə deməkdir? Nə yeyiblər bunlar? 250-300 kiloluq cöngəmi? Bizonmu? Bəlkə ceyran südü içiblər? Hərəsinə 250 qram ət vermisən, bu da eləsin 50-60, lap 100-150 manat.
Mən hələ turistlərə qarşı cürbəcür “pulqoparma” hiylələri tətbiq edənlərdən danışmıram.
Bu yazı da turistlərə qahmar çıxmaq üçün yazılmır. Onların pulu çoxdur, bəs deyincə xərcləyə bilərlər, kasıb düşməzlər. Sadəcə, elə etmək lazımdır ki, bu ölkəyə bir dəfə gələnlər sonra yenə gəlsinlər, qohum-əqrəbalarını, iş yoldaşlarını da gətirsinlər.
Dediyim odur ki, turizm qızıl yumurtlayan toyuqdur. Bizim turizmçilər o toyuğu tutub kəsib, tabaka edib, turistə 50 dollara da sırıya bilərlər, hövsələ edə-edə, yumurtlamasını gözləyərək ildə 5 milyard qazana da bilərlər.
Ağıllı olmaq lazımdır. Bu saat bütün Avropa Macarıstana cumur. Niyə? Ona görə ki, adı ucuz və turistlərə kəf gəlməyən ölkə kimi çıxıb.