Novruz bayramı günlərində bir çox yazı-pozu adamı siyasi mübarizədə söyüşlü polemikaların istifadəsinə qarşı yazılar yazdılar.
Biz də yazdıq. Qınadıq. Pislədik. Buna qarşı olduğumuzu göstərdik.
Bir faydası oldu, olmadı, dəqiq bilmirəm. Ancaq sanki söyüşlü videoların, təhqiramiz statusların arası səngimişdi.
Belə çıxırdı ki, nə qədər olmasa da total qınaq, sürəkli pisləmə öz işini görür, əsəbi insanlar anlayır ki, bu mübarizə üsuluna önəm verəndə gözdən düşürlər, sözlərinin çəkisi azalır, auditoriyaları daralır.
Ancaq o kampaniyanın başlamasının və bitməsinin üstündən 15-20 gün keçəndən sonra müşahidə edirik ki, indi də özünü iqtidar düşərgəsinə tərəfdar sayan, hakimiyyətə qahmar çıxan adamlar peyda olub və qat-qat ağır söyüşlər söyür, bunu videolentə alıb sosial şəbəkədə, internet resurslarında yayırlar.
İndi buna qarşı da söz deyən lazımdır, ya yox? Yoxsa “siyasi mübarizədə söyüş olmaz” qadağası yalnız özünü müxalifətçi sayanlara aiddir, bu yasağın günortadan sonra “iqtidar adamı” olanlara aidiyyatı yoxdur?
Belə şey olarmı? Qayda budur ki, heç kəs söyüş söyməməlidir, heç kəs söyülməməlidir. Amma indi elə çıxır ki, başqaları söyülə bilər.
Dünən-srağagün sosial şəbəkədə yayılmış bir neçə video təəssüf doğurmaya bilməz. “Cəlilabadlı müəllim” adlandırılan şəxs kamera qarşısında oturub və çoxlu adam adları çəkərək onlar belə sözlər deyir: “Oğrəşin biri oğrəş” (məhz bu cür); “petux”; “köpəyoğlu”; “sən gündə bir ər dəyişən qadınsan”; “alçağın biri alçaq”; “kopolunun adamları”; “şərəfsiz”; “qeyrətsiz”; “it kimi hürənlər”; “kərtənkələ” və sair və ilaxır.
Özü də “cəlilabadlı müəllim” bu sözləri o kəslərə ünvanlayır ki, onlardan bəziləri heç vaxt biədəb kəlmə işlətməyiblər, nəinki söyüş söymək. Xaricdə oturub söyüşlə danışanlar, ittiham edənlər qalıb bir tərəfdə, “müəllim” hamını bir-birinə qatır, yeddi dərənin suyunu bir-birinə calayır.
O birisi videoda isə bir nəfər guya ki, anti-söyüş kampaniyasına öz töhfəsini verir, ikrah doğuran bir diksiya ilə söyüşün birini bir qəpikdən sırıyır, hələ bir indus və ya surinamlı qaradərili səfil taparaq ona biədəb kəlmələr dedizdirir.
İndi guya bu mübarizədir? Bu, sadəcə, “ayı xidməti”dir, arı yuvasına çöp uzatmaqdır, özlərini yox, başqalarını hədəfə çıxarmaqdır.
Onların bu sayaq danışıqlarına eyni dildə cavab verməyi məqbul sayan adamlar heç də həmin “müəllim”ə, “gənc fəal”a cavab verməyəcəklər, onları kimin öyrətmiş ola biləcəyinə dair təxminlər quracaq və yüksək mənsəbli adamları hədəfə götürəcəklər. Adətən, belə olur.
Ona görə də “xaricdə oturub söyənlər”lə yanaşı, “daxildə oturub söyənlər”i, ara qızışdıranları da qınamaq, pisləmək, hətta cəzalandırmaq lazımdır. Birincilərdən fərqli olaraq ikincilərə əl çatır. Onlara anlatmaq lazımdır ki, özlərini yuyulmamış qaşıq kimi ortaya atmasınlar, sönməkdə olan gəndalaş tonqalının üstünə benzin çiləməsinlər.
Heç inanılası deyil ki, əlində bu qədər mətbuat orqanları, hər cür ekspertləri, təbliğatçıları, piar ustaları olan hakimiyyət komandasının telefon kamerası önündə söyüş söyənlərin köməyinə ehtiyacı var.
Əgər ortalığı qarışdıran, xoşagəlməz polemikaları daha da qızışdıran bu cür adamların etdiyi özfəaliyyətdirsə, onlar dərhal durdurulmalıdır. Yox, özfəaliyyət deyilsə, onlara bir dil (eləcə də vəd, pul) verən varsa, onlar da ifşa olunmalıdır.
Bir şey tam çılpaqlığı ilə ortadadır. “Xaricdə oturan”lar azı bir il idi ki, bu işlə məşğul idilər, amma onlara o qədər də fikir verən yox idi. Hətta müxalifətçilərin çoxu belə onları bəyənmir, dışlayırdı. Bu şəxslərə qarşı bir-iki ay öncə start götürən “mübarizə” isə hazırda onları olduqca populyar edib. İndi 27 ildir siyasətə qarışmayan xeyli adam internetdə bu şəxslərin çıxışlarını axtarır.
Hər tonqalın odlanmağa başlayan, alovunun ən yüksək həddə çatan və sönükən vaxtları olur. Sonra sönür, gedir, yerində kül, kösöv qalır. Hazırda isə o tonqala çır-çırpı gətirənlər, bununla da qalmayıb, benzin tökənlər var. Ən qorxulusu da elə bunlardır.