“Sən orda göyə baxırsan,
Burda məni yer aparır”
(Ramiz Rövşən)
Ötən yazımda “Yeralaş” satirik verilişini yada salmışdım, oradan bir süjet də bizim indiki halımıza bənzəyir. Qışdır, hər yan qar içindədir, bir uşaq əlində buzdeşən, vedrə, tilov gəlir, başlayır buzu deşməyə. Bu zaman haradansa qalın kişi səsi eşidilir: “Orda balıq yoxdur!”. Uşaq təəccüblə o yana, bu yana boylanır, bir neçə metr aralanır, yenə buzu deşmək istəyəndə səs eşidilir, bayaqkını təkrarlayır. Nəhayət, 3-4 dəfədən sonra uşaq üzünü səmaya tutub deyir: “Sən kimsən?!” Cavab gəlir: “Stadionun direktoru”. Sən demə, uşaq bayaqdan hokkey meydançasını deşib balıq tutmaq istəyirmiş.
Bax, bizim həyatdan umduqlarımız, siyasətdən, cəmiyyətdən, dünyadan gözləntilərimiz o uşağınkından qətiyyən fərqlənmir. Biz də hokkey meydançasında balıq axtarırıq. Ancaq orada heç hokkey şaybası da görən olmayıb. Dünən REAL Hərəkatının partiyaya çevrilməsi xəbərini oxudum. Gizli yolla bu işi, nəhayət, görüblər. REAL-çılar arasında şəxsən tanıdığım bir neçə gənc var. Olduqca istedadlıdırlar. Ancaq faydası nədir? Elə bil çinar toxumunu aparıb Böyük Səhraya səpmisən. Eyni zamanda ötən illər göstərdi ki, bu qurum da başqa ənənəvi müxalifət idarələrimizdən fərqlənmir, burada da hamı bir nəfərə ümid edir. Həmin “Xilaskar”, “Ağ atlı oğlan” türmə divarlarını yarıb gələcəkdir, Oğuz elində yetmiş gün toy-bayram olacaqdır, axırda isə padşahın qızını Keçələ ərə verəcəklər. Biz də o toyda iştirak edib plov yeyəcəyik, dadı damağımızda, düyüsü bığımızda qalacaqdır. Onlar yeyib-içib yerə, biz yeyib-içib göyə köçəcəyik.
Çox pessimist oldu, eləmi? Üzrlü sayın, bugünlərdə optimizm həblərim qurtarmaq üzrədir. Yaz depressiyası içindəyəm. Urusların bayramının çıxmasını gözləyirəm. Ondan sonra başımdakı buludlar da dağılacaqdır, yazılarımıza Günəş doğacaqdır. Asif Ata demişkən, qaranlıqlar yarılsın! Sözgəlişi, yüz ildə bir nəfər abırlı filosofa oxşayan adam yetişdirmişdik, o da içimizdə havalanmışdı, başına bir dəstə dəlini toplayıb təzə kalendar yazırdı. Axırda aparıb təpəsi üstdə basdırmaq istəmişdilər, deyəsən arvad-uşağı imkan vermədi.
Mənə görə bir millətin inkişaf səviyyəsini öyrənmək üçün ilk növbədə onun küçə süpürgəçilərinə baxmaq lazımdır. Teatr qarderobdan başlayır, millət isə küçə süpürgəçisindən (afyorizm düzəltdim, kimə lazımdırsa götürüb Laroşfukonun, Didronun, Əhəd Abıyevin adından hara istəsə bassın, halallıq verirəm). Norveçdə küçə süpürgəçisi 5000 avro maaş alır. Braziliyada isə bir küçə süpürən qadın var, çox qəşəng imiş, instaqramda şəkillərini paylaşanda camaatın ağlı uçurmuş. Rita Mattos adıyla internetdə axtarın, baxın. Rusiyada isə Platonov kimi min ildə dünyaya bir dəfə gələn dahi yazıçını küçə süpürgəçisi işlədib, romanlarını çap etməyib faktiki acından öldürmüşdülər. Bizdə də onların maaşı 125 manatdır. Üstəlik, yollarda maşınla vururuq. Hər il neçə küçə süpürgəçisi qəhrəmancasına həlak olaraq uca milləti zibil içində buraxıb gedir.
Elə bilirsiniz, hökumət bu vəziyyətdən çıxış yolu axtarmadı? Qətiyyən. Uzaqgörən, yolaverən, tüpdağıtmaz, topyarıtmaz və sairə hökumətimiz vardır. Ona görə də qərar verildi, süpürgəçilər ən yeni texnikalarla təmin olundular. Əlbəttə, yalandan yazıram. Onlara yanıb-sönən yolka işıqları ilə bəzənmiş jiletlər verdilər. Yol polisinin rəisi şəxsən yeni yolka-süpürgəçilərin qırmızı lentini kəsərək açılış törənində onlara uzun ömür, can sağlığı, maşınla toqquşarkən yastıqlarının yüngül olmasını arzu elədi. Nəticə varmı? Yoxdur. Deyir dünən daha bir süpürgəçini maşınla vurub öldürüblər. Hərçənd onu yazan saytın indiyə qədər o qədər gopunu oxumuşuq, bəlkə bu da yalandır.
Kaş yalan olsun. Hər kəs axşam evinə-eşiyinə, balalarının yanına gedə bilsin, zənbili də dolu olsun, əllərində boş yer qalmasın, qapını arxasıyla açsın, ilahi, amin! (deyilənə görə, ateistin duası bizim torpaqlarda daha keçərlidir).