Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bu günə bu gün çoxumuzun qarşısına çıxsa, üzdən tanımarıq. Çünki adamı heç vaxt görməmişik, görsək də, şəklini görmüşük. Mediatik adam deyil Babayev.
Zərdab rayonu kiçik, kasıb rayon olduğundan, yəqin ki, Bakının ətraf qəsəbələrindən birinin İH nümayəndəsi daha ambisiyalı və imkanlıdır, nəinki Zərdabın başçısı.
Bəlkə də Lütvəli Babayevin adının hərdən acgözlük və tamahkarlıqda hallandırılması sırf bu üzdəndir. Adamın rayonu kasıbdır, camaatın, o cümlədən başçının yaxşı dolanışığı yoxdur, ona görə də rayon rəhbəri “xırda işlər”lə məşğul olur ki, 3-5 manat ehtiyatı olsun.
Ola bilər ki, elə ona görə bir ara o boyda vəzifə yiyəsinin adını sosial şəbəkələrdə “Lütvəli” yerinə “Lüt Vəli” yazırdılar, başçının kasıblığına işarə edirdilər.
Hər halda, cənab Babayev başqa başçılar, vəzifə yiyələri kimi varlı-hallı, imkanlı olsaydı, istər öz rayonunda, istərsə də Bakıda, Sumqayıtda, Gəncədə gəlirli obyektlərə sahiblik etsəydi, şəhid atasının 500 manatına tamah salmazdı.
Bəlkə elə deyil, yazıq başçını şərləyirlər?
Amma vətən yolunda əziz oğlunu torpağa vermiş ata yalan danışarmı? Ağıl kəsən söhbət deyil.
Bir kasıb, fağır adamın o boyda böyük vəzifəli şəxslə dirəşməsi sıradan deyil. Bu, adamın cana doyduğunun, üzləşdiyi haqsızlığı həzm edə bilməməsinin göstəricisidir.
Şəhid atası deyib: “Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Oğlum Nurlanın yas mərasimini yola vermək üçün Zərdab rayon hərbi komissarı bizim ailəyə 500 manat pul vermişdi. Həmin pulu icra başçısı məndən aldı ki, oğluna qəbir daşı düzəltdirirəm, ora xərcləyəcəyəm”.
Təsəvvür edin, başqa rayonlarda olsaydı, İH başçısı, prokuror, rəis, məhkəmə sədri və digər bu kimi vəzifə yiyələri şəhid atasını qırağa çəkər, cibinə 3-5 yüz manat qoyar, “bu, bir şey deyil, kişi, amma götür, dərdinə-oduna ver, qonaq-qaranı yola sal, məclisini urvatlı elə” deyərdilər.
Amma şəhid ailəsinə verilmiş 500 manat pul Lütvəli müəllimin gözünə nə qədər böyük görünübsə, hesab edib ki, onu onlardan alsın, öz dərdinə-oduna xərcləsin.
Həm də təkcə bu deyilmiş, başçı bununla kifayətlənməyib. Şəhid atasının dediyinə görə, Babayev şəhid Nurlanın qəbir daşının düzəltdirilməsi adı ilə rayonda bütün idarə və müəssisələrdən pul yığıb və çox hissəsini özü mənimsəyib.
Bəlkə də sevinmək olardı ki, İH başçısı yığılan pulun tamamını mənimsəməyib, bir hissəsini şəhidin xatirəsinin əbədiləşdirilməsinə xərcləyib. Ancaq başqa bir məsələ var: bu pul artezian quyusunun qazılmasına, yaxud kəndlərarasın yolların abadlaşdırılmasına ayrılmş maliyyə vəsaiti deyil axı, ona, bu ölkədə normaya çevrilmiş bir şəkildə yan gözlə baxmaq mümkün olsun. Bu şəhidin adıyla toplanmış puldur və bir qəpiyinə tamah salmaq təkcə dünyəvi qanunlar və dini baxımdan günah deyil, həm də sırf mənəvi, vicdani baxımdan qəbahətdir.
Bu işə qol qoyan adamdan nə el ağsaqqalı olar, nə də dövlət məmuru. Bu, ömürlük töhmət deməkdir.
Bu, Qasım bəy Zakirin satirik şeirindən tanıdığımız Xandəmirovluqdur. O Xandəmirov ki, Qasım bəy deyirdi, “çaldı, çapdı mahalı, o ki var özün tutub…”
Görün, adam özünü hansı günə qoyub ki, şəhid atası ilə qan alverinə girib, ona deyirmiş, oğlunun cəsədinin ekspertizada yarılmasına o imkan verməyib və bu əməliyyatın qiyməti 3000 manat edir.
Demək, başçı mane olmasaymış, şəhidin cəsədini yarmaq adı ilə ailəni şantaj edəcək, pul alacaqlarmış. Başçı bu işə qarışıb və ailəni “qabağa salıb”. Ortada 3 min manat söhbəti var…
Yəni bir rayonun başçısı bilir ki, onun rəhbərlik etdiyi rayonda həkimlər belə bir qanunsuz hərəkət edir, “cəsədyarma” şantajından istifadə edərək, pul qazanırlar (Allah kəssin elə qazancı) və o, bunu normal sayır, heç bir tədbir görmür.
Yazının sonunda Lütvəli Babayevi Zərdabda İH başçısı vəzifəsində işlədənlərə çağırış-filan etmək niyyətində deyiləm. Amma gəmiçilikdə bir qayda var, okeanda təlatüm artdıqda, qəza təhlükəsi yarandıqda, “ballast” dedikləri yükləri suya atırlar.
O başçını şəhid atasından 500 manat qamarlayan yerdə görüblər, yenə də özünüz bilərsiniz…